Ət və Süd, Meyvə və Tərəvəz, Pambıqtəmizləmə...- SİYAHI

Ət və Süd, Meyvə və Tərəvəz, Pambıqtəmizləmə...-  SİYAHI
11:39 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bir neçə nazirlik və komitə var ki, yarandıqları vaxtdan və müəyyən səbəblərdən adları (eyni zamanda strukturları) dəyişib.

 

Lent.az həmin dövlət qurumlarının siyahısını təqdim edir:

 

1. İqtisadiyyat və Sənaye Nazirliyi: Prezidentin 22 oktyabr 2013-cü il saylı sərəncamı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb. İqtisadi İnkişaf Nazirliyi isə 2001-ci ildə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyinin bazasında yaradılmışdı.

 

2. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi: 2014-cü il martın 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılıb. Nazirlik bundan öncə müxtəlif adlarla fəaliyyət göstərib.

2004-cü il fevralın 20-də Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb.

 

3. Mədəniyyət və Turizm Nazirliyi: 2006-cı ildə yaradılıb. Həmin tarixə qədər isə nazirlik Mədəniyyət Nazirliyi adı ilə fəaliyyət göstərib.

 

4. Gənclər və İdman Nazirliyi: 1994-cü ildə yaradılıb. 2001-ci ildə nazirliyin səlahiyyəti genişləndirildi, nazirlik Gənclər, İdman və Turizm Nazirliyi adı ilə fəaliyyət göstərib. 2006-cı ildən isə adıçəkilən nazirlik öz əvvəlki adı altında fəaliyyətini davam etdirir.

 

5. Energetika Nazirliyi:  Prezidentin 22 oktyabr 2013-cü il sərəncamı ilə yaradılıb. Bundan əvvəl adı Sənaye və Energetika Nazirliyi olan bu qurum prezidentin 6 dekabr 2004-cü il fərmanı ilə yaradılıb. Bundan əvvəl isə nazirliyin adı Yanacaq və Energetika Nazirliyi idi. Bu nazirlik isə prezidentin 18 aprel 2001-ci il tarixli fərmanı ilə yaradılmışdı. 
 

6. Kənd Təsərrüfatı Nazirliyi: 1985-ci ildə Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdi. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.

 

7. Dövlət Şəhərsalma və  Arxitektura Komitəsi: 2006-cı ildə yaradılıb. Buna qədər isə Komitə Tikinti və Arxitektura Komitəsi adı altında fəaliyyət göstərib.

 

8. Əmlak Məsələləri Dövlət Komitəsi: Bu komitə adı bir neçə dəfə dəyişdirilmiş dövlət qurumları sırasında üstünlük təşkil edir. 2001-ci ilə qədər Əmlak Nazirliyi, həmin ildən İqtisadi İnkişaf Nazirliyinin tabeliyində Əmlak Departamenti, daha sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, 2009-cu ildən isə Əmlak Məsələləri Dövlət Komitəsi adı altında fəaliyyət göstərir.

 

9. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:  Prezidentin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı ildə isə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

 

10. Diasporla İş üzrə Dövlət Komitəsi: 2002-ci ilin 5 iyulunda Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb.

Prezidentin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılıb.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR