"Saçımdan dartıb, hara gedirsən, qal burada” dedi -

“Hər gün ermənilərin gözündə mənə olan nifrəti görürəm”

Metbuat. az xəbər verir ki, bu fikirləri oxu.az saytına müsahibəsində Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib.

Yəqin ki, ermənilər 1988-ci ildəki Sumqayıt hadisələrini də azərbaycanlıların törətdiyini bildirir. Söz düşmüşkən, sizin yeddi il əvvəl Parisdə acı xatirəniz də var. Ermənilər 2013-cü ilin fevralın 26-da Fransa parlamentində Sumqayıt hadisələri ilə bağlı tədbir təşkil edib və siz o tədbiri pozmağa çalışmısınız. Bu barədə danışardınız...

– Bu hadisəni bir dərs kimi saxlamağa çalışıram. Mənim Paris ətrafında yaşadığım qəsəbənin başçısı 17 il ərzində erməni mənşəli fransız olub. Orada kifayət qədər erməni var. Onlar da mənim azərbaycanlı olduğumu bilir. Hər gün gözlərində mənə qarşı nifrəti görürəm. Əvvəl azərbaycanlı olduğumu bilmirdilər. Bir-birimizi tanıdıqdan sonra salam-kəlamı da kəsdik. Amma bu nifrət hissi ilə heç nəyi dəyişmək mümkün deyil. Ortaq məxrəcə gəlmək lazımdır...

Fransa parlamentində keçirilən o tədbirə gedəndə ağlıma da gəlməzdi ki, orada başıma belə bir iş gələr. Ona görə də o tədbirə, əslində, tək yazılmışdım. Sadəcə olaraq, mənimlə paralel Vüsal Hüseynov adında Parisdə təhsil alan bir azərbaycanlı da vardı. Xahiş etdim, onu da buraxdılar. Zalda tanıyanlar mənim də orada olmağımı görüb pis-pis baxırdılar. Tədbir heç bir müzakirə olmadan keçdi. Halbuki ora getməkdə məqsədim təşkilatçılara sual vermək idi. Ancaq belə bir imkan yaradılmadı.

Zalda Sumqayıtda öldürülmüş ermənilərin xatirəsinə bir dəqiqəlik sükut üçün ayağa qalxmaq istənildi. Biz etiraz olaraq qalxmadıq. Onda qışqırmağa başladılar ki, qalxın ayağa. Məcbur olub qalxdıq və onda mən dedim ki, biz bunu Xocalıda qətlə yetirilmiş 613 nəfər insan üçün edirik.

Bunu iki dəfə təkrarladım və belə çıxdı ki, ayağa qalxanlar da Xocalı soyqırımını yad edirlər. Ondan sonra tədbiri təşkil edən büronun rəhbəri bizim üstümüzə şığıdı. Sonradan mənə hücum edənlər arasında arvadı erməni olan fransız deputat Fransua Roşbluan (yeri gəlmişkən, Fransa Milli Assambleyasının sabiq deputatı 2010-cu ilin iyununda rəsmi Bakının icazəsi olmadığı üçün Dağlıq Qarabağa səfər etdiyindən Azərbaycan hökuməti tərəfindən qara siyahıya salınıb – S.M.) da oldu.

O, əvvəldən mənə tərs-tərs baxır, replikalar atırdı. Biz ordan çıxmaq istəyəndə saçımdan dartıb “hara gedirsən, qal burada” demişdi. Orada 90 faiz ermənilər idi. Ermənistanın Fransadakı səfiri də orada iştirak edirdi.

– Səhv etmirəmsə, orada kömək çağıranda senatorlardan biri sizə yardım etməyə çalışıb...

– Həmin vaxt məni Vüsal müdafiə edirdi ki, oradan çıxa bilim. Ona görə də başları daha çox Vüsalı döyməyə qarışdı. Vüsalla birtəhər oradan çıxa bilsək də, dairəvi olduğundan, yenidən həmin zala düşdük. Orada bir erməni mənə şillə vurdu, gözümün altı şişmişdi. İkinci dəfə oradan çıxanda, Vüsal orada qaldı. Onda mən kömək axtarmağa çalışdım.

Bir otaqda 40-a yaxın senator və deputatlar iclas keçirirdi. Əvvəldən tanıdığım xanıma ağlayaraq dedim ki, kömək edin, orada bir azərbaycanlını döyüb öldürəcəklər. Senator mənə dedi ki, ovaxtkı səfirimiz Elçin Əmirbəyova zəng vurun, bura gəlsin. Təbii ki, onda mən kimə necə zəng vurmaq hayında deyildim. Həmin gün də Xocalı soyqırımı ilə bağlı azərbaycanlıların tədbiri vardı.

Nəhayət o tədbirdəki şəxslərə xəbər verildi. Həmin tədbiri işıqlandıran Azərbaycanın Fransadakı kanallarının müxbirləri də parlamentə gəldilər. Ermənilər də deyirdilər ki, azərbaycanlılar öncədən bunu planlaşdırıblarmış (gülür). Azərbaycanlılar gəldikdən sonra bizi xəstəxanaya apardılar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR