Bakıda böyük qızıl talanı

Bakıda böyük qızıl talanı
11:16 17 Yanvar 2015
226 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən il ərzində ölkədə 6 minə yaxın saxta zinət əşyaları aşkarlanıb. Bu məmulatlar yoxlanıldıqdan sonra məlum olub ki, məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib. ANS PRESS-in araşdırması burada qəribə məqamları üzə çıxardı.

Qızıl bazarına nəzarət edən bir neçə qurum olmasına baxmayaraq hələ də saxta zinət əşyaları aşkarlanır. Görünür ya nəzarətdə, ya da nəzarət mexanizmində boşluqlar var. Əslində hər qızıl bazarında Əyar Palatasının bir nümayəndəsi olur və onlar bu kimi hallara nəzarət edirlər. Yəqin möhtəkirlərin bazara nüfuz etmə bacarıqlarının artması onlarla mübarizədə çətinlik yaradır.

Zərgərlik məmulatlarının satışını həyata keçirən dükanların nümayəndələri isə qızıl əşyaların Əyarlar Palatasında yoxlandıqdan sonra alıcılara təqdim olunduğunu deyirlər. Ancaq saxta qızıllların haradan peyda olunduğuna cavab verməkdə şətinlik çəkirlər.

Belə olan halda, saxta qızılların əhali tərəfindən alındığını nəzərə alaraq bazarlarda nəzarətin artırılmasına zərurət yaradılır. Sadə azərbaycanlı isə saxta qızıldan sığortalanmaq üçün şəxsi tanışlığa üstünlük verir. Mütəxəssilər isə bildirir ki, qızıl ehtiyatı yığmaq istəyənlərin uduzmuq ehtimalı yüksəkdir. Belə vəziyyətə düşməmək üçün zərgərlər tanınmış, bu bazarda çoxdan işləyən və etibar qazanmış adamlardan mal almağı məsləhət görürlər.

Qızıl alarkən aldanmamağın ikinci bir yolu isə tanınmış zərgərlik firmalarından, brend mağazalardan mal almaqdır. Düzdür, brend dükanların malları nisbətən bahadır, amma qiyməti həmişə üstündədir. Brend saatlar kimi belə qızıl əşyalar da illər keçdikcə daha da bahalaşır və əntiq əşyaya çevrilir. Yəni evlənən zaman bunu nəzərə almaq lazımdır. Gəlinə bir neçə ədəd mənşəyi bilinməyən qızıl hədiyyə vermək əvəzinə bir ədəd bahalı brend mal bağışlamaq daha doğru olar. Hər halda, "qara gün"də ikinci daha çox işə yarayar.

İqtisadçılar saxta qızılların bazarda artmasını bu növ məmulatların qiymətinin bahalaşması ilə əlaqələndirirlər. Mütəxəssislər hesab edir ki, qızılın dəyərinin artması bəzi işbazları şirnikləndirir və onları asan yolla gəlir əldə etmək fikrinə salır. İqtisadçı-alim Vüqar Bayramov isə bildirir ki, bu il ərzində qızılın dəyərində artımlar gözlənilir:

"Azərbaycanda da qızlın qiymətində yaxın günlərdə artımların olacağı gözlənilir. Bunun əsas səbəbi isə dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi, həmçinin bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır. 2012-2014-cü illərdə qızılın düya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır. Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır", - deyə iqtisadçı bildirib.

Maliyyə Nazirliyindən isə bildirilir ki, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən ötən il 15 sahibkarlıq fəaliyyəti subyektində yoxlama aparılıb. Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2014-cü ildə 5816 ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi təmin edilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib. Bu izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb.

Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılıb. Ümumilikdə 18 min manat məbləğində inzibati cərimə ödənilib.
Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ildə 1 milyon 217 min manat dövlət rüsumu ödənilib. Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Sonda qeyd edək ki, “İstehlakçı Hüquqlarının Müdafiəsi Haqqında” qanuna görə saxta qızıl məmulatını almış vətəndaşların zərəri sahibkar tərəfindən geri ödənilməlidir. Lakin qanunun işləməməsi istehlakçıların hüququnun qorunmasında da problemləri qaçılmaz edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR