Yol polisi "tələ qurulub" xəbərinə münasibət bildirdi

Yol polisi "tələ qurulub" xəbərinə münasibət bildirdi
17:17 28 Yanvar 2020
51 Digər
Ölkə mətbuatı
A- A+

DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı aparılmış xidməti araşdırmanın nəticəsi barədə məlumatı açıqlayıb.
"Report"a daxil olan məlumatda deyilir:
"“Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilmişdir ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, "Sədərək" ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılmış, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş etmişdir. Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirmiş və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirmişdir.
Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq vermişdir.
Araşdırma zamanı eləcə də müəyyən edilmişdir ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni 8 saat ərzində həmin dairədə 7 dəfə dönmə əməliyyatı aparılmış, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmamışdır".

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yol-polisi-tele-xeberine-munasibet-bildirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR