Çin hökuməti epidemiyaya qarşı mübarizəyə 10 milyard dollar sərf edib

Çin hökuməti epidemiyaya qarşı mübarizəyə 10 milyard dollar sərf edib
21:47 7 Fevral 2020
266 Dünya
Ölkə mətbuatı
A- A+

Çin hökuməti ölkədə koronavirus epidemiyası ilə mübarizəyə 28,48 milyard yuan (təxminən 4,08 milyard ABŞ dolları) əlavə vəsait ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Maliyyə nazirinin müavini Yu Veypin məlumat verib. Bununla hökumətin ölümcül virusla mübarizə və profilaktik tədbirlərə ayırdığı vəsaitin ümumi məbləği 66,74 milyard yuana (9,58 milayrd dollar) çatıb.

Çinin epidemiya ilə mübarizəyə kifayət qədər vəsait ayırmaq imkanı olduğunu deyən nazir müavini, hökumətin bəzi sektorların maliyyə yükünü azaltmaq və ölkənin koronavirus epidemiyası ilə mübarizəsini dəstəkləmək üçün bir sıra qərarlar qəbul etdiyini bildirib. Nəqliyyat, ictimai iaşə və turizm sektorlarında fəaliyyət göstərən şirkətlərin 2020-ci ildə qeydiyyatdan keçmiş zərərləri maksimal müddətə (8 il) təxirə salınıb. Məişət xidməti, nəqliyyat və kuryer sahələrində çalışanlar əlavə dəyər vergisindən azad ediləcəklər. Hökumət, həmçinin epidemiyaya qarşı mübarizədə iştirak edənlər üçün ianələr və subsidiyalar üzrə güzəştli vergi siyasətini müəyyənləşdirib. Aviasiya şirkətlərinin zərəri nəzərə alınaraq, onların mülki aviasiyanın inkişafı fonduna vəsait ödəmələri dayandırılıb. Bütün vergi tədbirləri yanvarın 1-dən qüvvəyə minib və onun başaçatma vaxtı epidemik şəraitə uyğun olaraq daha sonra elan ediləcək.

Yu Veypin ölkədə hökm sürən koronavirus epidemiyası ilə əlaqədar çətinliklərə baxmayaraq hökumətin cari maliyyə ili üçün nəzərdə tutulan bütün hədəflərə çatmaq imkanına malik olduğunu bildirib.

Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 31 min 224, bu virus səbəbindən ölənlərin sayı 637, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 26 min 359 nəfərə çatıb. Virusa yoluxanlardan 4 min 821 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 314 min nəfər müəyyən edilib, onlardan 186 mini hazırda həkim nəzarətindədir.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada ümumilikdə 266 adam virusa yoluxub. Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/823869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR