İlham Əliyev: “Sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır”

İlham Əliyev: “Sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır”
01:52 4 Fevral 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

“Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər – dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Prezident İlham Əliyev qeyd edib ki, dövlət tərəfindən sənaye zonaları, sənaye parkları və yeni , infrastruktur yaradılır: “Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər.
Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər.
Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/i-lham-eliyev-sahibkarligin-inkisafinin-qabagini-alan-bir-cox-hallar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR