İslamda qonaq getmək və qonaq qəbul etmək ədəbi

İslamda qonaq getmək və qonaq qəbul etmək ədəbi
19:17 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

İslam ictimai dindir. Bu din insanın fərdi müstəvidə inkişafına təkan verməklə yanaşı, həm də insanların qarşılıqlı münasibətlərini möhkəmləndirmək hesabına inam və etibar üzərində qurulmuş sağlam, möhkəm cəmiyyət yaratmağa çağırır. Islam dininin əsasını təşkil edən əxlaq normalarının və şəriət hökmlərinin böyük bir hissəsi də insanların yaxınlaşmasına, cəmiyyətdə sevgi və sayğı hisslərinin bərqərar olmasına yönəlib. Bu mənada qonaq qəbul etmək və qonaq getməklə bağlı tövsiyələr də Islamda mühüm yer tutur.

Milli.Az islam.az-a istinadən bildirir ki, hər şeydən öncə bunu qeyd edək ki, hələ Islamdan əvvəl də ərəb cəmiyyətində qonaqla rəftar zəminində bəzi ənənələr hakim idi. Ərəblər qonağa son dərəcə böyük ehtiram bəsləyir, onu göz bəbəyi kimi hər bir təhlükədən qoruyurdular. Amma bütün bu ənənələr o zamanlar dəbdə olan qəbilə təəssübkeşliyi üzərində qurulmuşdu. Yəni hər bir ərəb hər şeydən əvvəl mənsub olduğu qəbiləni təmsil edirdi. Bu mənada öz qonağına xəyanət edən və ona lazımınca xidmət göstərməyən ərəb öz qəbiləsini rüsvay etmiş olur və hamının qınaq obyektinə çevrilirdi.

Islam dini qonağa hörməti yeni bir müstəviyə keçirdi. Islam qapıya gələn hər kəsi "Allah qonağı" adlandıraraq, qonağı Allaha xatir sevməyi və Allaha xatir əzizləməyi tövsiyə etdi. Artıq bütün milli, irqi təəssüblər kənara atılmışdı. Qonaq Allahın bəndəsi idi və onunla "bəndəni sev, Allaha xatir" prinsipi əsasında rəftar edilməli idi. Varlı ya kasıb, yaxın ya uzaq, çağırılmış ya çağırılmamış olmasına baxmayaraq, hər bir qonaq ehtirama layiq idi.

Həzrət Mühəmməd Peyğəmbər (s): "Allaha və qiyamət gününə iman gətirən hər kəs qonağa ehtiram göstərməlidir", "Qonaqsız evə mələklər girməzlər" - buyurmuşdu. Imam Əlinin (ə) kədərli göründüyü günlərin birində bunun səbəbini soruşanlara belə cavab vermişdi: "Bir həftədir ki, evimə qonaq gəlmir. Qorxuram ki, olmaya, Allah məni öz mərhəmətindən kənar edib".

Qonaq qəbul etmək insan ruhunun ən mənfi xislətlərindən sayılan simiclik hissinə qalib gəlməyə kömək edir. Həzrət Mühəmməd Peyğəmbər (s) qonağa yemək ikram edəcəyi təqdirdə kasıblayacağından qorxanlara cavab olaraq buyurmuşdur: "Bıçaq dəvənin hürgücünə hansı sürətlə batırsa, başqasına yemək ikram edən şəxsin ruzisi bundan daha artıq sürətlə ona yetişər". Xalq arasında atalar misalı kimi dolaşan "Qonaq gələndə ruzisini də özü ilə birlikdə gətirər" ifadəsinin də kökü hədisə əsaslanır. Hətta hədisin ardında Peyğəmbər belə buyurur: "Qonaq gedəndə isə ev sahibinin günahlarını özü ilə aparar".

Qonaq qəbul etmək nə qədər bəyənilən əməldirsə, dəvəti qəbul edib qonaq getmək də bir o qədər savabdır. Hətta hədislərdə deyilir ki, bir kəs öz din qardaşının evinə çağırılsa, (müasir hesabla 8-10 km.) uzaqda olsa belə, dəvəti qəbul edib getməlidir; çünki bu əməl dinin bir hissəsidir. Islam müqəddəsləri möminin mömin üzərindəki hüquqlarından danışarkən, dəvət olunduğu təqdirdə qəbul edib qonaq getməyi də bu sırada qeyd etmişlər. Yenə Islam Peyğəmbərinə mənsub olan hədislərin birində deyilir: "Qonaqlığa dəvət olunan, amma getməyən, yaxud getsə də, orda yemək yeməyən insan dəvət sahibinə qarşı zülm etmiş olur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR