Olimpiya mükafatçımız 6 il sonra qayıtdı

Olimpiya mükafatçımız 6 il sonra qayıtdı
11:57 17 Yanvar 2015
151 İdman
Ölkə mətbuatı
A- A+

Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı, cüdoçu Mövlud Mirəliyev 6 illik fasilədən sonra yenidən peşəkar idmana qayıdıb. Fanat.az publika.az-a istinadən xəbər verir ki, "Bakı 2015"ə hazırlaşan olimpiya mükafatçımız bu yarışda qələbə qazana bilmək üçün bir müddətdi məşqlərini bərpa edib. 


Amma o, bu dəfə döşək üzərinə samboçu kimi çıxacaq. Mötəbər turnirdə samboçular 4 çəkidə -  57, 74, 90 və 90+ kq-da qüvvəsini sınayacaq. Mirəliyev İlk Avropa Oyunlarında ən ağır çəkidə (90+) güləşəcək.


Maraqlıdı ki, 40 yaşlı idmançının uzunmüddətli fasilədən sonra idmana qayıtmağına nə səbəb olub? Onu İlk Avropa Oyunlarında iştirak etməyə kim razı salıb? Olimpiya mükafatçısı idmana qayıtma səbəbini belə açıqlayıb: "6 ildən sonra samboçu kimi I Avropa Oyunlarında çıxış edəcəyəm. Artıq bir müddətdi ki, idmanı bərpa etmişəm. Noyabrda keçirilən ölkə çempionatında iştirak edib gümüş medal qazanmışam. “Qızıl”ı ona görə qazana bilmədim ki, həlledici görüşdə bir qədər anlaşılmazlıq olmuşdu və xəbərdarlıq aldım. Bundan sonra ikinci yeri tutdum. Ölkə çempionatında özümü sınamaq istədiyim üçün iştirak etmişdim. Yoxlamaq istədim ki, hələ güləşə bilirəm, ya yox. Özümdən razı qaldım və İlk Avropa Oyunlarında iştirak etməyə qərar verdim. Sambo millimizə kömək üçün heyətə qatıldım”.

 

Daha sonra Mövlud Mirəliyev Bakı 2015-dən sonra sambo millisində qalmayacağını da deyib: "Ən ağır çəkidə döşək üzərinə çıxacam. Rəqiblərim 90 kq-dan yuxarı olacaq. 110-120 kq çəki dərəcəsində, hətta daha artıq çəkidə olan idmançılarla qarşılaşa bilərəm. Buna görə də mənim üçün çətin olacaq. Yaşıma gəlincə, burada heç bir problem görmürəm. Hər şey məşqlərdən asılıdı. Mən də davamlı öz üzərimdə çalışıram, məşq edirəm. Medallardan birini mütləq qazanmaq istəyirəm. Bu, mənim arzumdu. Arzumu gerçəkləşdirdikdən sonra sambo millisinin tərkibində qalmaq fikrim yoxdu".

 

Qeyd edək ki, Mövlud Mirəliyev 1974-ci il fevralın 27-də Özbəkistanda dünyaya gəlib. İdmana sambo ilə başlayıb. 2001-ci ildən isə olimpiya növü olduğu üçün cüdoya gəlib. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 100 kq çəki dərəcəsinin ilk görüşündə əlcəzairli Həsən Azzuannanı, ikinci görüşündə isə gürcü idmançı Levan Jorjoliyanini xal hesabı ilə məğlub edib. Yarımfinalda rəqibinə məğlub olaraq, bürünc medal qazanıb. Mövlud Mirəliyev Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR