''Nefti yalnız qlobal iqtisadiyyatın durumu xilas edəcək, ona da virus göz açdırsa...'' -

Son illər neft bazarlarında əməkdaşlıq edən Səudiyyə Ərəbistanı ilə Rusiya arasında baş verən qarşıdurma nəticəsində neftin qiyməti kəskin şəkildə azalıb. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev, son 12 ildə neft birjalarında baş verən enişlərə iqtisadi aydınlıq gətirib.


''Son 12 ildə dünya neft birjaları 2 dəfə 2009-cu ildə, 2015-2016-cı illərdə kəskin şəkildə çalxalanmışdı. Bu 3-cü oldu. Əvvəlki hər 2 halda da neft indiki kimi 30 dollara qədər ucuzlaşmışdı. Son 3 qiymət enişi prosesini bir-birindən fərqləndirən, eləcə də oxşar cəhətləri var. 2008-ci il qlobal maliyyə böhranını real sektorun böhranına keçməyə imkan vermədilər. Doğrudur, 2009-cu cu ildə qlobal iqtisadiyyat 1.6% azaldı, bunun hesabına neftə qlobal tələbat da 1% ətrafında ixtisar oldu. Lakin aparıcı mərkəzi bankların misli görünməmiş səviyyədə pul inyeksiyası maliyyə böhranını səngitməklə onun real sektora təsirlərini zərərsizləşdirə bildilər. O zaman həm avro məkanında, həm də ABŞ-da uçot dərəcələri kifayət qədər yüksəki idi (3-5% intervalında), balansları optimal səviyyədə idi və genişmiqyaslı pul çapı üçün manevr imkanı vardı. Bunun nəticəsidir ki, ABŞ qısa müddətdə (4-5 il ərzində) uçot dərəcəsini 0.5%-ə qədər çəkə, çap maşınını işə salmaqla öz balansını 700 mlrd. dollatrdan 4.2 trln. dollara qədər artıra bildi.

Lakin 2014-də Rusiyanın Krımı işğal etməsi, 2015-də İranla razılaşma və sanksiyalaırn yumşaldılması neft bazarının yenidən çökməsilə nəticələndi. Həmin vaxt qlobal iqtisadiyyat neftin qiyməti üçün əlverişli idi - 2015-də neftə gündəlik tələbat 1.5 mln. barrel, 2016-da isə 1.2 mln. barrel artmışdı. Əlavə olaraq, qlobal iqtisadi artım müvafiq olaraq 2.8 və 2.5% təşkil etmişdi. Yenə həmin ərəfədə başqa qiyməti dəstəkləyici bir siyasi amil çıxdı ortaya - OPEC və Rusiya hasilatı azaltmaq hesabına qiyməti əlverişli həddə saxlamaq barədə razılığa gəlidlər. Faktiki olaraq son 4 ildə neft təklifinin tələbi üstələməsinə baxmayarq bu razılaşma neftin qiymətini 55-65 dollar intervalında saxlamağa imkan verdi.''

İndiki şəraiti əvvəlkilərdən fərqləndirən və onlara oxşadan hansı cəhətlərdir? Koronavirus baş verənlərə təkan oldu?

'' Bu dəfə qlobal iqtisadiyyatda böhran real sektordan başlayır.Bu da koronavirusun təklifi boğması hesabına baş verir. Real sektorun problemi tələbdən qaynaqlansa idi, vəziyyət daha əlverişli olardı. Çünki fiskal və monetar alətlərlə tələbi dəstəkləməklə iqtisadi artıma daha qısa zaman kəsiyində və effektiv təsir etmək mümkün olur. Artıq Beynəlxalq Energetika Agentliyi bəyan edib ki, 2020-ci ildə neftə gündəlik tələbatın 1.1 mln. barrel azalması realdır. Qlobal iqtisadi artım tempinin kəskin səzifləməsi və 2019-cu ildəki 3.2%-dən 1.8%-ə qədər düşməsi proqnozlaşdırılır.''

Gülbəniz Ağayeva.Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR