“SOCAR Türkiye” Azərbaycan və Türkiyə strateji əməkdaşlığında

“SOCAR Türkiye” Azərbaycan və Türkiyə strateji əməkdaşlığında
15:12 8 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Türkiyə arasındakı münasibətlərinin sürətlə inkişafı regional tərəqqi və sabitliyin əsas təkanverici qüvvəsinə çevrilib. Tarixin dərinliklərindən gələn dostluq, etimad və hərtərəfli bağlar gücünü eyni soy-kök, ortaq mədəni, dini dəyərlərdən alır. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq tanımladığı dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə münasibətləri kəmiyyət və keyfiyyətcə yeni müstəviyə keçmişdir. Bu münasibətlər sadəcə iki qardaş ölkənin deyil, həm də bütünlükdə Türk Dünyasının inkişaf və güclənməsində mühüm amillərdən biridir.

İki qardaş ölkə arasındakı mükəmməl siyasi münasibətlər qədər iqtisadi sahədə də əlaqələrin daha da güclənməsinə tələb var idi. Azərbaycan və Türkiyənin potensialı qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına, enerji sahəsindəki geniş perspektivli işlər aparmağa hər cür imkan verirdi. Bu gün ölkələrimiz beynəlxalq aləmdə böyük rezonansa səbəb olan silsilə layihələr həyata keçirirlər. Azərbaycan Dövlət Neft şirkəti SOCAR qardaş Türkiyənin gücünə inanaraq bu layihələrin əsas "lokomotivi" kimi ön plana çıxıb. SOCAR "Bir millət, iki dövlət" fəlsəfəsini əməli şəkildə həyata keçirmək üçün son illərin ən iddialı işlərinə imza ataraq, adını enerji tarixinə böyük hərflərlə yazdırmağa başlayıb.

Enerji sektorunu yaxından izləyənlər blirlər ki, SOCAR-ın Türkiyədə gerçəkləşdirdiyi layihələr "SOCAR Türkiye" şirkəti tərəfindən həyata keçirilməkdədir. Bu şirkət qardaş ölkənin ən böyük xarici sərmayedarıdır, yatırdığı investisiyaların toplamı 16 milyard dolları aşaraq 19.5 milyarda çatmaqdadır. Bu rəqəm Azərbaycanın indiyədək bir ölkəyə qoyduğu ən böyük investisiyadır. Dünyada müşahidə edilən iqtisadi yavaşlama trendinə, davam etməkdə olan ticarət savaşlarına, geo-siyasi risklərə rəğmən "SOCAR Türkiye" kənara çəkilməyərək tərəddüd etmədən, inamla başlatdığı layihələri həyata keçirməyə davam etməkdədir.

Bu qətiyyətin necə köklü bir tarixə dayandığını Türkiyə Cümhuriyyətinin 96-cı quruluş ildönümündə "SOCAR Türkiye" tərəfindən hazırlanmış özəl reklam filmində bir daha gördüm. Filmin izləyicini duyğulandırıb, gözlərini yaşardan səhnələrində Qurtuluş Savaşında türk xalqına yardıma gələn Azərbaycan əsgəri iki ölkə arasındakı qırılmaz bağları bir daha ortaya qoyur. Anadoluya yolladığı övladı şəhid olan azərbaycanlı ananın türk əskərinə sarılaraq "Vətən sağ olsun" dediyi anda o tək millət olma duyğusunu hiss etməmək mümkün deyil.

Filmdə çiyin-çiyinə savaş meydanlarında qəhrəmanlıq dastanları yazan o insanların davamçıları bu gün artıq iqtisadi sahədə nəhəng miqyaslı işlərə imza atırlar. SOCAR qardaş Türkiyənin iqtisadiyyana 2008-ci ildə "Petkim" tenderini qazanaraq giriş yapmış, son 10-12 ildə bir-birindən əhəmiyyətli yeni layihələrə start vermişdir. 2.04 milyard dollara alınan Petkim qısa bir zaman içində Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş digital neft-kimya quruluşuna çevrildi. Keçən illər ərzində bu ultra-modern sənaye nəhənginə tender bədəlinin hardasa yarısı qədər - 1 milyard dollarlıq əlavə yatırım qoyulmuşdur. Bu gün 2 min 500 insanın çalışdığı "Petkim"in 15 əsas və 6 köməkçi istehsal təsislərində 60 adda müxtəlif məhsullar istehsal edilir. İllik 3.6 milyon ton istehsal həcminə sahip olan "Petkim" məhsullarını 78 ölkəyə satır.

Baxdığımız bu dövrdə "SOCAR Türkiye"nin yeni böyük layihələrə start verdiyini görürük. Türkiyəyə eyni nöqtəyə yapılan ən böyük real sektor yatırımı olan "STAR" neft emalı zavodu iki ölkə prezidentləri - İlham Əliyev və Recep Tayyip Erdoğanın iştirakı ilə 19 oktyabr 2018-ci ildə açılmışdır. İldə 10 milyon ton xam petrol emal etmə gücünə sahib "STAR" zavodu Türkiyənin cari açığını hər il 1.5 milyard dollar azaldacaq. Azərbaycan isə hər il 500 milyon dollar gəlir əldə edəcək.  6.3 milyard dollar yatırımla həyata keçən "STAR" 2019-un ortalarından etibarən tam gücü ilə çalışmağa başlayıb. Neftayırma və neft-kimya inteqrasiyasını həyata keçirən STAR zavodu Türkiyənin ilk "Strateji Yatırım Təşviq Sertifikatı"na sahibdir. Türkiyə Azərbaycanın bu yatırımının stratejik önəminin fərqindədir və belə bir sertifikat verməklə STAR zavoduna göstərdiyi güvən və dəyəri ortaya qoymuşdur. Türkiyə üçün bu yatırımın strateji əhəmiyyəti həqiqətən də misilsizdir - STAR qardaş ölkənin emal edilmiş neft məhsullarına olan ehtiyacın 25 faizini təkbaşına qarşılayacaq gücə malikdir. Türkiyənin cari açığında xeyli yer tutan dizel, nafta, jet yanacağı və LPG kimi məhsullar artıq bu zavodda istehsal edilir.

"SOCAR Türkiye"nin İzmir yaxınlığındakı Aliağaya qoyduğu yatırımlar önəmli yerə sahibdir. Buna ən bariz misal ildə 1.5 milyon TEU konteyner həcmi ilə Egey bölgəsinin ən böyük terminalı olan "SOCAR Terminal", "Petkim RES" külək enerji stansiyası, "SOCAR Dağıtım" və "SOCAR Depolama" layihələridirlər. Qeyd etmək lazımdır ki, bütün yatırımlar bir-birini tamamlayacaq şəkildə həyata keçirilir. 2019-cu ildə "Bursagaz", "Kayserigaz", "SOCAR Enerji Ticaret", "Enervis" və "Millenicom" kimi şirkətlərlə daha da böyüyən "Socar Türkiye" investisiyaları bütünləşdirmə yolunda ciddi addım atdı. Türkiyə 2007-ci ildən bəri "Şah Dəniz", 2018-dən isə TANAP xəttilə "Şah Dəniz 2" sahələrindən qaz almaqdadır. Təbii qazın nəqli və ticarətilə bərabər şirkət "Bursagaz" və "Kayserigaz"la təbii qazın paylanması sahəsinə də girdi. Bununla da zəncirin bütün halqalarını tamamlanır və "SOCAR"ın təbii qaz strategiyası ilə böyük bir bütünlük təşkil etməyə başlayır. Alternativ telekommunikasıya sektorunun lider şirkətlərindən olan "Millenicom" isə elektronik kommunikasiya və sürətli internet rabitəsi ilə "SOCAR Fiber" ilə böyük bir bütünlük içindədir.

Ötən ilin ən böyük hadisələrindən biri də Türkiyənin qərbindəki Edirne vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılması oldu. Azərbaycan və Türkiyə arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlaması TANAP üçün yol açmış və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin dünyada enerji təhlükəsizliyindəki rolu və önəmi bir daha ortaya çıxmışdır. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətinə, Avropanın enerji təhlükəsizliyindəki yerinə görə ona təkcə enerji layihəsi olaraq deyil, həm də bir sülh layihəsi kimi baxılır. Azərbaycandan İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizinin ən önəmli halqası olan TANAP xətti ilə Türkiyəyə qaz nəqli 2018-ci ilin iyun ayında başlamışdı. 6.5 milyard dollarlıq yatırım olan TANAP layihəsinə "Enerjinin İpək Yolu" deyilməsi də təsadüfi deyil. Cənubi Qafqaz Boru Xətti (SCP), Transanadolu Boru xətti (TANAP) və Transadriatik xətti (TAP) birləşərək Cənub Qaz Dəhlizini təşkil edərək Azərbaycan təbii qazını Avropaya nəql edəcək.

İpsalada keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin bu açıqlaması Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl ifadəsidir, məncə: "Türkiyənin gücü bizim gücümüzdür. Türkiyənin qüruru  bizim qürurumuzdur. Biz birlikde bundan sonra da iki qardaş ölkə olaraq qol-qola irəliyə gedəcəyik. Bizim önümüzdəki bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu neheng layihələr bizim gücümüzü göstərir".

Həqiqətən də, enerjidə regional güc olmağı hədəfləyən Türkiyə Azərbaycanın dəstəyini hər zaman hiss etmiş və bunu əyani şəkildə görmüşdür. 2020-ci ildə "SOCAR Türkiye" şirkətinin dost və qardaş ölkəyə qoyduğu yatırımlar öz müsbət təsirlərini həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatlarına göstərəcəklər. Görülən işlər, irimiqyaslı layihələr Azərbaycan və Türkiyə üçün həyati əhəmiyyət kəsb edirlər. Enerji körpüsü olma yolunda sürətlə irəliləyən Türkiyə həm də Azərbaycanın enerji ehtiyatlarının dünyaya açılmasında müstəsna rol oynayır.

Güclü iqtisadiyyat, stabil böyümə və məşğulluğun artması üçün istehsalın və birbaşa yatırımların böyük əhəmiyyətə malik olması şübhəsizdir. Bu baxımdan ölkəmizin Türkiyə iqtisadiyyatına qoyduğu investisiyaların stratejik sahələrdə olması qardaş ölkənin xaricdən asılılığını və cari açığını azaltması təsadüfi deyil. Bütün bunlar sarsılmaz dostluq və möhkəm qardaşlıq bağlarının nəticəsi olaraq ortaya çıxan planlı bir siyasətdir və bu siyasət Yeni ildə də özünü bariz olaraq göstərməyə davam edəcək. Bu səbəbdən yazımı "SOCAR Türkiye" şirkətinin İzmirdə, Aliağada həyata keçirməyi planladığı yeni bir neft-kimya kompleksinin layihəsi ilə tamamlamaq istəyirəm. Bu kompleksin 2023-cü ildə - Türkiyə Cumhuriyyətinin qurulmasının 100-cü ildönümündə istifadəyə verilməsi planlaşdırılır. Bir sözlə, "SOCAR Türkiye"nin gördüyü bu böyük işlər də "Bir millət, iki dövlət" arasında bu qədər düşünülmüş, planlı və faydalı ola bilər. Eynilə "SOCAR Türkiye"nin devizindəki kimi - "Birlikdə çox daha güclü olaraq"...

İbrahim Nəbioğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/816201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR