Əli Abbasov: Azərbaycanın daha bir peykinin orbitə çıxarılması ötən il İKT sahəsində qazanılmış ən mühüm uğurdur

Əli Abbasov: Azərbaycanın daha bir peykinin orbitə çıxarılması ötən il İKT sahəsində qazanılmış ən mühüm uğurdur
15:38 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
AzərTAc xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər, o cümlədən dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlardan söz açıb.
Respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edən nazir uğurlu inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sektorunda da saxlandığını vurğulayıb.
Ötən ilin əsas uğurlarından danışan Ə.Abbasov qeyd edib ki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində daha bir peyk orbitə çıxarılıb. Yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin ölkəmizin milli peyk operatoru və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Bakutel-2014”-ün açılışında “Azərkosmos” ASC-yə təhvil verilməsi ilin əlamətdar hadisələrindən biridir.
Koreyanın Busan şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında ölkəmizin ilk dəfə olaraq BTİ-nin Şurasına üzv seçilməsini də uğurlar sırasına daxil edən nazir bunu beynəlxalq arenada ölkəmizin artan nüfuzu kimi dəyərləndirib. Bildirilib ki, respublikada İKT sektorunun sürətli inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsində beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycan öz mövqeyini ilbəil möhkəmləndirir. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrini, eləcə də Rusiyanı qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Habelə, BMT-nin “E-Hökumət müayinəsi 2014” adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə 28 pillə irəliləyərək 96-cı yerdən 68-ci yerə çıxıb.
Daha sonra kollegiya iclasında ötən il ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.
Məlumat verilib ki, 2014-cü ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2 faiz artaraq 1,7 milyard manatı ötüb. Hazırda ölkə əhalisinin 73 faizi internet, 55 faizi isə genişzolaqlı internet xidməti istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin, Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18 faiz, mobil abunəçilərin sayına görə isə 15,2 faiz üstələyir. 2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb. Eyni zamanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə yüksəlib və u göstəriciyə görə də Azərbaycan MDB ölkələri arasında ön sıralardadır.
Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə olunub.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə üzrə inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin icrasının vacibliyini diqqətə çatdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR