MSK DSK-ların mütəxəssisləri üçün seminarlara başlayıb

MSK DSK-ların mütəxəssisləri üçün seminarlara başlayıb
10:47 1 Fevral 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Dairə Seçki Komissiyalarının (DSK) İT mütəxəsisləri üçün seminarlara başlayıb.
“Report”un məlumatına görə, seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi məqsədi ilə Komissiya bu gündən etibarən növbəti əhəmiyyətli layihəyə start verib.
DSK-ların informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün keçirilən seminarların başlıca hədəfi İT mütəxəssislərinin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə aydın və ətraflı məlumatlandırmaq, habelə sistem üzərindən tətbiq olunan proqram təminatlarından praktiki istifadə etməklə mütəxəssisləri maraqlandıran sualları əyani şəkildə izah etməkdən ibarətdir.
Layihənin mahiyyətindən irəli gələrək seminarlar çərçivəsində İT mütəxəssislərinə Milli Məclisə seçkilər günü seçicilərin fəallığı ilə yanaşı, səsvermənin nəticələri ilə bağlı protokol məlumatlarının MSK-ya birbaşa ötürülməsi üçün xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləmək imkanı da yaradılır.
İT mütəxəssislərinin iş təcrübələri, peşəkar vərdişləri və praktiki biliklərinin gücləndirilməsi istiqamətində mühüm rol oynayan seminarlar fevralın 2-də öz işini yekunlaşdıracaq.
Tədbirdə çıxış edən MSK-nın katibi Arifə Muxtarova deyib ki, 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisinə seçkilərlə əlaqədar MSK-nın müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi istiqamətində irimiqyaslı tədbirləri davam edir:
“Bu, artıq MSK-nın sonuncu tədbirlərindəndir. Əsas məqsədimiz yeni proqram layihələrini bir daha İT mütəxəsislərimizin diqqətinə çatdırmaqdır. Seçki Məcəlləsinin və MSK müvafiq təlimatına uyğun olaraq, səsvermə günü seçici fəallığı ilə bağlı məlumatların DSK-dan MSK-ya göndərilməsi, eyni zamanda səslərin hesablanmasının ilkin nəticə məlumatlarının DSK-lara və MSK-ya ötürülməsi İT mütəxəsislərinin üzərinə düşür. Ona görə də onların maarifləndirilməsi bizim üçün əsas prioritet məsələlərdəndir”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/msk-dsk-larin-mutexessisleri-ucun-seminarlara-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR