Ahıl doğulub, körpə ölmək

Ahıl doğulub, körpə ölmək
18:48 7 Fevral 2020
89 Digər
Ölkə mətbuatı
A- A+

Leyla Sarabi

İnsanın ahıl doğulub, körpə öldüyünü düşün. Hər ananın bətnində üzü qırış, dişsiz, dilsiz qoca bəslədiyini, Yer üzünə sonsuz dalğa köpüyü, qum dənəsi qədər Benjamin Batnlar səpələndiyini fərz et... Sonra rəhninin əndazəsini hesablayan ananın doğuşunu, gün üzünə çıxanadək hər zərrəsi əzab çəkən ahıl körpə doğumunu izlə... Hər yetişən, hər tökülən dişi üçün can çəkişən, ilk qədəmdə son nəfəs tək xırıldayan o məsumun adı qoca deyilmi? Demək ahıl doğuluruqsa, ömrümüzün xəzanında dönüb uşaq oluruq. Nəhayətdə ana torpaq yenə bizi rəhnində udub, şəffaf ruhumuzu göyə doğur.

*****

Son günlər özümdə qəribə vərdiş formalaşdırmışam. Hər səhər oyanıb paltar ütüləyirəm. Adi dəmir parçasının qüdrətinə bax… Hər toxunuş əynimdəki əncir yarpağının yox eynimdəki fikirlərin qırışını açır. Bu nə motivasiya, nə qəribə meditasiyadır… Tam da qocaldığımı zənn etdiyim vaxtda gördüm Murakami də mənimlə eyni fikirdə imiş. Samurayın oğlu da deyir ki, hər səhər üzümü qırxmağı vərdiş halına gətirmişəm. Yanaqlarım kirpi tüklərindən təmizlənib, körpə hamarlığına qovuşduqca, fikirlərim təravətlənir. Amma Norveç meşəsində azıb qalım ki, mən ütü ayinimi Murakamidən öncə kəşf etmişəm. Fərq odur ki, o təraş meditasiyasını böyümək əlaməti kimi qələmə verir. O zaman fikirlərimi bir az da ütüləyim, mən qocalmıram, böyüyürəm. Əslində məni bir az da Murakami böyüdüb. Bir vaxtlar xəyal dünyasında yaşadığım Paulo Koelyo Hans Kristian Andersen kimi uşaqlıq xatirəmə çevrilib, fikir evimə Murakami girəndə bir addım da böyüdüm.

*****

Qızdırmadan üşüyüb, yatağımı kaktus, divarı süd bulağı gördüyüm vaxtlar, anam təlaşla həyətdən otağıma gəlib, buz kimi islaq əlini alnıma qoyardı. Həmişə də əlindən tər-təmiz hava ətri gələrdi. Amma mən istidən qovrulduğum dar məqamda həmin qoxuya da, bədənimə vəlvələ salan o buz ələ də nifrət edərdim. Hər dəfə də möcüzə baş verərdi, bir toxunuşla sağalardım. O tanrı əlini zəhər dərmanlar əvəzləyəndə böyüməyin ən yetim addımını atdım.

*****

Nağıllardan uzaq düşüb, içimi real, səthimi gerçək duyduğum anda canımdan bir can doğdum. Əsla böyümədim, yox, ağlım da artmadı. Mən möcüzə gördüm, öz möcüzəmi qucağıma doğdum. Hər balaca oyuncağa sevinib, okeanın ortasında anasını axtaran mamontun mahnısına kövrəldim. Hər fəsli, hər günü ilkmiş kimi yaşadım. Zəhlətökən buz əlimlə qaynar bədən soyutdum. Demək mən də anam kimi, oğlum kimi milyard dəfə böyüdümsə, eyni sayda kiçildim. Demək mən də ürəyimdə dəfələrlə bir qocanı böyüdüb, bir körpəni dəfn etdim.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/253024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR