Bakının Avropada ayaq səsləri: “Köhnə Qitə”nin təhlükəsizliyi Azərbaycanda həll olunur

Bakının Avropada ayaq səsləri: “Köhnə Qitə”nin təhlükəsizliyi Azərbaycanda həll olunur
16:13 15 Fevral 2020
94 Digər
Ölkə mətbuatı
A- A+

Avropanın enerji təhlükəsizliyi Qərb yarımkürəsi üçün həyati əhəmiyyətli məsələ olaraq qalmaqdadır. Bu baxımdan, fevralın 14-də keçirilən Münxen Təhlükəsizlik Konfransında “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masanın keçirilməsi təsadüfi deyildi. “Köhnə Qitə”nin uzun illərdir üzləşdiyi bu problemin həllinə müəyyən qədər nail olduğu görünür və bu prosesdə Azərbaycanın rolu əhəmiyyətli faktora çevrilib.

Müxhen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyevin məhz “Enerji təhlükəsizliyi” mövsuzunda keçirilən dəyirmi masada çıxışı və Avropadan verdiyi mesajlar xüsusi diqqət çəkir.

“Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir”, - deyən Azərbaycan lideri bununla bəyan edir ki, Bakı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir və artıq “Köhnə Qitə”nin ən ciddi probleminin həllinə çox az vaxt qalıb.


Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” vaxtilə çoxları üçün xəyal kimi görünürdü. Lakin Azərbaycan lideri ortaya ciddi siyasi iradə qoydu və artıq bu gün 4 seqmentdən - “Şahdəniz – 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP) - ibarət olan layihənin 3 seqmenti başa çatıb.

Birinci seqment: “Şahdəniz” yatağının ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz – 2” isə yatağın əsası hissəsini təşkil edir. İlkin istismar 16 milyard kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya ötürüləcək. Lakin bu, Azərbaycanın təbii qaz ehtiyatlarının yalnız bir hissəsidir. Ümumilikdə, qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr həcmində qiymətlədirilir.

İkinci seqment: Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır.

Üçüncü seqment: TANAP Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır. TANAP artıq başa çatdırılıb.


Dördüncü seqment: TAP Cənub Qaz Dəhlizi layihəsində yekun mərhələdir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Adriatik dənizinin dibi ilə qazı daşıyacaq kəmər Albaniya ərazisindən keçərək İtaliyaya qədər uzanacaq. 20 milyard kubmetr həcmində nəzərdə tutulan kəmərin yükgötürmə qabiliyyəti sonrakı illərdə artırıla bilər.

Prezident İlham Əliyevin dediyi kimi, bu ilin sonunda TAP da başa çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, Azərbaycan liderinin zamanında ortaya qoyduğu siyasi iradənin nəticəsidir. Burada Prezident İlham Əliyevin Qərblə Rusiyanın enerji müharibəsində milli maraqlarımıza zərər dəymədən atdığı strateji addımlar unudulmamalıdır.

Qərb Avropanın enerji şaxələndirilməsi planında “Nabucco” layihəsini irəli sürmüşdü və bu layihə Azərbaycan qazını “Köhnə Qitə”yə daşıyacaqdı. Lakin Bakı üçün iki məqam çətinlik yaradırdı: birincisi, bu, yetərincə bahalı layihə idi, ikincisi, bu layihədə yer almaq regionda Rusiya ilə üz-üzə gəlmək olardı. Bu iki məqamla yanaşı, “Nabucco” adı özlüyündə təhlükəli məqamları gizlədirdi. Qərb incə gediş edərək, bu ad altında uzaq perspektivə hesablanan çox təhlükəli oyun başlatmışdı. Belə ki, İtaliya operası olan “Nabucco” adını qədim Babil hökmdarı “Nabukadnezar”ın adından götürmüşdü. İlk baxışdan, layihəyə belə adın seçilməsi qlobal siyasətin mədəni üzü kimi qəbul olunurdu. Lakin bu layihəyə “Nabukadnezar”ın adından qaynaqlanan yarlığın yerləşdirilməsi vaxtilə Babil torpaqlarının indiki Şimali İraq ərazisini əhatə etməsi ilə sıx bağlı idi. Məqsəd həmin coğrafiyada “Kürdüstan dövləti” yaratmaq istəyən kürdlərin gələcəkdə iqtisadi müstəqilliyinə zəmin yaratmaq idi. Bakının belə bir layihədə iştirakı qardaş Türkiyəyə qarşı çıxmaq olardı.

Bu mürəkkəb və təhlükəli oyunu pozmaq, eyni zamanda, ölkənin milli maraqlarının zərbə altında qalmasının qarşısını almaq üçün olduqca üstün zəkaya sahib olmaq lazımdır. Prezident İlham Əliyev bu oyunu pozdu və Rusiya ilə üz-üzə gəlmədən, Qərblə əməkdaşlığı dayandırmadan, Türkiyənin maraqlarına toxunmadan birbaşa Azərbaycanın gələcəyinə hesablanmış addım atdı: Cənub Qaz Dəhlizi layihəsini irəli sürdü və “XXI əsrin müqaviləsi”ni həyata keçirdi.

Cənub Qaz Dəhlizi Avropanın əsas təminat alternatividir.

Birincisi, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetrdir. Bundan əlavə, proqnozlaşdırılan qaz ehtiyatları 5 trilyona qədərdir. TANAP və TAP-ın ötürücü qabiliyyəti ilkin mərhələdə daşınacaq 16 milyard kubmetrlə yekunlaşmır. Boru kəmərləri əlavə güc götürmə qabiliyyətinə malikdir və perspektivdə əlavə enerjinin ötürülməsinə uyğun şəkildə inşa olunub.


İkincisi, Cənub Qaz Dəhlizi layihəsinə əlavə mənbələrin tapılması da gündəmdədir. Ən real mənbə kimi Türkmənistan qiymətləndirilir. Rəsmi Aşqabad öz qazının satışını şaxələndirsə də, avropalılar üçün ilkin mərhələdə 10 milyard kubmetr ehtiyat olaraq saxlayır. Türkmən qazının Bakıya çatdırılması da iki variantla baş tuta bilər. Birincisi, sıxlaşdırılmış qazın tankerlər vasitəsilə gətirilməsidir. Bu davamlılıq və sərfəlilik baxımından uzunmüddətli perspektiv üçün yaramır. İkinci və yararlı tranzit variantı Xəzərin dibi ilə boru kəmərinin çəkilməsidir. Bu marşrut üzrə türkmən qazı dənizin dibi ilə Bakıya, burdan da “Cənub qaz dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər. İndiyə qədər Transxəzər boru kəmərinin çəkilməsinə Xəzərin hüquqi statusunun həll edilməməsi mane olsa da, ötən il bu problem həllini tapdığı üçün, dənizin dibindən çəkiləcək kəmərin həyata keçirilməsi imkanları genişlənib.

Proseslərin inkişafı və əldə olunan nəticələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində açar ölkə rolunu oynadığını təsdiqləyir.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/305081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR