"Ümid edirəm ki, o, mənimlə özünü xoşbəxt hiss edir…"

"Ümid edirəm ki, o, mənimlə özünü xoşbəxt hiss edir…"
07:37 3 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Denzel Vaşinqton: "Hələ memuarlarımı yazmağa hazır deyiləm"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Çoxlarının fikrincə, o, Hollivudun bir nömrəli aktyorudur. Onu təkcə populyar aktyor kimi sevmirlər. Cazibəsindən qadınların dəli olduğu, kişilərin gizlincə həsəd çəkdiyi "Amerikanın seks-simvolu" Denzel Vaşinqton keçən il "Təlim günü" filminə görə "Oskar" mükafatına layiq görülüb. O, protestant keşişinin ailəsində doğulub və Nyu-Yorkun yerli universitetinin jurnalistika fakültəsini bitirib. Kino sahəsində 25 ildir ki, çalışır. 30-a yaxın filmdə çəkilib və hər filmə görə qonorarı - 20 milyon dollardır. Bu yaxınlarda 65 yaşlı aktyor "Ki" adlı italyan həftəlik jurnalına müsahibə verib.

"Mən uduzmağa alışmamışam"

- "Təlim günü" filmində sizin qəhrəmanınız, dedektiv-veteran, serjant Alonso Xarris satqındır. Onun düşüncəsində qanunilik və korrupsiya arasında sərhəd yoxdur. Siz hələ heç vaxt belə mənfi rol oynamamısınız.

- Mən özümü rüşvətxor, öz mənafeyini güdən polis işçisi rolunda çox da yaxşı hiss etmirdim. Bunu mənim tərəf-müqabilim də hiss etmişdi. Filmdə onun rəhbəriyəm və bu vicdanlı insanı öz ruhumda tərbiyələndirmək istəyirəm. O, hələ də bu rolda mənim necə rüşvətxor və mənafeyini güdən olduğumu və onu və ideyalarını necə lağa qoyduğumu xatırlayır. Kim bilir, bu mənə necəyə başa gəlmişdi! Mən ömrüm boyu vicdanlı, sədaqətli polis işçilərini, düzgün, qorxmaz insanları oynamışdım. Tipik əclafın roluna girmək çox çətin, eyni zamanda maraqlı idi.

- Rejissor Antuan Fukura öz filmində Los-Ancelesi abırsız, satqın polisi olan qaranlıq şəhər kimi təsəvvür edir...

- "Təlim günü" - yerli hakimiyyət dairələri haqqında sənədli yox, bədii filmdir. Mənim ölkəmdə düzgün, vicdanlı polis işçiləri həddən çoxdur. Bununla belə, satqın tör-töküntülər də tapılır - əminəm ki, onlar çox deyil. Əslində isə polis peşəsi qorxulu, riskli və çətindir. Filmi çəkməkdə məqsəd belə əclafları, vicdansız qanun keşikçilərini üzə çıxarmaq deyildi. Ekran əsəri düşünülmüş süjet və qəhrəmanlardan ibarət idi. Başçı çox pis, öz ambisiyaları ilə daha çox ixtiyar sahibi olmaq üçün çalışan insandır. Qəhrəmanımı "Mən uduzmağa alışmamışam, mənə güllə atmaq olar, öldürmək heç vaxt" - dediyi epizodlardan birindəki sözlərə görə tanımaq olar.

- Oynadığınız rolun xarakteri ilə sizin xarakterinizdə az da olsa, oxşar əlamətlər varmı?

- Əlbəttə, bahalı metallara olan sevgi... Alonso boynunda qalın qızıl sep gəzdirir. Amma xaraktercə bizim aramızda heç bir oxşarlıq yoxdur. Alonso - özünə güvənən, eqoist, quldur və qatildir. O, hamıdan istifadə edir. Ümumiyyətlə, o, psixi xəstədir. Bir də belə personajı canlandırmaq üçün mühüm deyil ki, onunla ümumi əlamətlərin olsun.

- Deyirlər ki, siz rejissorluqla məşğul olmağa qərar vermisiniz və hazırda bu sahədə çalışırsınız?

- Bəli, mənim ilk filmim "Antuan Fişerin əhvalatı" adlanır. Mən bu filmin təkcə rejissoru deyiləm, həm də rollardan birini canlandırıram. Mənimlə birgə filmdə Renda Xayns və Blek Tod da rol alıblar. Mən rejissorluğunu etdiyim ilk filmim üçün çox həyəcanlıyam. "Antuan Fişerin əhvalatı" sənədli filmdir. Onun əsasında bir dəniz piyadasının real həyatı durur. O, çətin həyat yolu keçib, arxasında qaranlıq keçmişi var - oğru və zalım olub. Bunun üçün onu psixi xəstə insan kimi həbs edib, xəstəxanaya göndərirlər. Film güclü və qeyri-adi insanın özünü və darıxdırıcı təkliyini aşması, nəticədə isə zorakı və cinayətkar dünyadan qurtulmaq yolları aramasından bəhs edir. Bu yolda ona həkim-psixiatr kömək edir. Bu rolu özüm oynayıram. Başlıcası, bizim film gənc oğlanla peşəkar, istedadlı həkim arasındakı münasibətlərdən bəhs edir. Beləliklə, həkim xəstəliyə və pis əməllərə son qoymaqda öz pasiyentinə kömək etmiş olur.

- Siz çoxlu ciddi rollar oynamısınız - xüsusilə "Malkom iks" və "Azadlığın çığırtısı" filmlərində. Bunu bilərəkdən etmisiniz, yoxsa belə alınıb?

- İrqi problemlər məni çox narahat edir, axı mən özüm ağ irqə mənsub deyiləm. Əqidəm etdiyim hər işdə özünü göstərir. Neytral rollar mənim xoşuma gəlmir. Hətta "neytral" sözündən hiddətlənirəm. Mən həyatı sevirəm və istəyirəm ki, o, rəngarəng olsun.

- Mən başa düşə bilmirəm ki, sizin kimi məşhur, istedadlı aktyoru Daniel Espinoza öz filmləri - "Daxil olma kodu", "Keyptaun" ilə necə cəlb edib?

- Məni uduzmamaq üçün hər şeyə qadir olan qəhrəmanım cəlb etdi. O, ağıllı, güclü, insanlar üzərində manipulyasiya etmə qabiliyyətinə malik insandır. Bu keyfiyyətlərə malik olan insan məndə rəğbət oyadır. Hətta, ona yaş dəsmalla əzab verərkən belə, öz görünüşü ilə başa salır ki: Siz hamınız axmaqsınız, hətta, başa düşmürsünüz mənə necə əzab verməlisiniz ki, nəsə deyim.

- Onun ustalığı nədədir?

- Fikrimcə, onun mahir yalançı olmasında. Və mən bilmirəm: ya mən yaxşı aktyoram, ya da ki, həqiqətən onun kimi oxşar keyfiyyətlərə malikəm. Ümumiyyətlə, kim bilir, ola bilər mən xüsusi xidmət orqanlarının işçisiyəm və bütün bu kino biznesi mənim üçün daldalanacaqdır (gülümsəyir). Və mən gizlincə kinostudiyada casusluq edirəm, buna görə qonorarlar alıram və diqqət yayındırıram.

- Bu ki, çox orjinaldır, xüsusilə sizin "Oskar"ın arxasında gizlənməyiniz... Qəhrəmanınız pulu çox sevir?

- Bəli, sevir, lakin onları xərcləməyə yer tapmır. Həmin pulları çantada gəzdirməyə qadirdir, lakin yaşamağa evi belə yoxdur. Təkdir, heç kimi yoxdur və ona xüsusilə heç bir şey etmək lazım deyil, təkcə...

- Tutaq ki, içməkdən başqa...

- Bu, haqda danışmaq istəyirsinizmi? (gözlənilmədən Vaşinqtonun dili topuq vurur).

- Yox, əlbəttə... şəxsən sizin haqqınızda. Məsələn, özünüzü ulduz hiss edirsinizmi?

- Anam həmişə deyərdi ki, sadə olmaq lazımdır. Ona görə də heç vaxt lovğalıq etmirəm. Başqalarından fərqli olaraq mənim iki maşınım var, hərçənd biri də var ki, çox nadir şeydir, amma mən bundan artığını istəmirəm və ya hər ay onları dəyişmirəm. Bu, ilk növbədə praktik deyil.

- Belə bir sual ortaya çıxır, elə bir şey varmı ki, bir aktyor kimi Denzel Vaşinqton onu edə bilmir?

- Əlbəttə, mən hər şeyə qadir deyiləm. Düşünürəm ki, Entoni Xopkins Qannibala Lektera kimi ifa etməyi heç vaxt bacarmazdım. Komediyalar mənə çətin başa gəlir. Hazırda əlimdə bir ssenari var ki, orda biz Mark Uolberqlə iki səfehi canlandırmalıyıq. Çox da özümdə deyiləm, hətta qorxuram da.
Çox narahatam...
 
- Adətən necə dincəlirsiniz?

- Müxtəlif cür... Məsələn, yaxınlarda yaxın dostum Lenni Kravatsemlə bir radiostansiyada görüşüm vardı. O, bu payız məni Rio-de-Janeyrodakı konsertinə dəvət etmişdi. Fikirləşdim ki, həm gedib konsertə baxaram, eyni zamanda da dincələrəm.

- Necə düşünürsünüz, həyatımızı nələr daha təhlükəsiz edir?

- Hər gün aldığımız çoxlu məlumatlar bizi düşündürür. Hər gün bir-birinə oxşar suallar bizi yorur. Yer üzündə zəlzələlər, sunamilər və başqa fəlakətlər həmişə olub və olacaq. Neqativ informasiyalar insanlarda stress, əsəbi hal və başqa mənfilikləri yaradır. Bir var ki, xəbərdarlıq edəsən və insanlar tədbir görsünlər, bir də var ki, daim dünyanın axırından danışasan. Burda bir məntiq görmürəm və bu, məni qıcıqlandırır.

- Görünür, siz yaşadığınız dünyadan çox narazısınız...

- Bəli, düzünü desəm, insanlarla, baş verənlərlə çox narahatam. Bir dəfə basketbola baxmağa getmişdim. Oyunun ən qızğın yerində insanlar müəyyən bir vaxta sosial şəbəkəni unutmaq, oyunun ləzzətini çıxarmaq əvəzinə əllərində telefon oturub kiminləsə yazışırlar, Tvitter, Facebooka şəkillərini göndərirlər. Mən də iPhone var, amma mən bu cür dəlilik eləmirəm.

- Sizin üçün harada komfortlu və qorxusuzdur?

- Əslində, belə bir yer yoxdur, amma evimdə, ailəmin yanında olmaq mənim üçün etibarlıdır. Mən lazımi qədər dindar adamam, Allaha çox inanıram və bu, mənim özümü komfortlu hiss etməm üçün səbəbdir.

- Siz yaxşı atasınız?

- Bu suala cavab vermək çətindir. Biz Poletlə 20 ildir ki, evliyik. Öz gözəlimə mənə verdiyi xoşbəxtliyə görə sonsuz minnətdaram. Polet və övladlarım bütün həyatımı dəyişdi. Mən çalışıram ki, övladlarımı başa düşüm və onları çox sevirəm. Yadımdadır, bir neçə il bundan əvvəl balaca yol əhvalatı baş
verdi. Avtomobili mən idarə edirdim. Oğlum yanımda əyləşmişdi. Devidin oturduğu tərəfdən bizim maşına bir avtomobil dəydi. Nəticədə toqquşma zamanı əzilmiş qapı onun ayağını sıxdı. Mən onun inilti səsindən özümü itirdim və yalnız onun sakit danışığını eşidəndən sonra özümə gəldim. Yaxınlaşan polislər Devidi azad etmişdilər. Xoşbəxtlikdən ciddi bir şey olmamışdı. Devid isə azad olan kimi məni sakitləşdirməyə çalışdı.

- Uşaqlarınızı necə gələcək gözləyir? Sizin onlar üçün hansısa qəti istəyiniz varmı?

- Hər şeydən əvvəl böyüyəndən sonra universitetdə oxumalarını arzulayıram. Sonra əgər aktyor olmaq istəsələr, onlara mane olmaram. Əgər aktyor olmaq istəyirlərsə, qoy olsunlar, amma yaxşı aktyor olmaqlarını istəyərəm.

- Sizi Hollivudun seks-simvolu sayırlar, siz qadınların xoşuna gəlirsiniz?

- Deyə bilərəm ki, mümkün qədər açıq-saçıq rollarda çəkilməmişəm. Ancaq kim deyir ki, seks-simvol olmaq üçün soyunmaq lazımdır? 30-50-ci illərin aktyor və aktrisalarını yada salaq. Xüsusən də aktrisaları. Bəzilərinə heç ayağındakı corabı belə soyunmaq lazım gəlmirdi ki, tamaşaçıları heyran etsin. Mən özümü adi insan sayıram və özümə yumorla yanaşıram. İncəsənətə gəlincə... düşünürəm ki, ekranda necə görünməyin əsas deyil, əsas tamaşaçıların qəlbini qazanmaqdır.

- Yoldaşınız Polett bununla razıdırmı?

- Polett hər səhəri mənimlə birgə açır. Ümid edirəm ki, mənimlə özünü xoşbəxt hiss edir... Eyni zamanda, düşünürəm ki, 20 il evlilikdən sonra mənim xarici görünüşüm ona əvvəlki kimi cazibəli gəlir.

- Siz filmdə oynamaqdan başqa daha nələri yaxşı edə bilirsiniz?

- Bilmirəm... Yemək hazırlamaq, qəti mənlik deyil. Əgər mən mətbəxdə nəsə hazırlamağa başlasam, qonaqlarım mütləq qarın ağrısından əziyyət çəkəcəklər. Alkoqol içkilərinə gəlincə, əsasən də çaxırı çox yaxşı ayırd edə bilirəm və hətta məsləhət də verə bilərəm.

- Sizi həyatda yaşamağa nə ruhlandırır, hansı prinsiplərə görə yaşayırsınız?

- Məsələn, mən hər zaman yaşananların ortasında olmalıyam. Əgər mən nəyisə konstruktiv etmirəmsə, bu zaman puç oluram. Hələ memuarlarımı yazmağa hazır deyiləm. Ola bilər ki, bununla sonra, təqaüddə olarkən məşğul olam.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR