40 il əvvəl 6 ərəbin Londonda iranlı diplomatları girov götürməsi vaqiəsi - Elçiyə zaval olmaz, olarsa, cavabı olar - FOTO

40 il əvvəl 6 ərəbin Londonda iranlı diplomatları girov götürməsi vaqiəsi - Elçiyə zaval olmaz, olarsa, cavabı olar - FOTO
15:27 5 Yanvar 2020
101 Dünya
Ölkə mətbuatı
A- A+

Düz 40 ildir ki, İran Qərb superdövlətləri ilə, İsraillə, ərəb ölkələri ilə qarşıdurmadadır. Bunun əsas səbəbi odur ki, 40 il əvvəl hamıyla, ətraf ölkələrlə dil tapmağa çalışan İran şahı Pəhləvinin devrilməsindən sonra hakimiyyətə gələn yeni qüvvələr dünya imperialistləri ilə konfrontasiya getmək, ayrıca öz ölkələrini superdövlətə çevirmək, öz inqilablarını başqa ölkələrə ixrac etmək yolu seçdilər. 

Ona görə də vaxtaşırı olaraq İranla hansısa bir ökənin münasibətləri ciddi şəkildə gərginləşir, tərəflər müharibə həddinə gəlirlər. Bu sırada səfirliklərə qarşı törədilən aktlar da var. Vaxtilə İran inqilabçıları ABŞ səfirliyinin işçilərini uzun çüddət girovluqda saxladıqları kimi, İranın da səfirliyinin ələ keçirilməsi və əməkdaşların girov saxlanması hadisələri də olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, belə olaylardan biri 1980-ci ilin aprelində İngiltərənin paytaxtı Londonda baş verib. Özlərini "Ərəbistanın azadlığı uğrunda demokratik hərəkat"ın üzvləri adlandıran 6 ərəb terrorçu İran səfirliyinin Londonun Cənubi Kensinqton rayonunda yerləşən binasına hücum ediblər. Terrorçular səfirliyin 26 əməkdaşını aprelin 30-dan mayın 5-nə qədər girovluqda saxlayıblar.

Картинки по запросу Захват иранского посольства в Лондоне

Tapança-pulemyotlarla, "Brauninq" markalı tapançalarla və əl qumbaraları ilə silahlanmış terrorçular səfirliyin binasına hücum edərkən, binanın Trevor Lokk adlı mühafizəçisi onlara müqavimət göstərməyə çalışıb və "həyəcan düyməsi"ni basmağa macal tapandan az sonra ələ keçib. Lokk öz tapançasından istifadə edə bilməyib, amma terrorçular da onun silahını tapmayıblar.

Hücumçular binanı tutandan sonra girovların hamısını bir zala yığıblar. Girovların arasında jurnalistlər və Bi-Bi-Si-nin səs operatoru da olub.

Həyəcan siqnalı alındıqdan və səfirlikdən gələn atışma səsləri eşidildikdən dərhal sonra səfirliyin yerləşdiyi nahiyə mühasirəyə alınıb. London polisi ilə yanaşı, hadisə yerinə D-11 və S-13 (terrorçuluğa qarşı xüsusi patrul qrupları) və S-7 (Skotland-Yardın texniki dəstək xidməti) qüvvələri gəliblər. Polisin nümayəndələri terrorçularla danışıqlara başlayıblar.
Saat 15.15-də terrorçular ilk tələblərini irəli sürüblər: mayın 1-dən gec olmayaraq İrandakı türmələrdə cəza çəkən yoldaşlarından 91 nəfər azad edilməlidir, yoxsa səfirlik binası partladılacaq.

Картинки по запросу marqaret tetçer

O zamanlar İngiltərənin baş naziri olan Marqaret Tetçer səfirlik binasını hücumla götürmək və girovları azad etmək barədə qərar qəbul edib, ancaq bu, diplomatik əlaqələrə dair Vyana konvensiyasının pozulması sayılıb. Girovların azad edilməsi üzrə əməliyyatların ümumi rəhbərliyi COBR (Cabinet Office Briefing Room) qərargahına həvalə edilib. Bu qərargaha Böyük Britaniyanın daxili işlər naziri Uilyam Uaytlou rəhbərlik edib.

Hadisə yerinə əks-kəşfiyyat xidmətinin 22-ci polku (60 nəfər) da gəlib və əməkdaşlar qonşu binalarda qərargah quraraq, hücuma hazırlıq işlərinə başlayıblar.

Saat 16.30-da terrorçular Fəridə Müzəffərian adlı girovu buraxıblar. Sonrakı günlərdə onlar daha dörd girovu azad ediblər.
Mayın 1-də polislər səfirliyin telefon rabitəsini kəsiblər və terrorçulara qərargahla səhra telefonu ilə əlaqə saxlamaq imkanı saxlayıblar. Saat 11.15-də terrorçular Kris Kramer adlı ingilis girovu azad ediblər.

Həmin gün texniki mütəxəssislər səfirliyin binasına dinləmə qurğuları yerləşdirməyə başlayıblar.

Günün ikinci yarısında terrorçuların lideri yeni tələblər irəli sürüb, kütləvi informasiya vasiitələrində çıxış etmək imkanı yaradılmasını istəyib.

Mayın 2-də səhər saat 09.30-da terrorçuların başçısı BBC şirkətinin təmsilçisi ilə görüş tələb edib. Həmin günün axşamı onun bəyanatı "BBC Radio 2" kanaıyla efirə verilib.

Mayın 5-də terrorçular 45 dəqiqə ərzində onlara ərəb ölklərindən birinin səfiri ilə əlaqə yaratmaq imkanı verilməsini tələb edib, hədələyiblər ki, əks təqdirdə girovlardan birini öldürəcəklər.

Картинки по запросу Захват иранского посольства в Лондоне

Bu tələb yerinə yetirilməyiib və saat 13.45-də binadan üç güllə səsi gəlib. Terrorçular xəbər veriblər ki, girovlardan birini güllələyiblər. Saat 18.20-də səfirliyin mətbuat attaşesi Abbas Lavazaninin meyidi küçəyə atılıb. Polisin qorumasıyla iki tibb işçisi xərəklə binaya yaxınlaşıb, meyidi götürərək təcili yardım maşınına yerləşdiriblər.

Girovun öldürülməsi situasiyanı daha da gərginləşdirib və Marqaret Tetçeri əməliyyatın başlanması barədə əmr verməyə sövq edib. 19.07-də Mİ-5-in 22-ci polkunun komandiri polkovnik-leytenant Mayk Rouz əmri qəbul edib.

Saat 19.23-də eyni zamanda bir neçə tərəfdən səfirlik binasına hücum başlanıb. Hücumda Mİ-5-in iki əkiz qrupu iştirak edib.

Картинки по запросу Захват иранского посольства в Лондоне

Red Team - "Qırmızı komanda" binaya damdan və yuxarı mərtəbələrdən hücum edib. Dörd nəfərdən ibarət üç qrup binaya üçüncü və dördüncü mərtəbələrin pəncərələrindən keçib.

Картинки по запросу Захват иранского посольства в Лондоне

Dördüncü qrup binanın şüşə damını sındıraraq içəri daxil olub.

Blue Team - "Mavi komanda" (komandiri kapral Con Makeliz) binanın fasadından, birinci mərtəbənin pəncərələrindən və zirzəmidən hücum edib. Qonşu binalarda müşahidəçilər və snayperlər yerləşdirilib.

Döyüşçülərin binaya hücumundan əvvəl pəncərələrin çərçivəsinə yerləşdirilmiş partlayıcı maddələr partladılıb. Partlayışlar gülləkeçirməz şüşələri dağıdıb, ancaq yanğın ocaqlarının əmələ gəlməsi hücumçular üçün gözlənilməz olub. Partlayışlardan dərhal sonra binanın daxilinə işıqsaçan, gurultu yaradan bombalar, gözyaşardıcı tüstü qumbaraları atılıb.

Terrorçuların diqqətini yayındırmaq üçün hücum danışıqlar zamanı başladılıb. Həmin vaxt terrorçuların lideri London mərkəzi polis dairəsinin nümayəndəsi ilə telefonla danışırmış.

Mİ-5 döyüşçüləri otaqları bir-bir yoxlayıblar. Qonşu binadakı müşahidəçilər onlara terrorçuların yerdəyişməsi barədə müntəzəm məlumat veriblər.

Hücum başlanan kimi əsir götürülmüş konstebl Lokk gizlətdiyi tapançasını çıxararaq, onunla bir otaqda olan terrorçuların liderini saxlamağa cəhd göstərib. Lokk onun diqqətini yayındırıb və terrorçu döyüşçülərdən biri tərəfindən güllələnib.
Hücum zamanı ikinci mərtəbədə olan terrorçular əlaqə qovşağı otağındakı girovları güllələməyə başlayıblar. Nəticədə Əli Səmədzadə adlı girov öldürülüb, Əhməd Dağdar isə ağır yaralansa da, sağ qalıb.

Bütün əməliyyat 17 dəqiqə çəkib. İlk girovlar binadan saat 19.28-də çıxarılıb. Əməliyyatın başa çatdığı isə 19.53-də elan edilib.

Bütövlükdə "Nimrod" əməliyyatı zamanı iki girov həlak olub (biri hücumdan əvvəl, biri isə hücum zamanı terrorçular tərəfindən güllələnib), daha iki girov isə yaralanıb. Döyüşçülərdən biri yanıq xəsarəti və zədə alıb.

Картинки по запросу Захват иранского посольства в Лондоне

6 terrorçudan 5-i hücum zamanı öldürülüb. Onların axırıncısı, 22 yaşlı Fövzi Bədavi Nejad isə yaralanıb və girovların arasında gizlənib. O, girovlarla birlikdə səfirlik binasından çıxmağı bacarıb. Ancaq girovların hamısının qoluna qandal vurulduğu və daxili həyətə çıxarıldıqdan sonra yerə uzadıldıldığı üçün Fövzi aradan çıxa bilməyib, tanınıb və həbs edilib.
Böyük Britaniya hakimiyyəti həbs olunan terrorçunu İrana verməkdən imtina edib və bunu onunla əsaslandırıb ki, İranda onu edam edəcəklər. 1981-ci ilin yanvarında Fövzi Nayad ömürlük həbsə məhkum edilib. Ancaq 28 il cəza çəkdikdən sonra,2008-ci ildə onu azadlığa buraxıblar, ad-soyadını dəyişdiriblər və təhlükəsiz bir yerdə yaşamasını təmin ediblər.

Картинки по запросу Fowzi Badavi Nejad)

Əməliyyatdan sonra polis konstebli Trevor Lokk Georq medalıyla təltif edilib, Mİ-5 döyüşçüləri də mükafatlandırılıb.

Hücum və yanğın nəticəsində İran səfirliyinin binası 790 min və ya 1,85 milyon dollar həcmində ziyan görüb. Bina bir neçə il istifadə olunmayıb və yalnız təmirin tam başa çatmasından sonra yenidən 1993-cü ilin dekabrında rəsmən açılıb. 2011-ci ildə İranda siyasi təlatümlər baş qaldırdığı zaman etirazçılar Tehranda Böyük Britaniyanın səfirliyinin binasını ələ keçirən zaman Böyük Britaniya hökuməti də İranın Londondakı səfirliyini bağlayıb.

Bəli, dövlətlərarası münasibətlərdə səfirliklər önündə aksiyalar, səfirlərin və diplomatların geri göndərilməsi, konsulluqların bağlanması halları yayğın olsa da, prinsipcə, zavaldan uzaq olmalı olan elçilərin girov götürülməsi halları da olur. İranlılar da vaxtilə başqa ölkələrin elçilərini girov götürüb, hətta kütləvi şəkildə öldürüblər (Qriboyedov və daha 35 nəfəri), onların da səfirlikləri hücuma məruz qalıb.

Bir məsələ dəqiqdir ki, səfirliklərə hücum heç vaxt cavabsız qalmır. General Qasım Süleymani böyük ehtimalla ABŞ-ın İraqdakı səfirliyinə hücum edən iranpərəst qüvvələrin ekstremal aktının qurbanı oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR