Ekspert: “Azərbaycan qazının Ukraynaya nəqli mümkündür”

Ekspert: “Azərbaycan qazının Ukraynaya nəqli mümkündür”
16:17 4 Fevral 2020
44 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan təbii qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə müvafiq bağlantılarla Ukraynaya nəql edilməsi mümkündür".
Bunu “Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.
Bu həftə Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlar aparıb. “Bizim üçün enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsi mühüm məsələdir. Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”, - Ukrayna prezidenti məlumat verib.
Məsələni şərh edən İlham Şabanın sözlərinə görə, bunun üçün arzu və istək, həmçinin alıcı tərəfin həmin qazın pulunu ödəmək istəyi olmalıdır: “2021-ci ildə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək. Çünki Yunanıstan-Bolqarıstan İnterkonnektorunu  (IGB) həyata keçirən ICGB AD şirkətinin rəhbərliyi də bildirib ki, 2020-ci ildə bu qaz kəmərinin inşası yekunlaşacaq və sınaqdan keçiriləcək. 2021-ci ilin ikinci rübündə isə bu kəmərlə Azərbaycan qazının alınmasına başlanılacaq”.

İlham Şaban

İqtisadçı-ekspert İlham Şaban:

"Bu gün Ukraynaya Azərbaycan qazını nəql edilməsi üçün bütün infrastruktur mövcuddur və bu nəqletmə mümkündür".
Ekspert bildirib ki, Rumıniya ilə Bolqarıstan arasında infrastruktur mövcuddur: “Digər tərəfdən Trans-Balkan qaz kəmərinin fəaliyyəti bütövlüklə dayanandan və “Türk axını” qaz kəməri işə salınandan sonra bu kəməri revers işlətməklə Bolqarıstandan Azərbaycan qazını Ukraynaya nəql etmək problem deyil".
İ. Şaban qeyd edib ki, Azərbaycan təbii qazının TANAP vasitəsilə Ukraynaya nəql edilməsi üçün alqı-satqı müqaviləsi imzalanmalıdır: “Bunun üçün Ukrayna təbii qazın sahibi ilə müqavilə imzalamalıdır. Bu qazın sahibi isə “Ümid-Babək”, “Abşeron”, “Şəfəq-Asiman”, Azərbaycan Dövlət Neft Şirkətinin özü və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yataqların operatorları ola bilər. Daha sonra təbii qazı nəql edəcək şirkətlərlə də müqavilə imzalanmalıdır. Azərbaycan-Gürcüstan ərazisində bu "Cənubi Qafqaz Boru Kəməri", Türkiyə ərazisində TANAP konsorsiumudur. Daha sonra Avropa hissəsində TAP konsorsiumu, ICGB şirkətidir. Bu gün Ukraynaya Azərbaycan qazını nəql edilməsi üçün bütün infrastruktur mövcuddur və bu nəqletmə mümkündür. Ancaq burada bir nüans var ki, məsafə artdıqca təbii qazın nəqletmə xərcləri artdığından onun qiyməti də bahalaşacaq”. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ekspert-azerbaycan-qazinin-ukraynaya-beql-edilmesi-mumkundur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR