Türkiyəli rəsmilər Azərbaycan diplomatiyasının 100 illiyi medalı ilə təltif olunub

Türkiyəli rəsmilər Azərbaycan diplomatiyasının 100 illiyi medalı ilə təltif olunub
00:52 14 Yanvar 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təqdim olunması mərasimi keçirilib.
“Report”un Türkiyə bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik xidmət orqanlarımızın 100 illiyi ilə əlaqədar hazırlanmış film nümayiş etdirilib.
Baş konsul Nuru Quliyev Azərbaycan diplomatik orqanlarının tarixi və fəaliyyəti barədə məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik xidmət orqanlarının fəaliyyətinə xüsusi önəm verdiyini diqqətə çatdıran baş konsul bildirib ki, Azərbaycan həqiqətlərinin dünya birliyinə düzgün çatdırılmasında, o cümlədən beynəlxalq aləmdəki mövqelərimizin möhkəmlənməsində diplomatik korpus tarixi missiya həyata keçirib. O deyib ki, təltifləndirilən şəxslər əməli işləri ilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına böyük töhfələr veriblər.
Sonra medallar Qars vilayətinin valisi Türkər Öksüz, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmən, “Yeşil İğdır” qəzetinin baş redaktoru, “15 Temmuz” qəzetinin təsisçisi Cabbar Şıktaş və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acara təqdim olunub.
Sonra təltif olunanlar çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Onlar “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” xatirə medalının təqdim olunmasına görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər. Əminliklə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhkəm siyasi iradələri əsasında həyata keçirilən beynəlxalq layihələr həm dövlətlərimizin gücünü artırır, həm də xalqlarımız və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.
Vüsalə Abbasova 






Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiyeli-resmiler-azerbaycan-diplomatiyasinin-100-illiyi-medali-ile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR