Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” davam edir (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” davam edir (FOTO)
11:22 5 Fevral 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi”ndə tələbələr üçün seminarlar təşkil edilir.

Aİİ-dən Trend-ə bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyələrin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “Qış məktəbi”ndə “Dəyişən dünyada milli-mənəvi dəyərlər” mövzusunda çıxış edib. Bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. Qeyd edib ki, dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Azərbaycan xalqının minillər boyu adət-ənənələrinə sadiq qaldığını, bu dəyərlərin uzun illər əvvəl formalaşdığını vurğulayıb. İcraçı direktor daha sonra nəzərə çatdırıb ki, dəyərlərimizi qorumaq milli kimliyimizi hifz etmək, onların təbliği isə mədəniyyətimizin təbliği deməkdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Analitika şöbəsinin müdiri Rəşad İlyasov “Azərbaycanın multikultarizm modeli” mövzusunda çıxış edib. R.İlyasov qeyd edib ki, multikulturalizm XX əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində meydana gələrək, spesifik multikulturalizm modellərinin ortaya çıxmasına səbəb olub. Dünya multikulturalizm modellərinin, əsasən, miqrasiya və immiqrantlar sayəsində formalaşdığını qeyd edən məruzəçi 12-ci yüz ildən etibarən başlayan prosesin indi də davam etdiyini vurğulayıb. Bildirib ki, Kanada, Avstraliya, ABŞ, Fransa, İngiltərə, Almaniya, İsveçrə və digər ölkələrdə bu tendensiya özünü daha bariz şəkildə büruzə verir. Qeyd olunan modellərə paralel olaraq Azərbaycanın multikulturalizm modelinin tarixi daha qədimdir. Bu model özündə həm “avtaxton”, həm də “allaxton” etnoslarını ehtiva edir.

R.İlyasov nəzərə çatdırıb ki, Azərbaycanda 35-dən çox etnik qrup mövcuddur. Təsadüfi deyildir ki, bu baxımdan, Azərbaycan, həm də “etnoqrafiya muzeyi” adlandırılır. Multikulturalizm elmi ədəbiyyatında “multikultural vətəndaşlıq” və “konstitusional vətəndaşlıq” terminləri mövcuddur. Bu, birbaşa multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olması kontekstində də açıqlana bilər. Azərbaycan multikulturalizminin ədəbi-bədii və fəlsəfi-publisistik qaynaqları elmi şəkildə sübut edir ki, ölkəmizin multikulturalizm modeli burada məskunlaşmış etnosların birgəyaşama mövcudluqlarını təmin edir.

Xatırladaq ki, fevralın 7-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3187098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR