Qurani-Kərimdə məsəllər niyə çəkilir?

Qurani-Kərimdə məsəllər niyə çəkilir?
23:12 19 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Məsəl" sözünün lüğətdəki mənası - bənzətmə, qissə, hüccət, ibrət, əlamətdir. Qurani-Kərimin məsəlləri insana ibrət vermək və qəflətdən oyatmaq üçün nazil olmuşdur. Misal üçün, qeybət etməyin qardaşın ətini yeməyə bənzədilməsi kimi.

Məsəllərin növləri:

1. Təzəkkür verən məsəllər. "O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır). Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər". ("İbrahim" 25).

2. Təfəkkür etməyə səbəb olan məsəllər. "Əgər Biz bu Qur'anı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr". ("Həşr" 21).

3. O məsəllər ki, idraka səbəb olar. "Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır)". ("Ənkəbut" 43).

Quranın məsəlləri üç dəstəyə bölünür:

1. O məsəllər ki, bənzətməyə oxşayır.

2. Dastana aid məsəllər.

3. Məsəllərin bir dildən başqa dilə çevrilməsinə səbəb olan məsəllər.

Bəs bu məsəllərin fəlsəfəsi nədir?

Heç bir elm məsəldən ehtiyacsız deyildir. Dərin mənalara malik olan bu məsəllər, insanın zehnində həkk olar. Adətən əxlaqi və ictimai tərbiyəvi mövzularda onlardan istifadə olunur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəzən Quran, insanların suallarına məsəllər vasitəsilə cavab verər. Misal üçün Həzrət İsa (ə) barəsində deyirdilər ki, necə ola bilər ki, Həzrət İsa (ə) atası olmadan dünyaya gəlmişdir. Quran bu suala belə cavab verir: "Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona "(canlı insan) ol!" dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş tanrılığa dəlalət edirsə, onda gərək onların hər ikisi tanrı olsunlar)". ("Ali-İmran" 59).

Allah bu məsəllər vasitəsilə dindən qaçan insanlar üçün bəhanə yeri qoymur və hüccətini tamamlayır. Bu məsəllər bir daha göstərir ki, Uca Allah nə qədər qadirdir. Allah elə insanlar xəlq edibdir ki, atası olmamışdır. Bu əməl Allah üçün asan bir işdir. Necə ki, Adəmi (ə) torpaqdan xəlq etmişdi, İsanı (ə) da atasız dünyaya gətirmişdir.

Beləliklə, deyə bilərik ki, Quranda bəyan olunan məsəllərin əsil hədəfi - insanları qəflətdən oyadıb, keçmiş nəsillərin etdiyi xatalardan uzaqlaşdırmaqdır. Hər bir aqil insan bu məsəllərdən ibrət alar və keçmiş nəslin səhvini təkrar etməz. Eyni zamanda bu məsəllər tərbiyəvi xarakterə malikdir və insanlara keçmiş nəsillərdən misallar çəkərək, onların nəfsini islah etməsinə yardım edər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR