Sergey Markov: "Rusiya olmasaydı, Ermənistan adlı dövlət yox idi" - MÜSAHİBƏ

Sergey Markov: "Rusiya olmasaydı, Ermənistan adlı dövlət yox idi" - MÜSAHİBƏ
12:09 17 Yanvar 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markovun APA-nın Moskva müxbirinə müsahibəsi

 

- Ermənistanda Rusiya hərbçisi tərəfindən törədilən cinayət fonunda baş verənləri necə qiymətləndirirsiniz? Bu gün faktiki olaraq Rusiyanın hesabına mövcudiyyətini qoruyan Ermənistanda Rusiya bayrağının ayaqlar altına atılmasını və Rusiya əleyhinə çağırışları necə şərh edərdiniz?

 

- Əlbəttə ki, Rusiya hərbçisi tərəfindən törədilən cinayət vəhşicəsinə və dəhşətlidir. Bütün nüanslar onu göstərir ki, bu hadisəni törədən insan sadəcə, dəli olub. Təbii ki, bu cinayət araşdırılacaq və cinayətkar öz layiqli cəzasını alacaq. Əgər onun ruhi xəstə olduğu müəyyənləşərsə, bu cinayətkar cəzasını həbsdə deyil, ciddi rejimli ruhi xəstəxanada yatmaqla çəkəcək. Rusiya hüquq-mühafizə orqanları və məhkəmə sistemi əlindən gələni edəcək ki, cinayətkar cəzasına çatsın və Ermənistan ictimaiyyəti heç kəsin məsuliyyətdən yayınmayacağının şahidi olsun. Belə hadisələr ABŞ ordusunda da baş verib. Dinc aksiya keçirmək, cinayətkarın cəzasına çatmasını tələb etmək təbiidir. Lakin Rusiya bayrağını ayaqlar altına atmaqla vandalizm aktı törətmək, Gümrüdəki Rusiya hərbi bazasına qarşı güc göstərmək bizdə çaşqınlıq yaradıb. Bizə elə gəlir ki, bu, dərin nankorluqdur. Rusiyanın son 10 ildə Ermənistana çox köməyi dəyib. Nəinki son 10 ildə, deyərdim ki, son 100 ildə... Əgər Rusiya dövləti, rus xalqı olmasaydı, bu gün Ermənistan adlı dövlət mövcud olmazdı. Rusiyanın köməyi və minlərlə rus əsgərinin həyatı bahasına Ermənistan bu gün dövlət kimi mövcuddur. Ona görə də qəddar vandalizm, zorakılıq, ruslara qarşı nifrət şüarları bizdə çaşqınlıq yaradıb. Biz Ermənistan dövlətindən və xalqından öz sözünü deməsini və Gümrüdəki hadisələri törədən xuliqanların cəzasını vermələrini gözləyirik. Bir daha demək istəyirəm ki, dəhşətli cinayət baş verib və cinayətkar mütləq layiqli cəzasını alacaq. Rusiya baş verən cinayətə görə məsuliyyət daşımır.

 

- Bir il öncə Ermənistan vətəndaşı Qraçya Arutunyan Moskvada avtomobil qəzası törətdi. Nəticədə 18 nəfər günahsız insan həyatını itirdi. Buna baxmayaraq, Moskvada Ermənistan səfirliyinin qarşısında heç bir aksiya keçirilmədi və ermənilər əleyhinə hər hansı çağırış səslənmədi...

 

- Əlbəttə, siz haqlısınız. Ermənistan vətəndaşı Arutunyan idarə etdiyi yük maşını ilə sərnişin avtobusunu vurdu. Nəticədə onlarla günahsız insan həyatını itirdi, bir neçə nəfər şikəst qaldı. Bütün bunlara baxmayaraq, Moskvada anti-erməni dalğası qopmadı. Heç kəs Ermənistan dövlətini və xalqını günahlandırmadı. Çünki bu hadisənin baş verməsinə görə məsuliyyəti erməni xalqı və Ermənistan dövləti daşımırdı. Ona görə də biz Ermənistan dövlətindən və xalqından anti-Rusiya isteriyasının dərhal bitməsini və Gümrüdəki hadisələri törədən şəxslərin cəzalandırılmasını tələb edirik. Əslində cinayəti törədən rus hərbçisindən qabaq bu hadisədən istifadə edib, Gümrüdəki Rusiya hərbi bazası ətrafında təxribatları törədənləri cəzalandırmaq lazımdır.

 

- Tarixdə dəfələrlə olub ki, ermənilər lazım olanda özlərini Rusiyanın dostu kimi göstərirlər, lazım olmayanda isə əksinə. 1977-ci ildə ermənilər Moskvada ilk terror hadisəsini törədiblər. İzmaylovskaya metrosunu, mağazaları partladıblar. Bu, Sovet İttifaqında ilk terror aktı idi. Sizcə belə müttəfiqlərə nə qədər güvənmək olar?   

 

- Bilirik ki, müttəfiqlərin heç də hamısı etibarlı olmur. Bu təcrübəni Rusiya son 100 ildə müttəfiqlərlə birgə fəaliyyətində qazanıb. Həmişə belə olub. Kiçik xalqlar inkişaf etmək və qorunmaq üçün böyük dövlətlərin arxasında gizlənirlər. Həmin böyük dövlətlər dara düşəndə isə kiçik xalqlar onu qoyub, özlərinə yeni böyük arxa axtarırlar. Düzünü deyim, təəssüflər olsun ki, dünya belə qurulub. Lakin istərdik ki, müttəfiqlərimiz özlərini bu cür aparmasınlar. Rusiya hələlik Gümrüdəki Rusiya hərbi bazası ətrafında baş verənlərlə bağlı rəsmi mövqe bildirmək istəmir. Gözləyirik ki, Ermənistan dövləti və xalqı təxribat törədənləri yerində oturdacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR