Azərbaycanda silahlı insident: Avtomobilin qarşısını kəsib atəş açdı -

Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb.

Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov APA-nın sorğusuna cavabında bildirib ki, yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR