Düzgün istiqamət strateji valyuta ehtiyatlarını artırdı - Şərh

Düzgün istiqamət strateji valyuta ehtiyatlarını artırdı - Şərh
15:38 5 Fevral 2020
163 Digər
Ölkə mətbuatı
A- A+

“Valyuta ehtiyatlarımız Azərbaycanın xarici dövlət borcundan 7 dəfə çoxdur”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.



İqtisadçı bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı mövcud vəziyyətə uyğun tələblərlə əhatə olunmuşdu: “Xüsusilə də dövlət qurumlarının öz fəaliyyətlərində şəffaflığı təmin etmələri, sahibkarlıq subyektlərinə qayğının göstərilməsi və məmurların biznesə müdaxiləsi haqqında səsləndirilən fikirlər kifayət qədər aktualdır. 2016-cı ildən etibarən Strateji Yol Xəritəsi və dövlət proqramları qəbul edildi, müəyyən təşviq mexanizmləri hazırlandı. Biznesə dəstək layihələri reallaşdı və s. Yəni xeyli işlər görüldü. 2019-cu ilin sonuncu rübündə bir çox məmurların öz səlahiyyətlərini itirməsi ilə bağlı qəbul edilən qərarları müsbət qiymətləndirirəm. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, məmurların biznesi himayə etməsi, öz səlahiyyətlərindən sui-istifadə halları iqtisadiyyatın inkişafında əsas maneədir. Bu kontekstdən yanaşsaq, səlahiyyətlərini itirən şəxslərin aqibəti yeni namizədlərə də mesaj olacaq”.

R.Həsənov ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas dayaqlardan da danışıb: “Azərbaycanın iqtisadi inkişafında iki istiqaməti əsas götürə bilərik. İlk olaraq enerji istiqamətini deyə bilərik. Hansı ki, bunun müsbət nəticələri də əldə olunub. Azərbaycanda infrastruktur yeniləndi. Ölkənin özünümüdafiə gücü, srateji valyuta ehtiyatlarının həcmi və büdcədə artım müşahidə olundu. Sosial xərclər nisbətən genişləndi. İkinci istiqamət kimi ölkənin tranzit mövqeyinin gücləndirilməsi ilə bağlı məqamı qeyd etmək istərdim. İstiqamət doğru götürülmüşdü”.

Valyuta ehtiyatlarının qorunması istiqamətində aparılan işlərdən də danışan ekspert vurğulayıb ki, neftin bahalaşması valyuta ehtiyatlarının artmasını şərtləndirir: “Neft ucuzlaşdıqca, risklər artır. 2012-ci ildə həm Mərkəzi Bank, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarında azalma müşahidə olundu. Hökumətin müdaxiləsi ilə vəziyyət stabilləşdi. Valyuta ehtiyatları hazırda kifayət qədər normaldır. Həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları təxminən 52 milyard dollar ətrafında qiymətləndirilir. Bu da Azərbaycan üçün 4 illik idxalı qarşılayacaq bir məbləğdir. Ölkənin xarici dövlət borcundan 7 dəfə çoxdur. Bunlar müsbət göstəricilərdir”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/303996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR