Ali həzz hər zaman böyük xərc tələb edir

Ali həzz hər zaman böyük xərc tələb edir
18:33 31 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Leyla Sarabi

Etiraf edirəm, rastlaşdığım təsadüfi insanlarla davamlı göz və əl təmasından qaçıram. Gözümə zillənən bəbəklərdən ağrılı talelər oxuyacaqmışam sanki.

Mənim bir də bazar sevdam var. Ətirli almanı, nirvanası dilimi damağımda üzən brokkolini ən azı Diorun butikindəki çanta həssaslığı ilə bir- bir, sanki sonuncu nüsxəymiş kimi eşqlə seçib alıram. Dinclik tapdığım meditasiya üsullarından biridir bu. Hələ Avropada ikən hipermarketlərin meyvə-tərəvəz bölümündəki tamsız parıltılı istixana məhsullarından küsdüyümün fərqinə vardım. Fransa və Almaniya şəhərlərində bazarların ovuna çıxdım. Məsələn Strasburqun məşhur küçəsində həftənin iki günü ikindi namazına qədər bazar qurulur. Öncə yük maşınları gəlib şəhərin belinə çadırdan kəmər bağlayırlar. Fermerlər əkib-becərdiklərini Jiva eşqi ilə piştaxtaya düzürlər. Adətən ritual ailə üzvləri ilə birgə gerçəkləşdirilir. Sizə ailə deyirəm. Piştaxtasındakı yerkökünü zər kimi əzizləyən saraydan çıxmışlar klanı... Buna görə də məhsullarla alıcılar arasında göbək bağı yaranır. Planetin əllərini vicdanıma qoyub bütün dürüstlük hüceyrələrimə and verirəm ki, Azərbaycan torpağının ləzzəti ancaq Azərbaycandadır. Lakin sözünü açdığım bazarın məhsulları ilə təmas sonrası da mədəm lotus pozasını alırdı. Bazardakı harmoniyanın üzərində maşın gəzsə idi, şəksiz Baxın simfoniyası eşidilərdi. Ən xırda etiket detalları, sanitariya, qarşılıqlı nəzakət, növbə mədəniyyətində qüsursuz nəzarət, Alzas bağlarının havada rəqs edən ətirləri, öl, burada qal deyirdi.

Bazarın ən ekzotik piştaxtası tərxun, dağkeşnişi, kəvər satılan güşəsi idi mənə görə. Ovcumda gizlənən düyməcik göyərtilərin dəstəsi bizim pulla 2 manat hesabına bərabər idi. Bəli, ali həzz hər zaman böyük xərc tələb edir. Sırf bu dəstələri auksionda elə həmyerlilərimizdən daha tez udmaq üçün həftənin iki günü sübhdən bazara qaçırdım. Bazar da deyirəm, siz “Bazaar Butique” məsəli qlamur qiyafədə məkan təsəvvür edin. Alıcılar və satıcılar bir-birinə ən ali xitablarla səslənirlər. Səndən sonra gələn nənənin evi tornadoyla sovrulsa da, yalnız sənə məxsus əhatə sahənə nəfəsini də qıymır. Bazar yığışıb kəmər açılanda isə kimsə sehrli çubuğu ilə yeri-göyü təmizləyir.

Uzun müşahidələrimdən sonra qərar verdim ki, bir gün dənəsinə çevriləcəyim doğma torpağım daşdan da gül yetişdirəcək qədər müqəddəsdir. Hətta həyətimizdəki bazardan alış-veriş etdiyim dayının “bu armudu alma, ağzını büzəcək”, “3 gündür hardasan, ətli heyva gətirmişdim” cümlələrinin tərkib hissələri hərf-hərf, heca-heca şəffaf səmimiyyət qanununa tabedir. Hələ oradan acgözlüklə alanda, özümü çox varlı hesab etdiyim dəstə-dəstə yaşıl möcüzədən danışmıram. Mən o göyərtiləri elə böyük məhəbbətlə soyuducuma düzürəm ki, sanki avroları daş-qaşa çevirib seyfimdə gizlədirəm. Sırf bu oliqarx həyatı üçün ölkəmi sevirəm. Bədənimi yerdən üzən təbiətlə təmasın verdiyi xəfif nəfəsdən bəşəri düşüncələr doğuram.

Soyuq yataqda isti yorğan qucağı kimi ocağımı tapıram içimdə. Məndən qeyri heç kimin ayaq basmayacağı, damımı dağıtmayacağı, şüşələrimi cilikləməyəcəyi, divarları özüm olan kərpic otaq, 5 addımlıq da bağçam varmı, əbədiyəm.

Eşqini itirəndə otaqdakı dolabların arasından tapasan. Yağış yağsa, pəncərədən boylanıb kirdən, pasdan yuyasan, səni tanrıya bağlayan pıtraqlaşmış tellərini.

Ürəyin buzlayanda bağçana düşən günəşin altında isit, amma qaynatma!

Bugünədək oxuduğum ən mən şeiri dinləyirəm əllərimdən.

Nəfsini doyurmaqçün insan bişir, lap daş qovur özünə. Axırda da qus, təmizlə, tək sənə məhrəm mən adlı orqanını.

Amma satıcının ovcumun içinə qoymaq istədiyi qəpiklər, bu qərib əl təması dərimi oyur.

Yaxud boynumu kaktus kimi dalayan xırıltılı nəfəs evimin kərpiclərini yağışda yuduğum başıma tökür.

- Qızım, qazın üstə yemək qoymuşam. Qoy, mən keçim.

Bağçamdakı günəşimin altında əriyən dilimi soyumağa aman vermədən, bir xala aldıqlarını biçarə satıcının əllərinə geyindirir. Barmağımda misram susur.

Olmaz, ay xala. Qazandakı yeməyin kül olsa da, südün daşıb evinə dağılsa da başqasının sərhədini tapdamaq olmaz. Axı bunu sovet adlı daş divarların arxasında böyüyən sən, məndən yaxşı bilməlisən.

Viran qalmış evim bir yana, sən mənim növbəmə də çağrılmamış qonaq olursan.

Gəlin, elə xəyal edək ki, Avropa həqiqətən əxlaqsızlıq yuvasıdır. Amma ünsiyyət mədəniyyəti, danışıq nəzakətini təcili onlardan oğurlamaq zəruridir. O küçə, bazarlardakı səliqəni, paytaxtımızın mərkəzindəki hipermarketlərdə qorunmayan növbəni faizi bahasına kreditə götürmək lazımdır. Aram-aram ödəyərik. O müddətdə önümüzdəki növbə gözləyənin də bizim kimi damarında qan, saatında zaman axdığını öyrənərik.

Məmləkətimin “növbə terroru”nun qurbanlarındanam mən. Axı 10 dənə kartof (firəngcə yer alması) almağa gəlmişəm, əzizim fransız. Özümü niyə sonuncu Ayfon növbəsinə duran bankir qızı kimi hiss etdirirsən mənə? Qüsursuz səbrindən bir damcı mənim də ovcuma sıxsan...

Davamlı növbə savaşlarından ağzıqanlı çıxmaqdan yorulmuşam, əziz millətim. Təklif edirəm, lap elə firənglərdə olduğu kimi hipermeqasuper marketlərdə “asan kassalar” da qurulsun. Ocaqda südü daşan, dolması yanan, bir çörəyin bəlasına düşüb quyruğun ucundan yapışan, xərçəngin şərlədiyi bir qutu siqareti alıb çəkmək üçün ciyərləri göynəyənlərin də arzuları gözlərində qalmasın.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/303494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR