Surə nənənin sevgi ilə yaratdığı əl işləri - FOTO

Surə nənənin sevgi ilə yaratdığı əl işləri - FOTO
04:32 6 Fevral 2020
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən elə adamlarla rastlaşırıq ki, onları həyata təkcə ailəsi, dostları yox, həm də həvəslə gördüyü işlər və məşğuliyyəti bağlayır. Belə qəhrəmanlardan biri də Neftçalada yaşayan ağbirçək Surə nənədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Neftçalanın Kürkənd kəndinin sakini 68 yaşlı Surə Əliyeva sadə kəndli həyatı yaşayır. O, hər gün həyətdəki gülləri becərir, onlara qulluq edir. Lakin Surə nənənin öz dili ilə desək, boş vaxtlarında hobbi kimi məşğul olduğu digər bir iş də var - müxtəlif dekorativ tətbiqi sənət nümunələri yaratmaq. İlk baxışda insana elə gəlir ki, bu əl işlərini bir yox, bir neçə adam işləyib. Əl işlərindəki dəqiqlik, ardıcıllıq, rəng çalarlığı Surə nənənin bu işə olduqca həvəsli olduğundan xəbər verir. Ağbirçək nənə deyir ki, əl işlərini əsasən axşam saatlarında yaradır: "Boş oturanda, yaxud hərəkətsiz qalanda darıxıram. Gecəni bu işləri görməklə keçirirəm. Sanki yorğunluğum keçir, istirahət edirəm. Bunları hazırlamaq üçün lazım olan ləvazimatları və bütün detalları özüm alıram, ya da balalarım alıb gətirir. Bəzən tapılmayanda uşaqlar Bakıdan alıb göndərirlər. Övladlarım bu işdə mənə dəstək olurlar. Bu işimlə nəfəs alıram. Məni daha gümrah saxlayır".

Surə nənə əl işlərini indiyədək heç kimə satmayıb. Deyir ki, onları sevgi ilə yaratdığından satmağa əli gəlmir.

Altı övlad sahibi olan Surə nənənin evindəki bütün otaqlar bir-birindən maraqlı əl işləri ilə doludur. Rayon sakinləri də tez-tez onun evində qonaq olur, yaratdığı sənət nümunələrinə heyrətlə tamaşa edirlər. Surə nənənin bu hobbisindən başqa şeir yazmaq qabiliyyəti də var.

Övladları uzaq şəhərlərdə yaşayan, uzun illərdir həyat yoldaşını itirən və hazırda tək ömür sürən Surə nənə özünü sənətə, poeziyaya bağlamaqla təskinlik tapır. O, dekorativ sənət nümunələrini düzəltmək üçün balıqqulağından, quş lələyindən, müxtəlif qaşlardan istifadə edir. Bu işləri həvəslə görərək zövq alan nənə təqaüdünün böyük hissəsini də bəzək əşyaları almaq üçün xərcləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/823205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR