Gürcü hərbi ekspertlər: “Gürcüstan Azərbaycanla hərbi sənaye sahəsində uğurlu əməkdaşlıq qura bilər”

Gürcü hərbi ekspertlər: “Gürcüstan Azərbaycanla hərbi sənaye sahəsində uğurlu əməkdaşlıq qura bilər”
17:37 22 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dostudur. Bu baxımdan Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri olduqca böyük əhəmiyyət kəsb edir”.
Bu barədə “Report”un yerli bürosuna gürcü politoloq, hərbi ekspert Vaxtanq Maisaya Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfərinin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu səfər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və bölgədə sabitlik mühitinin yaradılması üçün zəmin yaradır: “Digər tərəfdən hərbi əməkdaşlıq çərçivəsində Gürcüstan və Azərbaycan üzləşdikləri separatizmlə mübarizədə və iki ölkə qarşısında duran asimmetrik hərbi təhlükələrə qarşı ümumi yanaşmalar hazırlayır. Enerji təhlükəsizliyinin hərbi aspektinin möhkəmləndirilməsi, Gürcüstan-Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi də diqqətdə saxlanılır”.
Ekspert hesab edir ki, Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının genişləndirilməsi üçün imkanlar mövcuddur: “Bu imkanlara hərbi təhsil, qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə, qeyri-sabit bölgədə strateji obyektlərin təhlükəsizliyinin təmin olunması daxildir”.

vaxtanq maisaya

Hərbi ekspert Vaxtanq Maisaya:

“Gürcüstan Azərbaycanla birgə hərbi silah-sursat və texnikalar istehsal edə bilər”
V.Maisaya bildirib ki, Gürcüstan Azərbaycanın hərbi sənaye sahəsində əldə etdiyi böyük uğurlardan yararlana bilər: “Gürcüstan üçün hərbi təyinatlı milli məhsulların istehsalına başlamaq çox vacibdir. Bu, Gürcüstan müdafiə naziri İrakli Qaribaşvilinin əsas prioritetidir. Bu konteksdə Azərbaycanın köməyi müstəsna əhəmiyyət kəsb edə bilər. Gürcüstan milli hərbi sənayenin inkişaf etdirilməsi sahəsində Azərbaycanla əməkdaşlıq qura, birgə hərbi silah-sursat və texnikalar da istehsal edə bilər”.
Hərbi ekspertin fikrincə, hər iki ölkə regional təhlükəsizliyin yeni mərhələsinə keçə bilər: “Gürcüstan və Azərbaycan GUAM təşkilatının üzvüdür. Ölkələr arasında Qara dəniz hövzəsində panregional təhlükəsizliyin təmin olunmasında qarşılıqlı əlaqələr gücləndirilə bilər. TANAP və TAP kimi yeni layihələr enerji təhlükəsizliyinin təmin edilməsində yeni mərhələyə keçidə imkan verir”.
Hərbi-siyasi ekspert Amiran Salukvadze də Gürcüstan və Azərbaycan müdafiə nazirləri arasında görüşü müsbət qiymətləndirib.
Onun sözlərinə görə, strateji tərəfdaş və dost ölkələrin bir sıra ümumi maraqları və birləşdirici amillər var: “Hər iki ölkənin müdafiə qurumları arasında ənənəvi sıx əlaqələrin davam etdirilməsi sevindirici haldır. Nazirlərin görüşü çərçivəsində 2020-ci il üçün əməkdaşlıq planı imzalanıb. Sənədin detalları hələ bəlli olmasa da, böyük ehtimalla orada hərbi təhsildən başlayaraq hərbi-texniki əməkdaşlıq və birgə təlimlərə qədər olan məsələlər öz əksini tapıb”.

Amiran salukvadze

Hərbi-siyasi ekspert Amiran Salukvadze:

"Sənədin detalları hələ bəlli olmasa da, böyük ehtimalla orada hərbi təhsildən başlayaraq hərbi-texniki əməkdaşlıq və birgə təlimlərə qədər olan məsələlər öz əksini tapıb”.
Ekspert hesab edir ki, bölgədə sülhün möhkəmləndirilməsi baxımından Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının davam etdirilməsi olduqca vacibdir: “İki ölkənin hərbçiləri arasında sıx dostluq münasibətləri varsa, bu, bölgədə uzunmüddətli və sarsılmaz sülhü təmin edir”.
A.Salukvadze iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib: “Azərbaycan yerli hərbi məhsullar istehsalı sahəsində çox irəliyə gedib. Gürcüstan Azərbaycanla bu sahədə təcrübə mübadiləsi və uğurlu əməkdaşlıq həyata keçirə bilər”.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/gurcustan-azerbaycanla-herbi-senaye-sahesinde-ugurlu-emekdasliq-qura

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR