Məşhur rəssam İlham Əliyevlə görüşündən danışdı: "Mənə dedi ki..." - MÜSAHİBƏ

Məşhur rəssam İlham Əliyevlə görüşündən danışdı: "Mənə dedi ki..." - MÜSAHİBƏ
15:48 4 Fevral 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Şübhəsiz İçərişəhərin hər daşı tarixdir, eşqdir, sənətdir, səmimiyyətdir, mədəniyyətdir. Təsadüfi deyil ki, yaradıcı insanların məbədləri də bu müqəddəs məkanda yerləşir. Məşhur rəssam Əli Şəmsi kimi.

Rəssamın emalatxanasını hər gün yüzlərlə turist və şəhər sakinləri ziyarət edir. Sehrli rənglərlə qidalanıb, görünməyən, bilinməyən qalaktikalara səyahət edir.

Publika.az tanınmış rəssam Əli Şəmsi ilə maraqlı söhbəti təqdim edir.

- Məni ən çox bir sual düşündürür. Emalatxananıza hər gün yüzlərlə insan gəlib gedir. İş prosesinin dincliyinə mane olmurlar?

- Əslində rəssama sakitlik, rahatlıq lazımdır ki, fikrini cəmləşdirə bilsin. Bilmirəm bəlkə də həddən artıq səyahət edirəm deyə bu qələbəliyə alışmışam. Su kimi insanam. Qarşımda axmağıma mane olan sədd varsa yavaşca dəf edirəm. Maneə böyükdürsə, aramla, təmkinlə ovub əridirəm. Yaradan nəyə qadir olduğumuzu bizdən yaxşı bilir. İmkanları da əsirgəmir. Ana bətninə düşən gündən həyat mübarizəmiz başlayır. Cənnətin birinci mərhələsi də oradadır. Dünyanı anamızın gözü ilə görürük. Sonra cənnətin ikinci mərhələsi başlayır. Artıq həyatı da, ətrafımızda baş verənləri də öz rakursumuzdan görüb anlayırıq. Və anamızın bizə təlqin etdikləri ilə müqayisə edirik. İncəsənət də belədir. Yaradan hər şeyi olduğu kimi bizə göstərir. Azadlıq verir, amma nəzarətini əsirgəmir. Məsələn, mənə ağ kətan verib ki, uğrunda mübahisə etdiyin həqiqətini göstər. Mən də duyub hiss edə bildiyim qədərini insanlara göstərməyə çalışıram. Əminəm ki, hər saniyəmiz həyatımızı yeniləmək üçün əvəzsiz imkandır.

- Bu ailənin həyatı qədər mürəkkəb və sadədir hər şey...

- Bu rəsm bütün ailələrin həyatını əks etdirir. Şir heç vaxt suya girməz. Ayağını suya basıbsa, demək ailəsini qorumaq istəyir. Ətraf cəngəllikdir. Çünki bilmirik, hansı ağacın altında bizi təhlükə gözləyir. Arxada azad okeandır. Xoşun gəlmir, özünə qayıq düzəlt, üz get buralardan. Əslində mənim əsərlərim kitabın üz qabığı kimidir. Baxmağına hamı baxır, maraqlıdırsa alıb oxuyur. İstəmirəm ki, rəsmlərimi alan insan düşünsün ki, ölçüsü balaca olsaydı, divarı mebellə bəzəyərdim. İstəyirəm uzun, yorucu iş gününün sonunda evə gəlsin, bir qədəh şərab, bir fincan kofe içə-içə əsərimlə ünsiyyətdə olsun. Problemlərini unutsun.

- Ayağınız suya çox batıb?

- Həyatım suyun içərisində keçir. Bu durumdan zövq alıram. Ümumiyyətlə, səhər yuxudan oyanmaq üçün mütləq motivasiya olmalıdır. Ümidlər, xəyallar, doğmalarımız, sevdiklərimiz... Kimlərinsə xəyalları daha nəhəng olur. Onlar zirvələri fəth etməyə üz tuturlar. Yer kürəsində 14 ən yüksək zirvə var. Bu zirvələri barmaq sayı qədər insan fəth edib. Avstriyada yaşayan italyan Messini xatırladım. Onun çox maraqlı həyatı olub. Qardaşına söz verib ki, dünyanın bütün zirvələrinə çıxacaq. Gənclik illərində daha çılğın imiş, ağlasığmaz təhlükəli addımlar atarmış. Günlərin bir günü aşiq olur. Ondan sonra sevdiyi qadını hər yerə özü ilə aparır. Öncə dağın ətəyində sevgilisinə çadır qurur, sonra isə zirvəyə qalxır. Bilirsiniz, bunu niyə edirdi? Çünki insan bilməlidir ki, çadırında gözləyəni var.

- Sizin zirvəniz hansı yüksəklikdədir?

- Mənim zirvəm kətandır. Hər yeni əsər yeni həyatdır. Bəlkə də bu məhəbbətim olmasaydı, çoxdan dağlara üz tutmuşdum. Amma hələ ki, böyük zirvələrin dibində qarışqa kimi oturmuşam.

- Xoşbəxtlikdən, yoxsa bədbəxtlikdən?

- Əslində biz rəssamlar həm xoşbəxtik, həm də bədbəxt... Kimisi qulağını kəsir, kimisi özünə qəsd edir. Biz ali reallığı görürük. Kətan üzərində tam olduğu kimi əks etdirə bilmədiyimiz üçün ən sadə nüsxəsini yaradırıq. Gözümüzü yumub bir anda kosmosa düşürük. Gözünü açan kimi anlayırsan ki, cismin İçərişəhərdədir. Bax, gözəllik də budur- cisimlə ruh arasındakı xəyal və reallığın vəhdəti.

- Deməli, rəssamlar yalançı sehrbazlardır...

- Yalançı yox, sadəcə yalnız bizim gözümüzə görünən əsl reallığı gözəl təkrarlamağa çalışırıq. Tutaq ki, bir rəsmi çəkmək üçün tanrı sənə 3000 il ömür verir. 100 faiz əminəm ki, vaxt tamam olanda, əsərin ərdınca gələndə, deyəcəksən ki, hələ tam hazır deyil, gözünü ürəyimcə çəkməmişəm, rəngləri mükəmməl tamamlamamışam. 3000 il də ver mənə. Çox demirəm, cəmi bir ay keçəndən sonra əsərə baxıb məyus oluram, əhvalım tam dəyişir.

- Öz yaratdıqlarınızı dəyişməyə cəhd edirsiniz?

- Adi bir fırça toxunuşu əsərin sehrini məhv edə bilər. Çünki sən onu tamamlayanadək başqa bir əhvalda olmusan. İndi isə tam başqa auradasan. Bu artıq iki enerjinin müharibəsidir. Həmin rəngi yenidən yarada bilməzsən. Sizə bir sirr açım, rəssamın əsəri hər zaman yarımçıq sayılır.

- Əsərlərinizdə qadın obrazları kosmosvari vurğulanır.

- Apteklərin rəmzini görmüsünüz yəqin. Qədəh həyat mənbəyidir. İlan isə yer üzündə yaşayan 7 milyard insana həyat verir. İnsan həddini bir addım aşan kimi ilan qədəhə dərman yox, zəhər tökəcək. Qadın da belədir. Onun səbrini, sevgisini sınamaq doğru deyil. Yer kürəsi qadına görə fırlanır. Həyatı alan da, verən də sizsiniz. O da ilan kimidir. Sən ona dəyməsən, sancmaz. Bizi ayaqda saxlayan motivasiya mənbəyimiz sizsiniz.

(gülürük)

Yoqlara da rəğbətim var. Yadımdadır, Everestə getmişdim. Özü də bilirsiniz axı, orada atmosfer təzyiqi kəskin dəyişir. Dünyanın ən dadlı yeməyini də aparsan bədən qəbul etməyəcək. Bir kasa bişmiş düyü yeyə-yeyə günlərlə dağın zirvəsində qalıb meditasiya edirlər. Orada belə bir sitat eşitmişdim ki, “ehtiyacı olana balıq tutub vermə, tilov al”. Çay kənarında yaşayan imkansız bir nəfərə tilov hədiyyə etdim. 6 aydan sonra dostlarımla qonaq getdik ki, görək atalar sözü işə yaradı, ya yox. Çatanda mənə dedi ki, təcili pul lazım idi, tilovu satmalı oldum. (gülürük)

Bu da normaldır. Hər kəsin öz dünyası və qanunları var. Bu bölgü də çox dəqiqliklə hesablanıb. İncəsənətdə də...

- Gözünüzün çox güclü energetikası var. Sanki bütün əsərləriniz avtoportretdir.

- Ola bilər. Bəzən hətta sənətdən anlamayanlar gəlib aqressiv şəkildə irad bildirirlər ki, üçbucaq içində göz çəkirsən. Bilinmir hansı mənsəbə qulluq edirsən...

- Massona bənzədirlər sizi?

- Bəli. Baxın, gedirsiniz bankdan kredit götürməyə. Pulların saxlandığı məkandasınız, amma sənədə imza atılmasa, heç kim sizə pul verməyəcək. Göz də həyatımızın son qərarının qələmidir. Göz mənim Allahımdır. Çünki ömrümüz boyu formasını dəyişməyən yeganə orqanımızdır. Biz gözün quluyuq. Göz yaradanın Yer üzündəki səfiridir. Özü də tək yox, cüt verib. Bəzən gözünüzü bağlayıb gəzin. Onda görəcəksiniz, nə qədər xoşbəxt olduğunuzu....

- Amma çoxunda bir cüt göz ola-ola kor gəzirlər.

- Yəqin fikir vermisiniz ki, görmə məhdudiyyətli insanlar adətən gülümsəyirlər. Çünki dünyanı da, insanları da qəlbləri ilə görürlər. Ancaq enerjini hiss edirlər. Fiziki gözəlliyə önəm vermirlər. Qəlbin rəqibi gözdür, yaxud əksinə... Təəssüf ki, texnikanın inkişafı insanların göz təmasını azaldır. Bu isə duyğuların səmimiyyətini məhv edir.

- Sizin üçün ən ali həzz nədir?

- Lalələr çiçək açanda həmişə dağlara gedirəm. Hamı lalələrin üstünə qaçır, mən bənövşələri öpürəm. İnsan gözəllik görmək üçün hər zaman yüksəkliyə can atır. Bunun üçünsə ayağının altındakı xəzinəni tapdayır.

- Bugünədək aldığınız xəzinə dəyərində hədiyyə olubmu?

- Bir dəfə emlatxanama balaca uşaq girdi. Qaça-qaça gəlib tablonun qarşısında dayandı və əsərdəki qapıya əl atdı ki, açsın. Anası uşağa irad bildirəndə dedim, dəymə ona. Bu onun mənə edə biləcəyi ən böyük hədiyyədir.

- Rəsmlərinizin hər biri üzümüzə bir qapı açır. Bu dərin fəlsəfə haradan qaynaqlanır?

- Düzü heç kimdən. Filosofların əsərlərini oxumağa başlayıram. Bir neçə səhifədən sonra hadisələrin necə tamamlanacağını təxmin edib yarımçıq qoyuram. Bütün məqamlara özüm çatmaq istəyirəm. Kimisə dinləyib eyni addımı atmaq ağılsızlıqdır məncə. Dünyaya öz gözünlə baxmalısan. Ona görə məni çoxları sevmir.

- Deyirlər yeni başlayan rəssamları az adam anlayır. Peşəkarları isə lap 2-3 nəfər... Razısınız?

- Uşaqlarla, gənclərlə dostluq etməyi, ünsiyyətdə olmağı sevirəm. Məhəllədəki uşaqlarla futbol da oynayıram. Məqsədim onların dünyasına bələd olmaqdır. Çox vaxt dostlarımla söhbət edəndə deyirəm ki, bu gün biz övladlarımızın qonağıyıq. Onları öz dövrünüzə geri aparmağa çalışmayın. Darıxarlar, sıxılarlar. Bu mümkün də deyil axı. Çox ağır sərhəd var arada. Ona görə rəsmlərimi də yığıb gənclərə qonaq gedirəm.

- Amma məncə siz tək gələcəyə yox, müxtəlif qalaktikalara qonaq gedirsiniz.

- Məşhur rus rəssam var - Nikolay Rerix. Əsərləri bütün nüfuzlu muzeylərdə qorunur. Həmişə baxıb gülürdüm ki, bu insan öz tamaşaçısını ələ salır. Dağların zirvəsini şiş kimi iri çəkir. Axı ağlasığmazdır bu. Everestə getməyimin də əsas səbəbkarı, hətta deyərdim günahkarı o oldu. Zirvəni səhayət edəndən sonra muzeyə getdim. Rerixin əsərləri önündə diz çökdüm. Biz düzənlikdə yaşamışıq, dağları onun kimi tanıya da bilmərik. Üzr istədim, əsərlərindən də öpüb qayıtdım. Müasirlikə klassika arasında mübahisə hər zaman olub. Olmalıdır.

- Gözəllik də budur.

- Əlbəttə...

- Əli bəy, şiriniz nəinki İçərişəhərdə, bütün dünyada məşhurlaşıb.

- O şirə görə Quqldan da mənə zəng etmişdilər. Yerində mələk rəsmi olmalı idi. Uzun müddət mexanizmini də qurmuşdum. Amma sanki bir qüvvə məni məcbur etdi ki, şir rəsmi yaradım. Hətta İspaniyada olanda xahiş etdilər ki, əsəri orada da təkrarlayım. Dedim olmaz. Çünki bu mümkün deyil. Həmin an onu çəkməyə hansısa qüvvə məni məcbur etmişdi.

- Enerji ayaqlarınıza yerdən hopur?

- Ümumiyyətlə anla yaşamağı sevirəm. Bir dəfə emalatxanaya Rusiyadan gənc ailə gəlmişdi. Kiçik qızları vardı. Valideynləri dedi ki, sizin haqqınızda eşitmişik. Bu uşaq - 13 dərəcə soyuqda, qarda ayaqyalın gəzir. Dedim, o öz bədənini hamımızdan yaxşı hiss edir. Soyuq hiss etsə, özü ayaqqabı geyinəcək. Övladınızı öldürmək istəmirsinizsə, heç nəyə məcbur etməyin. Qəribədir ki, uşaq ayağı ilə mənim ayaqlarıma toxunurdu. Çox maraqlı ünsiyyət idi. Amma ümumi götürsək, məni ilk dəfə küçədə görən insan nə düşünər? Deyər ya banka kredit borcu var, ya da divanədir.

- Məncə, sənətinizin gözəlliyidir.

- Bilirsən, mən ölkəmi çox sevirəm. Getdiyim bütün ölkələrə Azərbaycan bayrağı aparıram. Neftlə çəkdiyim bir əsərimi mərhum prezidentimiz Heydər Əliyev Bill Klintona hədiyyə etmişdi. Cənab Prezidentimiz də mənə dəyər verir. Ötən görüşümüzdə mənə dedi ki, sən bu ölkə üçün lazımlı insansan. Məncə, bütün bunlara görə yaşamağa, yaratmağa dəyər.

Leyla Sarabi,

Foto: Ceyhun Rəhimov


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/303850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR