Düşənbədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Düşənbədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
15:28 17 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Düşənbə, 17 yanvar, AzərTAc
Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil edib.
Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm, mədəniyyət xadimləri, diplomatik nümayəndəliklərin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər mərasimdə iştirak ediblər.
Mərasimin keçirildiyi səfirliyin binasının foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend nümayiş olunub, iştirakçılara Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu paylanıb.
Əvvəlcə Qanlı Yanvar hadisələri ilə bağlı sənədli film göstərilib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar hadisələri barədə danışaraq bildirib ki, bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edən xalqımızın inamını, məğrurluğunu qırmaq məqsədini daşıyırdı. Lakin onlar buna nail ola bilmədilər, xalqımız daha da mətinləşdi, düşmən qarşısında əyilmədi.
Qeyd edilib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gələrək hadisələrə kəskin etirazını bildirdi. Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün mühüm tədbirlər gördü.
Bildirilib ki, Ümummilli Liderin siyasi kursunun davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf edir, iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu da o deməkdir ki, Azərbaycan gec-tez işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq.
Digər çıxış edənlər 20 Yanvar faciəsini törədənləri pisləyib, günahkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dusenbede_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_anilib-825509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR