“Qəbələ”nin baş məşqçisi: “Futbolçular yükün altından yaxşı çıxdılar”

“Qəbələ”nin baş məşqçisi: “Futbolçular yükün altından yaxşı çıxdılar”
17:27 1 Mart 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
“Report”un məlumatına görə, mütəxəssis, əvvəlcə görüş barədə fikirlərini bildirib.
-Həm bizdə, həm də “Zirə”də çətin durum var idi. Qış fasiləsindən sonra sərgilədiyimiz oyun qarşıda daha yaxşı nəticələr olacağına inam verirdi. Sadəcə, nəticə yox idi. Komandanın göstərdiyi futbol bizi qane edirdi və inanırdıq ki, bu vəziyyətdən çıxacağıq. Sevinirik ki, bu gün futbolçulardan istədiyimizi görə bildik.
-İkinci hissədə komandanın daha yaxşı olması üçün hansı tapşırıqlar verdiniz?
-Oyunu hissələrə bölə bilməzdim. Komandanın ilk yarıda göstərdiyi futboldan məmnun qaldım. Tapşırıqları fasiləyə qədər yaxşı icra etdilər. İkinci hissədə risk etməliydik. Komandanın üzərinə artıq yük düşürdü. Sevinirəm ki, futbolçular bu yükün altından yaxşı çıxdılar.
-Abdelrafik Jerarın oynamaması nə ilə bağlı idi?
-Məşqdə zədələnib. Buna görə meydana çıxmadı.
-Bu qələbə daha yaxşı nəticələr üçün başlanğıc ola bilərmi?
- Bu komandanın potensialı var, oynamağı bacarır. Qışa kimi də göstərmişdik ki, necə təhlükəli, baxımlı futbol oynaya bilirik. Fasilədə aparıcı futbolçularımızın bir neçəsi getdi. Yeni gələnlər elə dövrdə qoşuldular ki, onların adaptasiya olmasına vaxt lazım idi. Getdikcə daha yaxşı olacağımıza inanıram.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-bas-mesqcisi-futbolcular-yukun-altindan-yaxsi-cixdilar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR