Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsi yad edildi

Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsi yad edildi
12:52 26 Fevral 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun xatirəsi cəbhəyanı bölgədə - Yeni Xocavənd qəsəbəsində ehtiramla yad edilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 
Müdafiə Nazirliyinin rəsmilərinin, Xocavənd rayon İcra Hakimiyyəti rəhbərliyinin, bölgənin müdafiəsində dayanan hərbi hissə komandanlığının, paytaxt Bakıdan və respublikanın müxtəlif şəhər və rayonlarından gələn şəhid ailələri üzvlərinin, müharibə veteranları və əlillərin, ictimaiyyət nümayəndələrinin, hərbi qulluqçuların, məktəbli və gənclərin iştirak etdiyi tədbirlər şəhidlərin xatirəsinə böyük ehtiram olmaqla yanaşı, həm də ordu ilə xalqın sağlam mənəvi birliyinin nümayişinə çevrilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, qarşısına güllər düzülüb. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların adlarının əbədiləşdirilməsi, dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının - bütün bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətin əsl mahiyyətinin dünyaya çatdırılmasında, beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasında, bu soyqırımı törədənlərin ifşa olunmasında Ulu Öndərin böyük xidmətləri qeyd edilib. Unudulmaz lider Heydər Əliyevin “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovunist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir” fikri xatırlanıb.
Qeyd olunub ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bu gün də ölkəmizdə və Vətənimizin hüdudlarından uzaqlarda da davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Nəzərə çatdırılıb ki, hələ Xocalı soyqırımı törədilən qanlı gecədən öncə xocavəndlilər erməni quldurlarının törədikləri vəhşiliklərin ağrı-acılarını yaşamışlar. 1992-ci il fevralın 17-dən başlanan Qaradağlı soyqırımı zamanı kəndin on sakinindən biri şəhid olmuş, 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvü əsir götürülmüş, onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən amansız əziyyətlər verilərək qətlə yetirilmişlər. Heç kim və heç nə yaddan çıxmır, unudulmur.
2017-ci ilin yanvarında Xocavənd istiqamətində 5 nəfər hərbi qulluqçunun həlak olması da məhz Qaradağlı, Xocalı soyqırımlarını törədənlərin məkrli, hiyləgər və işğalçılıq siyasətinin davamıdır.
Səlakətin kənd tam orta məktəbində (Səlakətin Azərbaycanın ən qədim kəndlərindəndir. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarası bu kənddədir. Kənd 28 il öncə işğal edilib, kənd məktəbi də qaçqınlıq həyatını yaşamağa məcbur olub) “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında keçirilən tədbirdə şəhidlərin adları verilmiş sinif otaqlarında vətənpərvərlik dərsləri keçirilib, üç il öncə şəhid olan hər bir şəhidə həsr edilən xatirə guşələrinə baxış olub, məktəblilər həmin şəhidlərin ailə üzvləri ilə görüşüb, müəllimlərin, şagirdlərin çıxışları dinlənilib.
Cəbhboyu zonada gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Bütün bu işlərin təşkilində hərbçilərin köməyi xüsusilə vurğulanıb.
Kuropatkino kənd uşaq bağçasının hərbi libas geyinmiş balaca sakinlərinin təqdim etdiyi “Atamız şəhid oldu, biz atasız qalmadıq. Vətən, dövlət, bir də xalq bizə atadır, ata!” adlı ədəbi kompozisiya tədbir iştirakçılarına həm kədərli, həm də qürurlu anlar yaşadıb.
Xocavəndlilərin və hərbi qulluqçuların birgə yaratdıqları “Xatirə parkı”nda keçirilən mərasimi Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani açaraq deyib: “Vətən uğrunda həlak olmaq əbədi həyat qazandırır. Qədirbilən xalqımız torpaq uğrunda həlak olanları, şəhidlik zirvəsinə ucalanları heç vaxt unutmur. Onların adları xatirələrdə, ürəklərdə, şeirlərdə, nəğmələrdə və bir də yeni-yeni ünvanlarda əbədiləşdirilir, onlar cismən həyatda olmasalar da, əməlləri, qəhrəmanlıqları yaşayır, nəsillərə örnək olur, valideynləri, doğmaları, eləcə də bütün xalqımız, döyüş dostları onlarla fəxr edirlər. Üç il öncə şəhid olmuş hərbi qulluqçular Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərov da belə unudulmaz oğullarımızdandır. Onlar Azərbaycan Respublikasının Prezidenti adından, Müdafiə nazirinin əmri ilə yeni təsis edilmiş “Şücaətə görə” medalı ilə təltif olunmuş ilk döyüşçülərimizdəndirlər. Bu gün isə Yeni Xocavənd qəsəbəsində istifadəyə verilən “Xatirə parkı”nda onların adları əbədiləşdirilərək gənc nəslə qəhrəmanlıq, şəhidlik yolunu göstərən məşələ çevrilirlər”.
Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub, parkın açılışı elan edilib. Aprel döyüşləri zamanı Lələtəpəyə bayraq sancan igid döyüşçü Asim Əliyev alqışlar altında parkın girəcəyində üzərində “Qarabağ Azərbaycandır!” sözləri yazılmış, Azərbaycan xəritəsi təsvir edilmiş yaşıl təpənin zirvəsində Azərbaycan bayrağını qaldırıb.
Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Cəfərov qonaqları salamlayıb. Xocavəndlilərin Qarabağ müharibəsi başlanan ilk gündən düşmən təcavüzünə qarşı vuruşduqlarını, Xocavənd könüllülərinin son nəfəsə, son gülləyə qədər mübarizə apardıqlarını və bu gün də hər bir xocavəndlinin ordumuza dayaq, döyüşə hazır olduğunu bildirib.
İcra başçısı 10 aprel 1994-cü il tarixində Ulu öndər Heydər Əliyevlə xocavəndli döyüşçülərlə Nərgiztəpə istiqamətində ön səngərdə görüşdüyü tarixi anları yada salıb və həmin səngərin bu gün müqəddəs bir məkan kimi qorunduğunu, həmin səngərdə mətin Azərbaycan əsgərinin ayıq-sayıq, məğrur dayandığını qeyd edib.
General-mayor Mayis Bərxudarov əsası Ümummilli Liderimiz tərəfindən qoyulan müasir Azərbaycan Ordusunun bu gün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətləndiyini, dünyanın ən güclü ordularından birinə çevrildiyini nəzərə çatdırıb. Bütün xalqımız kimi Azərbaycan Ordusu şəxsi heyətinin də ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiyini, Azərbaycan Ordusunun zəfər yürüşü ilə tezliklə işğal altında olan digər torpaqlarımızın da azad ediləcəyinə əminliyini bildirib.
General şəhidlərin anım günündə dəvətlərini qəbul edərək Bakıdan, Naxçıvandan, Şəkidən, Yardımlıdan və digər bölgələrdən tədbirə gələn şəhid ailələrinin üzvlərinə minnətdarlığını bildirib.
“Şəhidlər bizimlə bir sıradadırlar. Onlar ölməyiblər. Biz hər bir qələbimizi, hər bir uğurumuzu unudulmaz şəhidlərimizin əziz xatirəsinə həsr edirik. Onların bir arzusu var idi: “Lələtəpə uğrunda döyüşlərdə olduğu kimi qələbə bayrağımızı Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Qubadlıda və işğal altında olan digər tarixi və əzəli torpaqlarımızda dalğalandırmaq!”. Şəhidlərimizin bu arzusunu qətiyyətli Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri gec-tez gerçəkləşdirəcək və respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır”, - general-mayor M.Bərxudarov deyib.
Şəhid anaları adından çıxış edən Dursun Abdullayeva nəvələri Amin və Nərminlə birlikdə Şəki şəhərindən gəldiklərini, oğluna və bütün şəhidlərə göstərilən bu diqqəti, ehtiramı görüb ürəyinin dağa döndüyünü, ailələrinin heç vaxt unudulmadığını bildirib. Dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə, bugünkü silsilə tədbirlərin təşkilatçılarına şəhid ailələri adından minnətdarlıq edib.
Xocavənd məktəblilərinin təqdim etdikləri ədəbi-musiqili kompozisiya maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları “Xatirə parkı” ilə tanış olub, şəhidlərin xatirə lövhəsi qarşısına qərənfillər düzüb, Şəhidlər bulağından su içib, ağacəkmə aksiyasına qoşulub, birlikdə xatirə şəkilləri çəkdiriblər.
Yeni Xocavənddə keçirilən silsilə tədbirlərdən sonra qonaqlar hərbi hissədə əsgərlərlə birlikdə nahar ediblər.

















Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/yeni-xocavend-qesebesinde-sehidlerin-xatiresi-yad-edildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR