Əməkdar artist üzr istədi

Əməkdar artist üzr istədi
14:42 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Mən heç kimi təhqir etmək fikrində olmamışam. Hər yerdə pis də var, yaxşı da. Bu labüddür. Akademik Milli Dram Teatrında sənətinə, insanlığına hörmət etdiyim insanlar çoxdur. Məhz bu kəsim çoxluq təşkil edir”.

Milli.Az bildirir ki, bu sözləri teleqraf.com-a açıqlamasında əməkdar artist Nicat Kazımov “Gündəlik Teleqraf” qəzetinin ötən saylarında “O adamlarda kişilik yoxdur” sərlövhəli müsahibəsinin düzgün anlaşılmamasından duyduğu narahatlığı ifadə edərkən deyib:

“İstəməzdim ki, belə anlaşılsın. Akademik Milli Dram Teatrda böyük sənətkarlarımız çalışırlar. Xalq artisti Rafael Dadaşovun yaradıcılığına böyük hörmətim var, bununla yanaşı, onun xətrini dünyalar qədər istəyirəm. O, çox pozitiv insandır. Xalq artisti Nurəddin Mehdixanlı ilə heç bir pis münasibətim yoxdur. Eləcə də Ramiz Novruzla... Bundan başqa, teatrın cavan kollektivini də vurğulamaq istərdim. Bəlkə də mənim çox böyük səhvim oldu ki, hansısa keçmiş hadisələrə öz fikrimi bildirmək istədim. Gərək heç bir reaksiya verməzdim. Bununla kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Amma aydın məsələdir ki, bu sözlər Akademik Milli Dram Teatrının bütün kollektivinə aid deyildi. Sadəcə olaraq hərdən bəzi məsələlər mənim üçün də anlaşılmaz qalır. Məsələn, birbaşa haqqımda yazan insanların özləri ilə belə nə yaradıcılıq, nə də düşmənçilik münasibətim olub. İstəməzdim ki, adımı haradasa hallandırsınlar. Yenə deyirəm, səhvimdir ki, ötən məsələlər barədə fikir bildirdim. Çünki uzun müddətdir ki, heç kəsə cavab vermirəm və bundan sonra da çalışacağam ki, susqunluğumu qoruyum. Həqiqətən, istəməzdim ki, belə vəziyyət yaransın”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR