Münasibətlərdə riayət edilməli 7 haqq

Münasibətlərdə riayət edilməli 7 haqq
07:05 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

Allaha şükürlər olsun ki, bizlərə öz halımız, vəziyyətimiz barədə, aqibətimiz barədə düşünmək tofiqatını nəsib  edib. Əslində yalnız bu barədə düşünməklə təkamül etmək, Allaha yaxınlaşmaq mümkündür.

Bugünkü mövzumuz möminlərarası münasibətlərə aiddir. İki möminin, iki imanlı şəxsin arasında münasibətlər necə qurulmalıdır?

Bir möminin digər mömin üzərində yeddi haqqı var ki, bunlara əməl etmək böyük bərəkətlər gətirər. Həzrət Rəsulallahdan (s) buyurulan hədisdə bizlərə bu haqlar çatdırılır. Həzrət Rəsulallah (s) buyurur: "Hər bir möminin mömin qardaşı üzərində yeddi haqqı var ki, Allah tərəfindən bu haqların yerinə yetirilməsi vacib buyurulmuşdur". Bunlar bir növ əxlaqi vacibatlardır. İki möminin, imanlı şəxsin münasibətlərində qorunması gərəkən əxlaqi vacibatlar var.

İnsana dəyər vermək

Bir çox dəyərli əxlaq ustadları möminlərarası münasibətlərdə bu əxlaqi vacibatları əsas götürərək təqdim edirlər. Birincisi budur ki, bir mömin digər mömini öz gözündə böyük tutmalıdır. Bir mömin digərinə qəlbində o qədər böyük yer verməlidir ki, onun üçün o qədər önəmli olmalıdır ki, onun üçün qətiyyən kiçik görsənməsin.

Bu, çox ciddi bir məsələdir. Mömin şəxslərin bir-birilərinə qarşı münasibəti bu cürdür. Bütün bunlar insanların qəlbində formalaşmalıdır. İnsanın ruhiyyəsinin formalaşdığı yer - qəlbdir. Əgər bir mömin digər mömini qəlbində böyük tutsa, ona baxışı da böyük olacaq. O böyük baxış bütün məsələlərinə təsir qoyacaq.

Deməli, bir möminin digər mömin üzərində olan birinci vacib əxlaqi haqq - onu öz gözündə böyük görməsidir. Bunu tək iki dost arasında münasibət kimi görməyək. Ailədə də bu əxlaqi məsələ keçərlidir. Həyat yoldaşları bir var ki, biri-birinə aşağı baxışla baxır, bir də var ki, böyük baxışla baxır. Valideyin övlad münasibətlərində, qonşular münasibətində, dostlar münasibətində bu haqlar qorunmalıdır. Bir mömin digər mömini gözündə, qəlbində, ruhiyyəsində əzəmətli, böyük tutmalıdır. Möminin ehtiramını saxlamaq elə buradan qaynaqlanır.

Bu xüsusda Həzrət İmam Sadiqdən (ə) olan buyuruşda müvafiq tövsiyə gəlir. Bir mömin müsəlmanlar yaşayan ərazidə yaşayırdı. Orada həmin ərazinin həm hakimi, həm sakinləri həmin mömini incidib əziyyət verirdilər. Həmin mömin hicrət etmək məcburiyyətində qalır. Gedib müşriklər olan yerdə yaşamağa başlayır. Orada bir müşrik bu həqiqi möminin qulluğunda durur, ona xidmət göstərir, onun dəyərini, qiymətini bilir. İmam Sadiqdən (ə) buyuruşda gəlir ki, həmin müşrik ki, möminin xidmətində durmuşdu, ona dəyər vermişdi - həmin müşrik dünyasını dəyişəndə Allah Təala bu əməllərinin, xidmətinin bərəkətinə onu cəhənnəmdə yandırılmadan azad edir, ona təam verir, rahatlıq verir. Düzdür, müşrik olduğu üçün cənnətə daxil etmir, amma cəhənnəmdə də yanmır.

Yaxşı əməllər səbəb olacaq ki, etiqadı olmayan, Allaha iman gətirməyən insanın da belə, əzabının şiddətindən xeyli azalsın. Amma, bu vəziyyətdə olmaları onları cənnətə aparmır. Çünki, onlar etiqadən cənnətin mövcudluğuna, məada, Qiyamətə, Allahın varlığına inanmırlar.

Amma buradan nəticə çıxarılmalı məsələ odur ki, möminin Allah qatında dəyəri bu qədər yuxarıdır. Adını müsəlman qoyanlar bu həqiqi möminin qədrini bilmədilər və o, hicrət etməyə məcbur oldu. Amma, müşrik bir toplumda bir müşrik insan möminin dəyərini bilir, onun xidmətində durur və Allah Təala ona böyük mükafat əta edir.

İndi əgər bir mömin digər möminə bu cür yanaşsa, dəyərini bilsə, ehtiramını saxlasa, görün nə qədər bərəkətləri olar. Məsələnin həllini çox da uzaqlarda axtarmaq lazım deyil. Bir evin içərisində həyat yoldaşları mömindir, övladlar mömindir, valideynlər mömindir, gəlin-qayınana mömindirsə - bu məsələ orada da keçərlidir. Əgər möminlər bu cür olacaqlarsa, insanlığa dəyər verəcəklərsə, bütün digər insanlar üçün də nümunə olacaq.

Möminə qarşı qəlbində məhəbbətli olmaq

Möminlərarası münasibətlərdə qorunmalı, riayət olunmalı ikinci əxlaqi vacibat - bir möminin digər möminə qarşı qəlbində məhəbbətinin olmasıdır. Bir möminin digər möminə yanaşması məhəbbətlə olmalıdır. Məsumlardan (ə) buyuruşlarda gəlir ki, iki mömin əl verib görüşən zaman onların baş barmaqlarının arasından rəhmət tökülür, hansı digərini daha çox istəyirsə, bu rəhmətin doxsan doqquzu ona gedir. İndi görün nə qədər mühüm mövzudur ki, bir möminin digər mömin üzərində olan vacib əxlaqi haqlardan biri də budur ki, bir möminin digər möminə məhəbbəti olsun. Həzrət Əli (ə) buyurur: "Allaha xatir qardaşlıq etmək məhəbbəti ixlaslı edir".

İnsanlar dostluq edir, rəfaqət edir, ünsiyyət saxlayır, amma Allaha xatir etsələr, o məhəbbət, xətir istəmə ixlaslı olar, onun bərəkəti olar, insanı Allaha tərəf aparar. Qəlb bu cür vəziyyəti ilə Allaha yaxınlıq tapa bilər. Allah Təala bizlərə bu cür vəziyyətə yiyələnməni nəsib etsin!

Ehtiyacı olduğunda möminə əl tutmaq

Möminlərarası münasibətlərdə üçüncü mühüm əxlaqi vacibat - bir möminin digər möminə ehtiyacı olduğunda əl tutmasıdır. Əgər mömin öz qardaşını özü kimi bilsə, ehtiyacı olduğunda ona əl tutar. Həzrət İmam Sadiq (ə) yaxınlarından biri ilə təvafda idi. Təvaf zamanı İmam Sadiqin (ə) dostlarından birini çağırırlar. Həzrət (ə) görür ki, həmin şəxs reaksiya vermir. İmam (ə) ona buyurur ki, onu çağırırlar. Həmin şəxs İmama (ə) bildirir ki, onunla birlikdə olmağı və təvaf etməni fəzilət baxımından daha mühüm bilir.

İmam (ə) cavabında ona buyurur ki, bəli, bu mühümdür, amma bir möminin çağırmasına getmək - daha fəzilətlidir. Həmin şəxs gedir və qayıtdıqdan sonra İmam Sadiq (ə) söhbət əsnasında ondan nə məsələ üçün çağırıldığını soruşur. Həmin şəxs bildirir ki, çağıran şəxsin müəyyən bir şeyə ehtiyacı var idi və o da ixtiyarında olanın yarısını həmin şəxsə verib. İmam (ə) ona bildirir ki, böyük bir iş görməyib, ixtiyarında olanın daha çoxunu da verə bilərdi. Yəni, ehsan edən, kömək əlini uzadan şəxs, gərək etdiyi ilə qürrələnməsin, ehtiyaclının problemlərini ödəməyi özünə bir mənəvi borc bilsin.

İnsanlar bunun fərqində olmalıdır ki, insanlıq borcu digərlərinə əl tutmağı vacib edir. Məhz buyuruşdakı kimi etmək olmasa da, bacardığı qədər, bir möminin digər möminə ehtiyacları zamanı zəruri həddə yardımçı olması - əxlaqi vacibatlardandır. Biz bu buyuruşlardan dərslər, ibrətlər götürərək, ən azı bu istiqamətdə diqqətli ola bilərik. Allah Təala bu mənada da hər birimizə diqqət etməni, düşünməni nəsib etsin.

Mömin qardaşının qeybətini etməmək

Bir möminin digər mömin üzərində olan növbəti haqqı budur ki, mömin qardaşının qeybətini etməsin, bunu özü üçün haram bilsin. Mömin nə özü mömin qardaşının qeybətini etməli, nə də yanında kiminsə qeybət etməsinə imkan verməməlidir.

Əgər belə olsa, görün məsələlər nə qədər düzələr. Zarafat şəklində, lağ-lağ şəkilində də bundan çəkinmək zəruridir. Elə ki, insanlar qeybət edirlər - bütün qazandıqlarını əldən verirlər. Bəzən insan özü etmir, amma yanında ediləndə qulaq asır. Biz bir mühitə, mənəvi fəzaya doğru getməliyik ki, orada bunun haramlığı dəqiq hiss olunsun.

Xəstə olan zaman mömin qardaşa baş çəkmək

Beşinci mühüm əxlaqi vacibat - bir möminin, digər mömin xəstə olan zaman, ona baş çəkməsidir. Möminin mömin üzərində olan haqlarından biridir ki, xəstəlik-sağlamlıq mövzuları ilə qayğılansın.

Qiyamət günündə Allah Təala bəndəsinə deyər ki, niyə xəstələndiyim vaxt Məni ziyarət etmədin? Bəndə deyər: "Allahım, Sən xəstələnməkdən pak və münəzzəhsən". Allah Təala buyurar: "Mömin bəndəm xəstələnəndə, sən onu ziyarət etmədin. Əgər gedib baş çəksəydin, Məni orada tapardın". Görün xəstə olan zaman bir möminin digər möminə baş çəkməsi, onu yoluxması nə qədər mühüm və önəmlidir. Bir xəstənin ziyarəti, xüsusən bir mömin xəstənin ziyarəti Allah yanında bu qədər dəyərə malikdir.

Mömin qardaşının dəfn mərasiminə qatılmaq

Möminin digər mömin üzərində olan altıncı haqqı budur ki, onun təşyii-cənazəsinə, dəfn mərasiminə qatılsın. Bir mömin dünyasını dəyişən zaman digər möminlərin üzərinə əxlaqi vacibat olaraq haqq gəlir ki, onun təşyii-cənazəsinə qatılsın, cənazəni yola salsın, cənazəni müşayiət etsin. O qədər fəziləti, faydası, insanın aqibətinə xeyirliliyi var ki, tək elə bunlara görə dəyər ki, insan bu məsələlərə diqqət etsin.

Həzrət İmam Sadiq (ə) buyurur: "O vaxt ki, mömini qəbrə daxil edərlər, ona nida edərlər: "Sənin ilk töhfən, hədiyyən - cənnətdir və sənin cənazənin təşyiəsində iştirak edən mömin şəxsin də töhfəsi və hədiyyəsi bağışlanmasıdır"". Allah Təala insanın bağışlanması üçün nə qədər sadə yollar qoyub.

Ölümündən sonra mömin qardaşının yalnız müsbətliklərindən danışmaq

Nəhayət möminin digər mömin üzərində olan yeddinci haqqı - onun ölümündən, dünyasını dəyişməsindən sonra onun haqqında yalnız müsbət şeylər danışmasıdır. Mömin digər mömin qardaşı haqqında - əgər mənfi mövzular varsa da belə - mənfi olan hər bir şeyi unutmalı və onun bağışlanması üçün dua etməli, digər insanlar arasında isə onun yalnız müsbət keyfiyyətlərindən və əməllərindən danışmalıdır.

Öz qardaşına hörmət göstərən...

Təbərrük üçün insanlar arasında hörmətli münasibətləri tövsiyə edən buyuruşlara nəzər salaq.

Qurani-Kərimdə insanın əzəmətli varlıq olmasına işarə edilir: "Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları quruda və suda (münasib miniklərə) mindirdik, onlara gözəl və pak şeylərdən ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik".  ("İsra", 70)

İmam Səccad (ə) buyurub: "Dostun haqqı, onunla mehriban və insafla rəftar etməyindir. Eləcə də, sənə hörmət etdiyi qədər, sən də ona hörmət etməlisən. Heç bir bəxşişdə səni qabaqlamağa imkan vermə, əgər qabaqlasa, bu yaxşılığının əvəzini çıx.

Səni sevdiyi qədər, sən də onu sev. Əgər bir günah etməyi qərara alsa, onu günahdan çəkindir. Onun üçün zəhmət və məhəbbət mənşəyi ol, onun əzabına bais olma".

Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə, xüsusən hörmət qoyulmalı kateqoriyalar göstərilib: "Ağsaqqala, Quran bilənə və ədalətli rəhbərə ehtiram qoymaq - Allahın cəlal və əzəmətinə hörmət etmək deməkdir".

İmam Sadiqdən (ə) nəql edilən hədisdə qonağa ehtiram, Uca Allaha hörmətlə bərabər tutulur: "Yanına gələn müsəlman qardaşına ehtiram göstərən kəs, əslində böyük Allaha hörmət göstərib".

Allahın Peyğəmbərindən (s) nəql edilir: "Ümmətimdən hansı bəndə öz din qardaşına mehribançılıq və məhəbbət göstərsə, Allah ona qulluq etmək üçün cənnət qulluqçularından bir qulluqçu göndərər".

İmam Sadiqdən (ə) nəql edilən buyuruşda, iki müdafiəsiz kateqoriyaya diqqət göstərməyin vacibliyi ehtiva edilir: "Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan - bizdən deyil".

Allahım, bizlərə bu buyuruşlardan ibrət götürməyi, həyatımızda tətbiq etməyi nəsib et!

Allahım, bizlərə mömin qardaşlarımızın haqlarını tanıyıb, riayət etməyi nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR