Gəncə qarnizonunda Həzi Aslanovun 110 illiyinə həsr olunan kinofilmlər festivalı başlanıb

Gəncə qarnizonunda Həzi Aslanovun 110 illiyinə həsr olunan kinofilmlər festivalı başlanıb
18:02 24 Yanvar 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin təsdiq etdiyi Tədbirlər planına əsasən Gəncə qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan bədii və sənədli kinofilmlər həftəsinə start verilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəsmilərinin, qarnizondakı hərbi hissələrin şəxsi heyətinin, müharibə veteranlarının və qəhrəmanın ailə üzvlərinin iştirak etdikləri tədbirdə yubiley təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbani Prezident Sərəncamının əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rolundan danışıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, general H.Aslanovun timsalında faşizmə qarşı Böyük Vətən müharibəsində mərdliklə vuruşaraq həlak olan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsizə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Qeyd edilib ki, qəhrəmanlar heç vaxt ölmürlər, onlar xatirələrdə, ürəklərdə, o cümlədən sənət əsərlərində özlərinə əbədiyaşarlıq tapır və ölümlərindən sonra da gələcək qəhrəmanlıqların yaranması üçün örnək olurlar.
Nəzərə çatdırılıb ki, həftə ərzində müxtəlif illərdə Həzi Aslanov haqqında çəkilmiş 30-dan çox sənədli və bədii film nümayiş etdiriləcək, aktyor, rejissor, operator, ssenari müəllifi və digər yaradıcı heyət üzvləri ilə görüşlər və filmlərin müzakirələri keçiriləcək.
Böyük Vətən müharibəsi illərində Həzi Aslanov ilə Belarus cəbhəsində bir yerdə vuruşan 98 yaşlı müharibə veteranı Tofiq Hüseynov, Gəncə şəhəri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan zabit Yusif Məmmədov çıxış edərək Həzi Aslanovun adının əbədləşdirilməsi, unudulmaz sərkərdənin xatirəsinin həmişə əziz tutulması, keçdiyi hərbi şöhrət yolunun təbliğində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd ediblər. Bu ənənənin Azərbaycan Prezidenti¸ Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.
Gəncə Dövlət Dram Teatrının aktyoru, atası Böyük Vətən müharibəsindən qayıtmayan xalq artisti Məmmədəli Balayev Həzi Aslanova həsr olunan vətənpərvərlik şeirlərindən nümunələr söyləyib. Azərbaycan Ordusunun sıralarında Həzi kimi oğulların bu gün yüzlərlə, minlərlə olduğunu, xalqımızın bundan böyük qürur duyduğunu vurğulayıb.
Sərkərdənin nəvəsi Emin Aslanov babası haqqında nənəsindən, atasından və əmisindən eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşüb. Prezidentin bu sərəncamının təkcə Həzi Aslanova deyil, müharibədə iştirak edən 600 mindən çox Azərbaycan övladına, müasir, müstəqil Azərbaycanın keşiyində mərdliklə dayanan güclü və qüdrətli Azərbaycan Ordusunun hər bir əsgərinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının, hörmət və ehtiramın bariz nümunəsi olduğunu deyib. O, dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə Aslanovlar ailəsinin minnətdarlığını bildirib.
Hərbi birliyin komandanlığı adından çıxış edən zabit Rasim Manafov kinofilmlər həftəsinin, həmçinin tədbirlər planında nəzərdə tutulmuş digər tədbirlərin də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində müsbət təsir göstərəcəyinə əminliyini bildirib və tədbirin təşkilatçılarına komandanlıq adından təşəkkür edib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəis müavini, Əməkdar artist, hərbi vətənpərvərlik mahnıların mahir ifaçısı zabit Cahangir Qurbanovun ifa etdiyi bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdığı Həzi Aslanova həsr olunan “Həzilər yurdu” və “Volqoqrad” mahnılarını tamaşaçılar alqışlarla qarşılayıblar.
Həzi Aslanova həsr edilən kinofilmlər həftəsinin ilk günü “Vilnüsün azad edilməsi” 1944-cü ilin cəbhə buraxılışı, Bakı Kinostudiyasının 1945-ci il istehsalı olan “General Həzi Aslanov” və “Həzi Aslanovun dəfn mərasimi” adlı sənədli film və xronikalar nümayiş etdirilib.
Gəncə qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinə qəhrəman sərkərdə haqqında müharibə illərindən bu günə qədər çəkilən bədii və sənədli filmlərin disklər dəsti albomu və kitablar təqdim edilib.

















Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gence-qarnizonunda-hezi-aslanovun-110-illiyine-hesr-olunan-kinofilmler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR