Ermənistan böhranla üz-üzə: tənəzzülün ilk əlamətləri

10:23 17 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


2015-ci ilin İrəvan üçün ağır il olacağı proqnozlaşdırılır. Ölkə iqtisadiyyatında inkişaf müşahidə edilmir. Rusiya rublunun dəyərsizləşməsi bu vəziyyəti daha da mürəkkəbləşdirib. Əvvəllər xaricdən külli miqdarda yardım alan Ermənistanın bu ildən ondan məhrum olacağı bildirilir. Bu isə əhalinin maddi vəziyyətinə ciddi təsir göstərəcəkdir. Digər tərəfdən, daxili imkanların məhdudluğu əlavə inkişaf mənbələrini axtarıb tapmağa imkan vermir. Faktiki olaraq bütün iqtisadi sistem kənar amillərdən asılı vəziyyətdədir. Rəsmi İrəvanın yeritdiyi qeyri-konstruktiv xarici siyasət onun regional əməkdaşlıq layihələrində iştirakını imkansız edir. Bu istiqamətdə Ermənistan rəhbərliyinin hansısa dəyişiklik etmək istəyi də hiss olunmur. Onun hərəkətsizliyi ölkəni tam tənəzzülə aparıb çıxara bilər.
Yeni il: çətinliklərin başlanğıcı
Ekspertlər 2015-ci ilin Ermənistan üçün xeyli mürəkkəb olacağını proqnozlaşdırırlar. Onların arqumentləri iqtisadi sahə ilə yanaşı, geosiyasi aspekti də əhatə edir. Məsələnin maraqlı tərəfi də məhz bundadır. Çünki müstəqillik əldə etdikdən sonra Ermənistanın iqtisadi vəziyyəti həmişə ağır olub. Bu dəfə İrəvan özünün yanlış xarici siyasəti və geosiyasi seçiminin əvəzini ödəməli olacaq.
Problemlərin yanvar ayından dərinləşəcəyi bildirilir. Burada Rusiya rublunun dəyərini itirməsi və neftin qiymətinin sürətlə aşağı düşməsi kimi iki amil göstərilir. Mütəxəssislər hər il Ermənistana kənardan 2 milyard ABŞ dolları həcmində pul vəsaiti göndərildiyini söyləyirlər. Onun 90%-i Rusiyadan gəlirdi. İndi bu imkan yoxdur (bax: Проблемы еще впереди, и они проявятся уже в январе / Lragir.am, 30 dekabr 2014).
Bundan başqa, artıq Ermənistandan Rusiyaya ixracat 7% azalıb. Səbəb bundadır ki, Moskvanın özü daha çox ixracatda maraqlıdır. Onun daxili bazarında dinamika xeyli aşağı düşüb. Maraqlıdır ki, Qazaxıstanın biznes dairələri prezident Nursultan Nazarbayevə müraciət edərək, Avrasiya İqtisadi İttifaqı çərçivəsində imzalanmış sazişi müvəqqəti məhdudlaşdırmağı təklif ediblər. Onlar başqa ölkələrlə ikitərəfli qaydada geniş əməkdaşlıq etmək arzusundadırlar.
Ermənistanda vəziyyət Qazaxıstandan dəfələrlə pisdir. Hətta ölkə iqtisadiyyatında bu il artımın heç 2% təşkil etməyəcəyi bildirilir. Digər tərəfdən, İrəvanın başqa ölkələrlə iqtisadi əlaqələri çox zəifdir. Doğrudur, ona başda ABŞ olmaqla Qərb yardımlar edir. Lakin indiki şəraitdə bu yolla iqtisadiyyatı dəstəkləmək mümkün deyil. Burada Ermənistanın Avropa İttifaqına assosiativ üzvlükdən imtina etməsi faktorunu da nəzərə almaq lazımdır. Brüssel çətin ki, bu addımı İrəvana bağışlasın.
Əslində, Qərbin özünün də sosial-iqtisadi vəziyyəti elə də ümidverici deyil. Yaxın illərdə orada müşahidə edilən böhranın davam edəcəyi gözlənilir. Enerji sferasında baş verən və risklərlə xarakterizə olunan proseslər əlavə çətinliklər yaradır.
İranın Ermənistana əvvəlki səviyyədə arxa duracağına da ümid azdır. Həm Tehranın özü təcrid vəziyyətindən çıxmalıdır, həm də qlobal miqyasda müşahidə edilən qeyri-sabitlik İran rəhbərliyini ehtiyatlı davranmağa məcbur edir. Təsadüfi deyil ki, erməni ekspertlər İrəvanın İran-Ermənistan-Gürcüstan-Rusiya dəmir yolu xəttinin çəkilməsi ilə bağlı ümidlərini absurd adlandırırlar. Çünki bu layihə ən tezi 5 ilə reallaşa bilər. Eyni zamanda, onun qəti olaraq həyata keçəcəyi də məlum deyil – regionda və dünyada cərəyan edən geosiyasi proseslərin məntiqi bu aspektdə ehtiyatlı davranmağa sövq edir.
Bunlardan əlavə, artıq Moskvanın rəsmi İrəvanı Qərblə "soyuq savaşa" təhrik etdiyi də bildirilir. Kreml iqtisadiyyatda yaranmış çətin vəziyyətə görə, Ermənistanın Avropaya reverans edə biləcəyindən ehtiyatlanır. İndi bir sıra ekspertlər hətta Avrasiya İqtisadi İttifaqının iflasa uğrayacağından yazırlar (bax: məs., Игорь Мурадян. Что ожидается в 2015 году / Lragir.am, 31 dekabr 2014).
Səhvlərin əvəzi: yanlış geosiyasi manevrlər və təcrid
Bu səbəblərdən Kremlin İrəvanı təsir altında saxlamaq istəyi normal qarşılanmalıdır. Burada Cənubi Qafqazın həssas geosiyasi məkan olmasını da nəzərə almaq lazımdır. Moskvanın fəallığına Gürcüstanın tamamilə nəzarətdən çıxması ehtimalının olması da təsir edə bilər. Bu halda Rusiyanın son dirəniş yeri məhz Ermənistan olur.
Bunlara görə, Moskva İrəvanla Brüsselin yuxarıda vurğuladığımız iqtisadi sahə ilə yanaşı, geosiyasi aspektdə də ortaq dil tapmasına daim maneələr yarada bilər. "Soyuq savaş" həmin kontekstdə əlverişli üsullardan biri hesab olunur. Artıq Vladimir Putin Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin vahid müdafiə mərkəzinin yaradıldığını bəyan edib. Eyni zamanda, təşkilata üzv olan ölkələrin ərazisindən Avropa istehsalı olan malların tranzitinə qadağalar qoyulub. Bu iki tədbir həmin dövlətləri Avropadan təcrid etməyə istiqamətlənmiş addımdır.
Bu şərtlər daxilində Ermənistanın hansı çıxış yolu qalır? Real olaraq heç bir xilas imkanı görünmür. Üstəlik, İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqe də onun vəziyyətini xeyli mürəkkəbləşdirir. Məlumdur ki, Azərbaycan bu problem həll edilməyincə, Ermənistanla hər hansı əlaqəni istisna edir. Regionda sosial-iqtisadi inkişafa imkan yaradan bütün beynəlxalq layihələr isə Azərbaycansız həyata keçmir. Belə çıxır ki, Ermənistanın regional miqyasda təcrid olunması bütövlükdə onun mövcudluğuna təhlükə yaradır. Rusiyada daxili iqtisadi vəziyyətin ağırlaşması bu kontekstdə İrəvanın əl-qolunu daha çox bağlayır.
Belə şəraitdə İrəvan Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinə ümid edə bilərmi? Əslində, bu, Ermənistan rəhbərliyinin çoxdankı arzusudur. Ancaq Bakı ilə Moskva daim əməkdaşlığa can atdıqlarını bəyan edir və bunu reallıqda sübut edirlər. İndiki halda isə iki dövlət arasında əlaqələrin zəifləməsi ehtimalı yoxdur. Çünki Rusiya bilir ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və verdiyi sözlərə daim əməl edir. Bu səbəbdən Bakı ilə əməkdaşlığı genişləndirmək Kremlə olduqca sərfəlidir.
Göründüyü kimi, Ermənistan Rusiya vasitəsi ilə Azərbaycana təsir etmək imkanından da məhrum olub. Ona görə də regional layihələrdə İrəvanın iştirakı mümkün deyil. Artıq erməni biznesmenlər bu gerçəkliyi tam qəbul edərək başqa yollara əl atırlar. Məsələn, onlar Gürcüstan vasitəsi ilə Avropaya çıxış üçün əlavə şəraitin yaradılmasında maraqlıdırlar. Eyni zamanda, ölkə daxilində az da olsa, qazanc əldə etməyə çalışırlar. Belə üsullarla bütövlükdə iqtisadi sistemi inkişaf etdirmək mümkün deyil. Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyətdə erməni dramı dəyərsizləşəcəkdir. Bu prosesin elə yanvar ayından başlayacağı vurğulanır. Onu deyək ki, Azərbaycan manatına nisbətdə dram xeyli dəyərdən düşüb. Onun dollar qarşısında da dəyərsizləşməsi bir həqiqətdir.
Bu proseslərin fonunda bir sıra erməni ekspertlər hesab edirlər ki, İrəvan NATO və Avropa İttifaqına üz tuta bilər. Onlar ümid edirlər ki, Avrasiya məkanında Rusiyanın təsir gücü azalacaq və onun yaratdığı inteqrasiya modelləri dağılacaqdır. Bu səbəbdən də Ermənistan indidən Qərbə üz tutmalıdır. Bu, sırf erməni xislətidir. Çünki hələlik Avrasiya İqtisadi İttifaqının taleyi məlum deyil. Digər tərəfdən, Ermənistan bu təşkilata rəsmi olaraq qısa müddətdir üzv olub. İndi əvvəllər sədaqət nümayiş etdirdiyi Rusiyaya arxa çevirib, Avropaya tərəf addım atmalıdır?
Əslində, həqiqətən də Ermənistanın dövlət olaraq çıxılmaz vəziyyətə düşdüyü bir faktdır. Bir-birinin ardınca atılan yanlış addımlar onu daxili və xarici ziddiyyətlər müstəvisinə atıb. Bu ziddiyyətlərdən çıxış yolunu isə İrəvan tapa bilmir.
Belə vəziyyət bütövlükdə regionda qeyri-müəyyənliyi artırır. Rəsmi Tbilisi bunu dərk edərək İrəvana müəyyən ümidlər verməyə çalışır. O cümlədən Avropa mallarının Gürcüstan vasitəsi ilə Ermənistan bazarına çıxarılması yolları müzakirə olunur. Məsələ ondan ibarətdir ki, Avrasiya İqtisadi İttifaqına üzvlük nəticəsində 700 adda məhsula vergi arta bilər. Rusiyada müşahidə edilən iqtisadi çətinlik uzun çəksə, bu, erməni əhalisi üçün ciddi zərbə olacaqdır. Rəsmi İrəvan bunu kompensasiya edəcək yollar arayır.
Ermənistanın görəcəyi tədbirlər müsbət nəticə verəcəkmi? İnanmaq çətindir. Çünki hazırkı şərtlər daxilində İrəvanın şansları yox dərəcəsindədir. O, bütövlükdə müstəqil dövlət qurmaq kursunu yanlış seçib. Başqalarını ittiham etməyə köklənmiş dövlətçiliyin sonu iflasdır. 
Newtimes.az

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_bohranla_uz_uze_tenezzulun_ilk_elametleri-825475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR