Aksizli məhsullar istehsal edən vergi ödəyicilərinə xəbərdarlıq edilib

Aksizli məhsullar istehsal edən vergi ödəyicilərinə xəbərdarlıq edilib
15:53 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Spirtli içkilər və tütün məmulatlarının satışı zamanı vergidən yayınma halları olur. Bu məhsulların istehsalı ilə məşğul olan bəzi müəssisələrdə kvota üzrə müəyyən edilən istehsal həcmi yerinə yetirilmir və təqdim olunan hesabatlarda istehsal həcminin azaldılması hallarına yol verilir. Bu fikirlər Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsal edən vergi ödəyiciləri ilə keçirilən görüş zamanı səsləndirilib.
Nazirlikdən AzərTac-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanununda Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi məsələsi müzakirə olunub.
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib ki, vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyicilərində nəzarət postları yaradılıb. Nəzarət postlarının fəaliyyəti Vergilər Nazirliyi tərəfindən müntəzəm nəzarətdə saxlanılır və nəticələr hesabat məlumatları ilə müqayisəli təhlil edilir. Ötən il ərzində aksiz markalarının tətbiqinə dair keçilən nəzarət işlərinin nəticələrinə toxunan İ.Əhmədov vurğulayıb ki, 1754 nəzarət aparılan obyektdən 897-da 10821 ədəd aksizsiz malların və 857 ədəd saxta aksizli malların satış məqsədi ilə saxlanıldığı aşkar edilib. Noyabr və dekabr aylarında aparılan vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisində xeyli və külli miqdarda saxta aksiz markasi ilə markalanmış və ya aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satış məqsədi ilə saxlanması faktı aşkar olunub. Həmin faktlar üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi başlanılıb.
Gələcəkdə oxşar hallara yol verilməməsi məqsədilə qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin, vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluq və qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlərin qurulmasının vacibliyi bir daha vergi ödəyicilərinin diqqətinə çatdırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR