Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir

Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir
12:07 23 Yanvar 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəsi Aparatının təşkilatçılığı, Azərbaycanın BƏƏ-dəki Səfirliyinin dəstəyi ilə Dubayda “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçirilib.
“Report” bu barədə ASC-yə istinadən xəbər verir.
Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd ixrac potensialı böyük olan yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, ixrac kanalllarının araşdırılması və yeni işgüzar əlaqələrin qurulmasıdır.
Tədbirdə Azərbaycanın BƏƏ-dəki səfirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin, BƏƏ İqtisadiyyat Nazirliyinin, Dubay Ticarət və Sənaye Palatasının rəhbər şəxsləri, Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəsi Aparatının, Dubay şəhərindəki Baş Konsulluğun nümayəndələri, Azərbaycandan qida istehsalçıları və aqrar sahibkarlar, BƏƏ-dən biznes strukturların nümayəndələri iştirak edib.
Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev Azərbaycan haqqında ümumi təqdimatla çıxış edərək iki ölkə arasında ticarət iqtisadi əlaqələri, Azərbaycan məhsulları, tarixi, mədəniyyəti barədə tədbir iştirakçılarına ümumi məlumat verib, ölkəmizin məhsullarının keyfiyyətini qeyd edib. Azərbaycan məhsullarının Birləşmiş Ərəb Əmirlikəri və Körfəz bazarına ixrac potensialı barədə qonaqları məlumatlandıran ticarət nümayəndəsi Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivərindən bəhs edib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin sədri Leyla Məmmədova tədbir çərçivəsində yerli məhsulların ixracı və investisiyaların ölkəmizə cəlbi ilə mümkün əməkdaşlıqların müzakirə edildiyini bildirib:
“Ölkəmizdə qeyri-neft sektorunun inkişafında son illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyinin son dövrlərdəki fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün görülən işlər bu sahənin inkişafını stimullaşdırır. Məhsul istehsalının həcmi artdıqca onun daxili və xarici bazarda satışının düzgün təşkili bu baxımdan çox əhəmiyyətlidir. Biz mütəmadi olaraq xaricdəki Ticarət Nümayəndəlikləri ilə birgə bu formatda tədbirlər təşkil edir, Azərbaycan məhsulllarının tanıtımını həyata keçiririk. Bu tədbirlərdə ixrac prosesi və xarici bazarlarla bağlı təsəvvür yaratmaq məqsədi ilə yerli aqrar sahibkar və qida istehsalçılarının da iştirakını təşkil edirik. Bu tədbir də istisna deyil. Burada bir sıra işgüzar görüşlər keçirir, yerli qida istehsalçıları ilə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən özəl və dövlət biznes strukturları arasında görüşlər təşkil edirik. Məqsədimiz yerli kiçik və orta fermer təsərrüfatlarını məhsul ixrac etməyə cəsarətləndirmək və ixrac prosesini stimullaşdırmaqdır”.
Daha sonra çıxış edən Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev ölkələrimiz arasında siyasi-iqtisadi, mədəni sahələrdə ikitərəfli əlaqələrin artan templə davam etdiyini, bu kimi tədbirlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini, eləcə də bunun ölkə başçısı İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun inkişafına verdiyi əhəmiyyəti təcəssüm etdirdiyini bildirib.
Tədbirin mədəni hissəsində Azərbaycan milli rəqsləri təqdim edilib.
Daha sonra qonaqlar Azərbaycan kənd təsərrüfatı və qida məhsullarından ibarət sərgi ilə tanış olub. Sərgidə "Aqrar Tədarük və Təchizat" ASC-nin stendi ilə yanaşı, Azərbaycanın yerli qida istehsalçıları və aqrar sahibkarları da öz məhsullarını nümayiş etdiriblər. Sərgi zamanı ixrac potensialı yüksək olan və müxtəlif aqrar sahibkarların yetişdirdikləri yerli məhsulların (bal, təzə meyvələr, quru meyvələr, çay, düyü, ət, fındıq və.) təqdimatı və dequstasiyası da təşkil olunub.
Qeyd edək ki, tədbirin davamı olaraq Azərbaycan və BƏƏ-dən olan sahibkarlar və biznes strukturlar arasında ikitərəfli görüşlər keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanin-kend-teserrufati-mehsullari-dubayda-sergilenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR