Bakıda koronavirusun bata bilmədiyi bazardan reportaj - FOTO

Bakıda koronavirusun bata bilmədiyi bazardan reportaj - FOTO
16:32 9 Mart 2020
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Çindən başlayıb dünyaya yayılan yeni koronavirus hazırda ciddi iqtisadi  talətümlər yaratmaqdadır. Virusun yayılması səbəbindən bir çox şirkətlər fəaliyyətlərini dayandırdıqları, xeyli dövlətlər sərhədlərinə nəzarəti gücləndirdikləri üçün dünya ölkələrindəki bazarlarda ciddi qiymət oynaması müşahidə edilir. Azərbaycanda da ilk dalğada əsasən telefon bazarındakı qiymətlərdə artım müşahidə edildi. Eyni zamanda meyvə-tərəvəz bazarlarında da bəzi məhsulların qiymətləri bahalaşdı.

Milli.Az musavat.com-a istinadən bildirir ki, lakin Bakıda koronavirusun yeganə təsir edə bilmədiyi bir bazar var - "bit bazarı".

Bazarda olduğumuz zaman müşahidə etdik ki, burada yenə də sözün həqiqi mənasında köhnə mal, köhnə qaydalar işləyir. Bilməyənlərə öncə qısa arayış verək ki, illərdir ki, bu ərazidə fəaliyyət göstərən "cındır bazarı", "bit bazarı" kimi tanınan ərazi bu gün də necə varsa, elə də qalmaqdadır. Sovet dönəmində ruslar köhnə, işlənmiş əşyaları, geyimləri Bakıya gətirib, burada öz həmyerlilərinə satıblar. Sovet rejimi dağılsa da, bazar fəaliyyətinə davam edib və bu gün də orada köhnə, bəlkə də lazımsız əşyalar satılır. Bazarda köhnə mallar satıldığı üçün bura "bit bazarı" adı qoyulub.

Keçən il Sabunçu Vağzalı  və ətrafı yenidən quruldu. Aparılan işlərin, kanalizasiya xətlərinin yenilənməsinin nəticəsində yağışdan sonra sakinlərin görməyə vərdiş etdikləri "göl" də aradan qalxdı. Eyni zamanda ətrafda müasir obyektlər tikildi, iri mağazalar quruldu. Ancaq "bit bazarı" necə varsa, elə də saxlanılıdı.

Keçək əsas məsələyə- koronavirus bu bazara necə təsir edib?

Bazarda olduğumuz zaman 10 ildən çoxdur ki, burada al-ver etdiyini deyən Sahib adlı satıcı söylədi ki, onların dünyadakı proseslərlə heç bir əlaqəsi yoxdur:

"Burada köhnə çarpayıdan tutmuş, köhnə stəkan, nəlbəki, alt-üst paltarlar, hamam əşyaları satılır. Satılan malların 99 faizi köhnədir. bizim mal verənlərimiz xüsusi adamlardır. Onlar küçələrdə, zibil qutularının yanında atılan köhnə əşyaları gətirirlər, biz də satırıq. Camaata gülməli gələ bilər. Ancaq əslində bizim xeyli imkanlı müştərilərimiz var. Məsələn, adam var ki, qazanının qapağı qırılıb. Həmin adam gəlir, buradan qapaq tapır. Yaxud da kimininsə bahalı bir əşyasının hansısa hissəsi itibsə, qırılıbsa həmin hissəni buradan tapmaq mümkündür. Mən özüm çaynik, stəkan satıram. Stəkanın 1 ədədi 40 qəpikdir. Çayniki 1 manata, bir az böyük çayniki isə 2 manata satıram. Məndən mal alanlar daha çox fəhlələr, tikintidə işləyənlərdir. Yaxud da usta işlədən adamlar bura gəlib, usta üçün qab-qaşıq alırlar. Qaşıqdan söz düşmüşkən, gümüş qaşıq da satıram, 1 ədədi 3 manata. Bu qaşıqların 1 ədədinin təzəsi 15 manatdır. Koronavirusun adın eşitsək də, hələ ki, ətrafımızdan xəstələnən yoxdur. Bazarımıza da heç bir təsir etmir və edə də bilməz. Biz illərdir ki, eyni qaydada işləyirik".

Alıcılar bildirdilər ki, bazarda tez-tez oğurluq mallar da satılır. Ona görə də hansısa əşyası itən şəxs, ilk olaraq həmin əşyanı bu bazarda axtarır. Satıcılar söylədilər ki, bazarın ənənəvi satıcıları heç zaman oğurlq mal satmazlar. Yeni gələnləri də özləri təftiş edib, yoxlayırlar...

Bildirək ki, bazar yalnız həftə sonları işləyir. Axşam saat 17-18-ə qədər olan bazarda müştəri bolluğunun şahidi olduq. Lakin bazarda heç kim üzünün çəkilməyini istəmədiyi üçün həmsöhbət olduğumuz satıcıların fotolarını çəkmədik...

Bildirək ki, ümumilikdə bazarda bütöv nə isə tapmaq çətin məsələdir. Hər diləyin, əşyanın detallarına rast gəlmək mümkündür. Sınıq oyuncaqlar, köhnə ayaqqabılar bazarın ən çox satılan məhsuludur. Hətta qırıq nauşniklər, köhnə telefon sınıqlarına da rast gəlmək mümkündür ki, bunların da qiyməti 20 qəpik, ən bahası isə 1 manatadır. Bazarda tikintiyə aid yeni əşyalar satılır. Satanların sözlərinə görə əksəriyyəti Çin istehsalıdır. Ancaq Çindəki koronavirus bu məhsulları satanı da narahat etmir. Bildirir ki, evdə xeyli malı var. Hələ bir neçə ay bazara çıxa bilər: "Həmin mal qurtarana da Allah kərimdir. Ya virus ölər, ya da dollar".

Ümumiyyətlə, müşahidə etdik ki, bazarda tikintiyə aid istər köhnə, istərsə də yeni əşyaların qiymətləri çox da ucuz deyil. Satıcılar bunun səbəbini belə izah etdilər ki, sovet malı indiki mallardan daha keyfiyyətlidir. Ona görə də tələbat var, qiyməti də yeni istehsalın təzəsini qiymətindən çox az aşağıdır.

Öyrəndik ki, maya dəyəri olmayan malı satsalar da, buradakı satıcıların da xərcləri yox deyil. Belə ki, özlərinin sözlərinə görə bazarda 2 gün işləmək üçün yer pulu olaraq 4 manat verirlər. Ümumilikdə bazarda 1 aylıq yer pulu 16-20 manatdır. Xırda-xuruş əşya satanlara özlərinin dediklərinə görə güzəşt edilir.  

Ekspertlər bildirirlər ki, bu cür bazarlar bir çox köhnə şəhərlərdə var. Həmin bazarlardakı durum məlum olmasa da, Bakıdakı "bit bazarı" koronavirus təhlükəsindən çox uzaqdadır. Virus nə satıcıların səhhətinə, nə də mallarının qiymətinə təsir edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/832262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR