Neft dəyər itirir, manat ucuzlaşacaq? - AÇIQLAMALAR

Dolların qiymətinin qalxmasından sonra RusiyaQazaxıstan artıq hərəkətə keçib. Dünən qeyri-iş günü olmasına rəğmən Rusiyanın Mərkəzi Bankı və Maliyyə Nazirliyi açıqlama verərək bazardan valyuta alışını dayandırdıqlarının bildiriblər və ehtiyac olarsa valyuta satışını bərpa edəcəklərini qeyd ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. O deyib ki, Qazaxıstan hökuməti və Mərkəzi Bankı da açıqlama verərək zəruri qərarların qəbulu üçün baş nazirin rəhbərliyi altında qərargahın yaradılmasını bildiriblər.

''Hökumət artıq 2020-ci ilin büdcəsinə dəyişikliyə başlayıb. Aprelin əvvəlində dəyişilməsi nəzərdə tutulan büdcədə prioretet olmayan bir sıra xərclər, o cümlədən bahalı mebel, nəqliyyat vasitəsi alışı, seminarların, forumların keçirilməsinin məhdudlaşdırılması planlaşdırılır. Manatın ucuzlaşmasına heç bir halda yol vermək olmaz. Hətta 5 qəpik həddində də...''

Azərbaycanı gözləyən üçüncü böhran: qıtlıq, bahalaşma...

İqtisadçının sözlərinə görə artıq bu, Azərbaycanı gözləyən üçüncü böhran təhlükəsidir:

“Hökumət anti-böhran tədbirləri hazırlamalıdır. Hələ 2015-ci ildə dedilər “bizdə böhran yoxdur” və heç bir tədbir görülmədi. Yəni faktiki olaraq bizdə böhranın olması qəbul edilmədi və sadəcə manatın devalvasiyası kimi qiymətləndirdilər. Amma faktiki olaraq bankların üçdə biri bağlandı, iri şirkətlər fəaliyyətini dayndırdı, qiymətlər iki dəfədən çox bahalaşdı. Hələ indi-indi 2015-ci il böhranının nəticələri aradan qalxırdı ki, yeni böhran dalğası ilə üz-üzəyik. Düzdür 2015-ci il böhranından sonra yol xəritələri qəbul edildi. Amma onlar da əvvəlkilərlə müqayisədə mütərəqqi sənəd idi. Amma yol xəritələrinin özündə köklü islahatları ehtiva etmir. Hətta mükəmməl olan yol xəritələrinin icrası belə, natamamdır.

Bəs dolların qiymətinin qalxması Azərbaycanda manatın devalivasiyasına səbəb ola bilərmi?

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, 2019-cu ilin nəticələrinə əsasən qiymətləndirdikdə manatın 2015-ci ildəki kəskin ucuzlaşmasının ölkənin qeyr-neft ixrac potensialının (istər əmtəələr, istərsə də xidmətlər baxımından) güclənməsi, idxal asılılğının azaldılması ilə bağlı ciddi təsirləri olmadı. Tədiyə balansının qeyri-neft struktuna, qeyri-neft defisitinin dinamikasına baxın, mən deyəni aşkar görəcəksiniz.

'' Əksinə devalvasiya hər cür əmtəə və xidmət çeşidnin idxalından yüksək asılılığımız olduğu şəraitdə kəskin və dağıdıcı inflyasiya yaradır, qazancları manatla, öhdəlikləri xarici cinsdən olan valyuta ilə olan bütün subyektləri iflas zolağına salır. Devalvasiyaya getməkdənsə üzən məzənnəye keçidin tərəfdarıyam. Amma bunun üçün bir sıra siyasi, iqtisadi və institusional addımlar atılmalıdır. Dövlət satınalmaları ən yüksək səviyyədə şəffaflıq və hesabatlılıq təmin edilməli, bu sahəyə məsul agentlik avtonom olmalı və parlament qarşısında hesabat verməlidir; Əks mərkəzləşmə konsepsiyası qəbul edilib bölgələrin iqtisadi müstəqilliyi artırılmalıdır, maliyyə əksmərkzələşməsi baş verməlidir.Səmərəli fond bazarı formalaşdırılmalı, investisiya institutlarının fəaıliyyəti üçün əlverişli mühit olmalıdır.Uzada bilərəm siyahını, amma ehtiyac yoxdu. Üzən məzənnə xalis bazar mexanizmidir.''


Məsələyə münasibət bildirən "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev deyir ki,bu günə Azərbaycanın milli valyutanın məzənnəsində hər hansı bir dəyişiklik mövcud deyil. Banklar adi rejimdə işlərini davam etdirir və müştəriləri onların tələblərinə uyğun xarici valyuta ilə təmin edir.

''Müxtəlif ölkələrdə iqtisadiyyatın vəziyyəti müxtəlifdir və hər bir ölkə öz vəziyyətinə uyğun qərar qəbul edir. Banklara sadəcə bildirilib ki, hər bir müştərinin tələbinin ödənilməsi üçün qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görsünlər. Bu, birmənalı şəkildə bankların qarşısında duran vəzifədir və banklar bunu yerinə yetirməyə çalışırlar. Müştərilərdən də xahiş olunur ki, hər hansı bir təşvişin, növbələrin yaranmasına səbəb olacaq hərəkətlər etməsinlər və banklara adi rejimdə öz funksiyalarını yerinə yetirməsi üçün şərait yaratsınlar. Banklar öz funksiyalarını tam şəkildə yerinə yetirməyə borcludurlar və bunu edəcəklər. Banklar yalnız komplayns qaydaları çərçivəsində müştəriləri identifikasiya etməli və bu günə qədər mövcud olan qaydalardan kənar hər hansı bir yeni qayda tətbiq etmədən müştərilərə xidmət göstərməlidirlər", - ABA rəhbəri bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR