İlham Əliyev: "Buna görə "Azərenerji"nin rəhbərliyi tamamilə dəyişdirildi"

İlham Əliyev: "Buna görə "Azərenerji"nin rəhbərliyi tamamilə dəyişdirildi"
18:53 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bu gün prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri təyin edilməsi münasibətilə qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə prezident ölkənin enerji təminatında əldə edilən uğurlarla yanaşı nöqsanları da yada salıb. 2018-ci ildə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən və bütün ölkəni işıqsız qoyan qəzadan danışıb, “Azərenerji” ASC-nin keçmiş rəhbərliyinin fəaliyyətindən bəhs edib:

"Bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.

Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək.

Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/301239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR