MDB müşahidə missiyası: "Seçkilər rəqabətli, demokratik şəkildə həyata keçirilib"

MDB müşahidə missiyası: "Seçkilər rəqabətli, demokratik şəkildə həyata keçirilib"
12:52 10 Fevral 2020
58 Ölkə
Ölkə mətbuatı
A- A+

MDB müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən missiya rəhbəri Viktor Quminskiy deyib ki, müşahidə zamanı ciddi qanun pozuntusuna rastgəlməyiblər: "Müşahidə missiyası bu qərara gəlib ki, seçkilər Azərbaycan Konstitusiyası və qanunvericiliyə uyğun, rəqabətli, demokratik şəkildə həyata keçirilib. MDB müşahidə missiyası növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycan dövlətinin dəvəti ilə təşrif buyurub. Yanvarın 19-dan öz işinə başlamış missiya seçkilərə hazırlıq prosesində və səsvermədə iştirak edib. Seçkilərə MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxil olub və sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb".

V. Quminskiy müşahidəçilərin seçki qanunvericiliyinin analiz edərək onun azad seçki keçirməyə imkan verdiyini vurğulayıb: "Seçkilərin keçirilməsinin hüququ əsasını Azərbaycan Respublikasının konstitusiyası və Seçki Məcəlləsi təşkil edib".

Missiya rəhbəri bildirib ki, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb:

"MSK seçicilərin məntəqələrə gəlib rahat şəkildə səs vermələri üçün hər cür şərait yaradıb. Onlara lazım olan bütün informasiyalar təqdim edilib. Seçki pozuntularının qeydiyyatı üçün qərargah yaradılıb, Kütləvi İnformasiya Vasitələrinin öz işlərini həyata keçirməsində heç bir maneə aşkarlanmayıb. Seçki gününə qədər missiya ölkənin 20 regionunda müşahidə aparıb. Qeyd etmək istərdim ki, hava şəraitinə görə bəzi dağlıq bölgələrdə monitorinq aparmaq imkanımız olmayıb. Lakin ölkənin əksər regionlarından əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, həmin bölgələrdə də seçki qanunvericiliyə uyğun şəkildə təşkil olunub. Biz məntəqələrdə əldə etmək istədiyimiz hər bir məlumatı öyrənə bilmiş, suallarımıza cavab almışıq".

O, seçicilərin siyahısının hər il yeniləndiyini də diqqətə çatıdrıb: "Məntəqələrdə səsvermə üçün şərait yaradılıb kim istəyibsə səs verə bilib. Bizdə kiməsə maneə yaradılması ilə bağlı məlumat yoxdur. Namizədlərlə bağlı deyə bilərik ki, seçkilərdə iştirak etmək istəyən namizədlərin sayı əvvəlki illərdən çox idi. Bu seçicilərə daha layiqli namizədi seçmək şansı qazandırıb. Təbliğat-təşviqat prosesində plakatların cırılması hallarına da rast gəlinib. Lakin bunlar çox kiçik hallardır və seçki prosesinə təsir göstərməyib".

Missiya rəhbəri seçki gününə qədər bir sıra dövlət qurumları ilə görüşlər keçirdiklərini və daxil olan şikayətləri analiz etdiklərini deyib: "Seçki günündə isə MSK-ya 260 müraciət daxil olub, onların çoxu kiçik nöqsanlardır. Lakin müraciətlərin hamısı ilə bağlı tam məlumatımız yoxdur. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik. Onu da bildirmək istərdim ki, yerli və beynəlxalq müşahidəçilərin sayı da kifayət qədər yüksək olub. Bu da seçki prosesini izləməyə böyük imkan verib. Biz hamımız gördük ki, hardasa seçki məntəqəsinin vaxtında açılmaması ilə bağlı məlumat yoxdu. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub. Bəzi nöqsanlar qeyd edilib, məsələn, 15-ci dairənin məntəqələrindən birində ikinci dəfə səs vermək cəhdinin qarşısı müşahidəçi tərəfindən alınıb. Lakin dediyim kimi nöqsanlar əhəmiyyətli dərəcədə deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR