Azərbaycanda siqaretin bahalaşması supermarketdə davaya səbəb oldu -

Bahalaşma ilə bağlı marketlərdə siqaret davası başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Görüntülərdə vətəndaş “Araz” supermarketdən şikayət edir:

“İstifadə etdiyim “Maqna” siqaretini almaq üçün “Araz” supermarketinə girdim. Satıcı mənə 2 qutudan artıq siqaret sata bilməyəcəyini dedi. Səbəbini soruşdum. Bildirdi ki, rəhbərlik əmr verib ki, müştəriyə 2-3 qutudan artıq siqaret satılmasın. Bu, müştərinin gündəlik norması hesab edilir. Başa düşmürəm, mənim nə qədər siqaret çəkməli olduğumu nə vaxtdan mağaza təyin edir”.

Oxu.az-a açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova deyib ki, video İmişlidə fəaliyyət göstərən “Araz” minimarketdə çəkilib:

“Müştəri satıcıdan iki blok siqaret istəyib. Hər müştəriyə bu qədər siqaret sata bilmərik. Videodan görünür ki, vətəndaş topdan siqaret almaq istəyir. Məlumat üçün bildirim ki, “Araz” supermarketlər şəbəkəsi topdan deyil, pərakəndə satış həyata keçirən ticarət mərkəzidir. Stoklarımız günlük satış həcminə görə formalaşır. Siqareti limitsiz satsaq, bu, artıq topdan hesab olunur. Biz də müştərilərimizi məmnun etmək üçün hamını təmin etməliyik, yəni, müştəri siqaret soruşanda, “yoxdur” cavabı almamalıdır. Əks halda, bu, müştəridə narazılığa səbəb olur”.

B.Əmirova yaranan problemin digər tərəfinin son günlər tədarükçü şirkətlərin mal təminatını dayandırması ilə bağlı olduğunu deyib:

“Məlumdur ki, siqaret gündəlik istehlak olunan məhsuldur. Müştərilərimizi təmin edə bilmək üçün siqaret satışında müəyyən limitin yaranmasının digər səbəbi budur. Bir məsələni də qeyd etmək istərdim ki, əgər siqaretin qiymətinin qalxmasından sui-istifadə edən şəbəkə olsaydıq, ötən il iyul ayında ölkədə məlum enerji problemi yarananda, iş saatı bitdikdən sonra da fəaliyyət göstərib, insanların su ehtiyacını qarşılamazdıq”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR