MSK-da Mətbuat Qrupunun yeni tərkibdə iclası keçirilib

Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun yeni tərkibdə ilk iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclası MSK-nın üzvü, Mətbuat Qrupunun rəhbəri Qabil Orucov açıb. O qeyd edib ki, qrupun yaradılmasında əsas məqsəd KİV-də seçkiqabağı təşviqatın aparılmasına əməl olunmasına nəzarət etməkdir. Q.Orucov bildirib ki, qrupun fəaliyyəti MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənir:

“Bizim əsas vəzifəmiz daxil olan müraciətlərə baxaraq onları müzakirə üçün MSK-nın iclasına təqdim etməkdir. Mətbuat Qrupunun bu toplantısının məqsədi bəzi məsələləri müzakirə etməkdir. Qeyd edim ki, seçki qanunvericiliyi sosial media ilə bağlı məsələləri tənzimləmir. Bu gün mən istərdim ki, əsasən sosial şəbəkələrdən istifadə etməklə seçkiqabağı təşviqat aparmaq istəyi ilə əlaqədar bəzi məsələləri müzakirə edək. Təbii ki, burada tənzimedici mexanizmlərin olmaması o demək deyil ki, sosial mediada məsuliyyət nəzərə alınmamalıdır. Artıq sosial şəbəkələr araşdırma zamanı istifadə olunan əsas mənbələrdəndir. Qanun həm əməl etmək, həm də hörmət etmək üçündür. Yəni, seçkili orqanda təmsil olunmaq istəyən şəxs həm qanuna əməl, həm də hörmət etməlidir”.

Q.Orucov qeyd edib ki, özünü bloqer adlandıran şəxslər seçkiqabağı təşviqat zamanı müxtəlif istiqamətlər üzrə fəaliyyət aparırlar:

“Müəyyən bir çatışmazlıqları ortaya çıxarmaq istəyənlər də, provokativ fəaliyyət göstərmək istəyənlər də var. Bəzən belə halların şahidi oluruq ki, bir namizəd digər namizəd barədə sosial media vasitəsilə müəyyən fəaliyyətlər həyata keçirir. Biz burada ilk növbədə qanunvericiliyin tələblərini başa düşməliyik. Ümumiyətlə, seçkiqabağı təşviqat necə aparılmalıdır? Namizəd öz təşviqat hüququnu digər namizədin fəaliyyətini qiymətləndirmək istiqamətindəmi reallaşdırmalıdır? İstərdim ki, bu kimi məsələlər ətrafında müzakirələr aparaq”.

“Seçki Məcəlləsinin 88-ci maddəsində aydın şəkildə yazılıb ki, seçkiqabağı təşviqatda sui-istifadəyə yol verilmir. Məcəllədə göstərilir ki, sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqata yol verilmir. Bu məqamlar cinayət qanunvericiliyinin təsiri altına düşür. İnzibati və mülki qanunvericiliyin təsiri altına düşən fəaliyyətlər də ola bilər”.

Q.Orucov qeyd edib ki, namizədlərin bərabərlik statusunun təmin olunması azad rəqabət mühitinin yaradılmasının əsas prinsiplərindən biridir:

“Namizədlərin bərabərlik statusu təmin edilməlidir. Namizəd tərəfindən digər bir namizədin şərəf və ləyaqətinin alçaldılmasına yönələn fəaliyyət qanunla qadağan olunur. Əgər bir namizədin əleyhinə hər hansı fəaliyyət olursa, digər namizədə öz hüquqlarını müdafiə etmək üçün də şərait yaradılmalıdır”.

Q.Orucov hələlik qrupa müraciət daxil olmadığını deyib.

MSK-nın və Mətbuat Qrupunun üzvü Fuad Cavadov sosial medianın günbəgün artan rolundan danışıb və bildirib ki, bu, günümüzün reallığıdır. Görürük ki, zaman keçdikcə sosial şəbəkələr vasitəsilə seçkiqabağı təşviqat aparılmasına daha çox yer verilir.

MSK-nın və Mətbuat Qrupunun üzvü Almas Qəhramanlı ünvanlanan suala cavabında qeyd edib ki, təhqir və böhtan istənilən halda cinayət məsuliyyəti yaradır:

“Ödənişsiz təşviqata qoşulan media qurumunda böhtan xarakterli məlumat yayılırsa, həmin qurumun birbaşa vəzifəsidir ki, digər namizədə də şərəf və ləyaqətini qorumaq üçün şərait yaratsın və təkzib versin”.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, MSK nəzdində Mətbuat Qrupunun üzvü Müşfiq Ələsgərli bildirib ki, sosial şəbəkələr dünyanın heç bir ölkəsində tənzimlənmir:

“2016-cı ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə belə bir əlavə edildi ki, təhqir və böhtan harda olmasından asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Amma bunun namizədlərə aid olub-olmadığı aydın deyil. Yaxşı olar ki, namizədlərlə bağlı standartlar nəzərdə tutulsun. Sosial şəbəkələrə gəlincə isə hansısa mexanizmlərin tətbiq olunması uğurlu bir praktika deyil”.

Sonda Mətbuat Qrupunun üzvləri KİV-də seçkiqabağı təşviqatın aparılması qaydaları ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müzakirə aparıb və ünvanlanan suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR