20 Yanvar Misir mətbuatında

20 Yanvar Misir mətbuatında
16:33 17 Yanvar 2015
116 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin bu ölkənin “Akhbar al-yaum” internet səhifəsində məqaləsi dərc edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Ş.Abdullayev məqaləsində 1990-cı ilin 20 Yanvar tarixində Sovet ordusunun müxtəlif istiqamətlərdən, habelə dənizdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verib, Sovet ordusunun həyata keçirdiyi vəhşi hücumlarla öz quruluşunu xilas etməsi və Azərbaycan xalqının azadlıq əzminin boğması cəhdlərinin boşa çıxdığını vurğulayıb.

Səfir Sovet ordusunun əlində silah daşımayan dinc Azərbaycan əhalisinə qarşı törətdiyi vəhşiliklərin Azərbaycan xalqının yaddaşına dərin kədər hisləri ilə həkk olduğunu bildirib. O zaman Sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədinin Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 yanvar əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın yaralandığı barədə məlumat verən səfir qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu xüsusilə qeyd edib.

“Human Rights Watch" təşkilatı tərəfindən 20 yanvar hadisəsində Sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi məqalədə ayrıca qeyd edilib.

Məqalənin sonunda Ş.Abdullayev Sovet ordusunun törətdiyi dəhşətli 20 yanvar hadisəsinin ardınca Azərbaycan torpaqlarının 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu xüsusilə vurğulayıb.

Bu gün müasir Azərbaycanın surətlə inkişaf etdiyini söyləyən səfir ölkəmizin regional və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrildiyi barədə də geniş şəkildə məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR