Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlandı

Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlandı
15:54 17 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ötən il respublikamızın sərhəd-buraxılış məntəqələrindən 2269015 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana daxil olub”. Lent.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib. Onun sözlərinə görə,  ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823.620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.

F. Nəbiyev vurğulayıb ki, hesabat dövründə Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 91003 şəxs tərəfindən müraciət daxil olub. “Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, müraciətləri əsasında 51366 əcnəbi və vətəndaşlığı olmayan şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycanda müvəqqəti və 1859 nəfərə daimi yaşama icazələri verilib, 755 şəxsin müvəqqəti olma müddəti uzadılıb”.

Onun sözlərinə görə, ötən il 37608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. “Əsas olduğu üçün onlardan 3306 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 27683  nəfərin ölkə ərazisini tərk etmələri ilə bağlı qərar verilib  və 6431 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılıb”.

Dövlət Miqrasiya Xidməti tərəfindən hesabat dövründə 12000 əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 257 yoxlama aparılıb, 164-də inzibati pozuntu aşkarlanıb və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları üçün 2543 əcnəbinin ölkə ərazisindən kənara çıxarılması təmin edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR