20 Yanvarın qatillərindən biri öldü - FOTOLAR

SSRİ-nin son marşalı Dmitri Yazov ölüb.

Metbuat.az xəbər verir ki, 96 yaşlı Dmitri Yazov bu gün ölüb.

Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ Müdafiə naziri olub. Bakıda 20 Yanvar qırğınının törədilməsində Yazov birbaşa günahkarlardan sayılır.

Yazov həm də məşhur QKÇP-nin təşkilatçılarından idi və həmin hadisələrdən dərhal sonra - 22 avqust 1991-ci ildə vəzifədən çıxarılmışdı.


1990-cı ildə Qanlı Yanvar faciəsini törədənlərdən olan SSRİ müdafiə naziri, marşal Dmitri Yazov illər sonra müsahibələrinin birində baş verənləri xatırlayıb. O, qoşunu Bakıya yeritdiyini etiraf edir, lakin bunu Qorbaçovun əmri ilə etdiyini deyir.

Yazov Qorbaçovun ermənilərə yardım etdiyini bildirib:

"Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda, Qorbaçov xüsusi tərzdə soruşdu: "Siz Arsax haqqında danışırsınız?" Ermənilər Qarabağı "Arsax" adlandırır. Bu onların xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: "Siz tarixi bilirsiniz".


Əslində, Qorbaçov tarixi bilmirdi. Ona sadəcə kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda Siyasi Büronun üzvləri Nikolay Rıjkov, Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üstünə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət çətin idi. Bu Siyasi Büroda şok effekti yaratdı. Qarbaçov məni, Kryuçkovu və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş Qirenko və Primakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər. Çünki "azərbaycanlılar erməniləri pəncərələrdən atır və burda böyük qan iyi gəlir".

Onda Qorbaçov hiylə işlədərək özünün yerinə müavini Bobkovu Bakıya göndərdi. Mən də getdim. Nəticədə nümayəndə heyəti böyük oldu. Bakıda Qirenko, Primakov, Mütəllibov və Azərbaycan MK-ın başqa üzvləri toplaşdı. Mən 3 gün ərzinə fövqəladə vəziyyət elan edəcəyimizi bildirdim. Moskvada Çkalov aeroportundan uçarkən hansı rayonlara desant alaylarının yerləşdirilməsi haqda artıq əmr verdim. Biz radio vasitəsilə qoşunların şəhərə girişi haqda elan etdik. Televiziya partladılmışdı. Bunu kimin etdiyini bilmirəm. Radio vasitəsilə insanları küçələrə çıxmamağa çağırdıq. Qoşunlar öldürmək məqsədilə şəhərə girməmişdi. Məqsəd vəziyyəti sabitləşdirmək, ermənilərlə azərbaycanlılar arasında münaqişəni həll etmək idi".


O, əsgərlərə kimisə vurmağı əmr etmədiyini iddia edib.

"Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmirləri verən insan hər şeydən imtina edir. Mən ölkədən çıxa bilmərəm. Mən hara getsəm, həbs olunacam. Çünki fövqəladə vəziyyəti mən elan etmişdim, ordunu şəhərə mən daxil etmişdim. İnsanların güllələnməsində məni günahkar hesab edirlər. Kimi ittiham edirlər? Məni, Yazovu. Mən insanları güllələməyi əmr etmirdim - həm Bakıda, həm Vilnüsdə. Mən gəldim, çünki məni göndərmişdilər. Təkcə məni yox, daxili işlər nazirini, dövlət təhlükəsizlik katibini də göndərmişdilər. Ölkədə daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, ilk növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə vuruşmaq idi. Məni aldatdılar. Xatırlayıram, Heydər Əliyev öz məqalələrinin birində yazırdı ki,Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam. Lakin mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olurlar. Qoşunları mən daxil etdim, lakin bu mənim güllələ əmrini verməyim demək deyil"

Yazov öz cinayətini etiraf etmir. Bu gün 20 Yanvar istintaqı ilə bağlı materiallar Rusiya Prokurorluğunda saxlanılır və Moskva bu sənədləri Bakıdakı kolleqalarına vermək istəmir. Bir neçə ölkə Dmitri Yazovu cinayətkar elan edib. Lakin bu ittihamlar hələlik hüquqi statusunu almayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR