5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq

5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
20:57 27 Fevral 2020
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalının 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bunu İtaliya Respublikasından "M-346" tipli təlim-məşq təyyarələrinin alınmasını Trend-ə şərh edərkən Hərbi Hava Qüvvələrinin (HHQ) polkovniki Namiq İslamzadə qeyd edib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri zamanı Azərbaycan ilə İtaliya arasında bir sıra mühüm sənədlər imzalanıb: "İmzalanan sənədlər arasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və İtaliyanın "Leonardo S.p.A" şirkətinin icraçı direktoru Alessandro Profumo tərəfindən imzalanan "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni xüsusi qeyd etmək olar. Artıq bir neçə ildir ki, Azərbaycan HHQ-də genişmiqyaslı islahatlar aparılır. Xüsusilə də, aviabazaların modernləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır. Hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir".

HHQ zabiti bildirib ki, son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib:

"Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 "Super Muşşak" təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliya Respublikasının "Leonardo Aircraft" şirkətinin istehsalı olan yeni nəsil reaktiv "M-346" tipli təyyarənin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar".

Mütəxəssis qeyd edib ki, "M-346" tipli təyyarələrin əldə edilməsi gənc hərbi pilotların peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq:

"Eyni zamanda "M-346" təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq.

Sonda xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan HHQ-nin arsenalının 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/829582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR