Ronaldinyo azərbaycanlı gənc iş adamı ilə ortaq oldu -

Braziliyalı ulduz futbolçu Ronaldinyo azərbaycanlı gənc iş adamı Orxan Rzayevin yaratdığı “Eleven Kings” startapının ortaqlarından biri olub.

Metbuat.az xəbər verir ki, bu barədə Orxan Rzayev saytımıza məlumat verib. O bildirib ki, layihəyə başladıqları zaman hədəfləri qlobal bir platforma qurmaq idi:

“Bu layihəyə 2017-ci ilin yayında başlamışıq. Elşad Pirimov, Sərxan Rzazadə və Nicat Zamanov ilə birgə 4 nəfər başlamışıq. Daha sonra isə komandanı böyütdük. Mən özüm 15-16 ildir ki futbol meneceri oyunları oynayıram, dünyada demək olar bütün platformaları oynamışam, ona görə böyük təcrübəm var. Həmçinin startapçı olduğuma görə, qərara gəldik ki, belə bir qlobal platforma quraq. İlk bir ildə layihəyə öz büdcəmizdən pul xərclədik, daha sonra isə bu layihə ilə maraqlananlardan investisiya toplamağa başladıq”.

Ronaldinyonun “Eleven Kings” layihəsi ilə necə maraqlanmağa başladığı barədə isə layihə rəhbəri belə deyib:

“Layihəni yaradanda məqsədim bu idi ki, Ronaldinyo ilə əməkdaşlıq edək. Çünki o mənimçün futbol tarixində ən maraqlı simadır. İl yarım öncə biz onun meneceri ilə əlaqə qurmağa, layihə haqqında məlumat verməyə başladıq. Ötən ilin noyabrında Ronaldinyo ilə Barselonada görüşümüz baş tutdu, layihə haqqında məlumat verdik ona və ortaqlığı təklif etdik”.

Orxan Rzayev bildirib ki, bu gündən etibarən isə onlar rəsmi olaraq əməkdaş sayılırlar:

“Hədəfimiz dünyanın ən böyük futbol platformasını qurmaqdır. Bunun üçün yaxın 5 il müddətinə maraqlı strategiyamız var. Bu strategiya istədiyimiz kimi həyata keçirilsə, 5 il sonra layihəni 1 milyard dəyərinə çatdırmağı planlaşdırırıq”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR