Qərbi Kaspi Universiteti yanğında ölən əcnəbi tələbələrlə bağlı məlumat yayıb

Qərbi Kaspi Universiteti yanğında ölən əcnəbi tələbələrlə bağlı məlumat yayıb
12:32 10 Yanvar 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

Qərbi Kaspi Universiteti ötən gecə Bakının Səbail rayonunda baş verən yanğın hadisəsi zamanı ölən Şri-Lanka vətəndaşları olan tələbələrlə bağlı açıqlama yayıb.
Universitetdən "Report"a verilən məlumata görə, ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişən 3 Şri-Lanka vətəndaşından ikisi - Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər.
"Bir qayda olaraq, bu kurslara əcnəbilər fərdi qaydada və ya bu sahədə xidmət göstərən müxtəlif Agentliklər vasitəsilə müraciət edirlər. Hazırki halda Şri Lanka Respublikasının vətəndaşları Agentlik vasitəsilə Qərbi Kaspi Universitetində həyata keçirilən ingilis dili hazırlıq kurslarında iştirak etmək istəkləri ilə bağlı müraciət etmiş və adıçəkilən əcnəbi vətəndaşlara hazırlıq kurslarının şərtləri barədə məlumat göndərilmişdir. Həmçinin Universitetin yataqxanasının olmadığı və kirayə mənzil xidməti göstərmədiyi də onlara bildirilib.
Daha sonra adları çəkilən əcnəbi vətəndaşlar 11 avqust 2019-cu il tarixli, 144 nömrəli Əmrlə 20 avqust 2019-cu il tarixindən hazırlıq kursunun dinləyiciləri sırasına qəbul edilmişlər.
Əcnəbi dinləyicilər Azərbaycan Respublikasına gəldikdən sonra özləri kirayə mənzil taparaq orada yaşayıblar.
Qərbi Kaspi Universiteti olaraq bədbəxt hadisədən təəssüf hissi keçirir və dünyalarını dəyişmiş əcnəbi vətəndaşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", ali məktəbdən bildirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/qerbi-kaspi-universiteti-yanginda-olen-ecnebi-telebelerle-bagli-aciqla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR