İlk innovasiya auditi “AzerGold” QSC-də keçirildi

İlk innovasiya auditi “AzerGold” QSC-də keçirildi
14:15 31 Yanvar 2020
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi müəssisənin texnoloji innovasiya imkanlarının müəyyən edilməsi məqsədi ilə ölkə üzrə ilk innovasiya auditini “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirib.

Trend-in məlumatına əsasən, 2019-cu ilin dekabrın 9-da QSC və Agentlik arasında imzalanmış müqaviləyə əsasən audit heyəti ilk olaraq Cəmiyyətin istehsal və idarəetmə prosesləri, biznes modeli və məhsulları ilə tanış olub. Daha sonra aidiyyəti struktur bölmələrinin rəhbərləri və məsul əməkdaşları ilə cəmiyyətin innovasiya imkanları ilə bağlı şifahi və yazılı sorğular keçirilib.

Növbəti mərhələdə audit heyəti şirkətin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsinə işgüzar səfər həyata keçirib. Səfər çərçivəsində Cəmiyyətin mütəxəssisləri tərəfindən audit heyətinə mədən-istehsal prosesi əyani şəkildə izah edilib. Sahədə istehsalın bütün mərhələləri izlənilib və proseslərin innovativliyi, kommunikasiyaların səmərəliliyi, daxili nəzarət və texnoloji proseslərin ardıcıllığının izlənməsi, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və insan resurlarına dair növbəti sorğular yerinə yetirilib.

27 yanvar 2020-ci il tarixində Cəmiyyətin inzibati binasında innovasiya auditinin yekunlarına dair iclas keçirilib. İnnovasiyalar Agentliyi tərəfindən təqdim olunan hesabatda şirkətin fəaliyyəti müsbət qiymətləndirilib, istehsalatın daha da optimallaşdırılması üçün müxtəlif innovativ həllərin tətbiqi ilə bağlı təkliflər öz əksini tapıb. Qeyd edək ki, innovasiya auditi Elmi və Texnoloji Fəaliyyətin Ölçülməsi üzrə Beynəlxalq Standartlara uyğun olaraq aparılır. Ölkədə ilk dəfə olaraq məhz “AzerGold” QSC-də həyata keçirilən innovasiya auditi Cəmiyyətin bu sahədə gördüyü işləri stimullaşdırmaqla yanaşı, Azərbaycanın müvafiq indekslər üzrə Qlobal İnnovasiya Reytinqinin yaxşılaşmasına da öz təsirini göstərəcək.

Qeyd edək ki, fəaliyyət istiqamətləri üzrə innovativ həlləri tətbiq edən və daim təkmiləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiqini həyata keçirir və mütəmadi qaydada maddi-texniki bazasını tələblərə uyğun olaraq yeniləyir. İstehsal prosesinin səmərəliliyini artırılmaqla bərabər işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi məsələləri Cəmiyyətin əsas prioritetlərini təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3185025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR