"Təhsil Nazirliyi ya kurikulumun oturmasını gözləyəcək, ya da yeni sistem tətbiq edəcək" - Ekspert

Artıq 11 ildir ki, Azərbaycanda kurikulum təhsil proqramı tətbiq edilir. Elə ilk illərdən bu sistem müzakirələrə səbəb olmuşdur. Əksər müəllimlər və valideynlər bu sistemin uşaqlar üçün çox çətin olduğunu iddia edirlər. Bu proqram həqiqətən effektsizdirmi? Kurikulum ləğv edilərsə, hansı təhsil prqramı ilə əvəz edilə bilər?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış təhsil eksperti Elçin Əfəndi saytımıza danışarkən bu təhsil proqramının effektini indi yox, bir neçə il sonra görə biləcəyimizi qeyd edib:

“Əslində kurikulum təhsil proqramı yenilikçi xüsusiyyətə malikdi. Sistematik olaraq tətbiqi və tətbiqindən sonra məhz kurikulum təhsili görmüş şəxslərin proqramı yönəltməsi vacib idi ki, indi bu qədər rezonans doğurmasın. Mən kurikulum sisteminin tərəfdarı idim, amma dediklərimin tətbiq olunmaması fikirmdən yayındırdı. Hal-hazırda biz kurikulumun səmərəsini yalnız 5-6 il sonra görə biləcəyik. Təbii ki, o vaxta qədər bu proqramdan imtina edilməsə. Niyə 5-6 il sonra səmərə görəcəyimizə qısa aydınlıq gətirim. Ona görə ki, hal-hazırda kurikulumun tətbiqindən sonra təhsil alan şagirdlər indi ali təhsil müəssisələrində bakalavr təhsili alırlar və onlar I kurslardır. Məhz pedoqoji istiqamətdə təhsil alanların ixtisasları üzrə fəaliyyətə başlaması inkişafa və kurikulumun anlaşılmasına gətirib çıxara bilər. Amma dediyim kimi bu uzun proses olduğu üçün o dövrə qədər yeni təhsil proqramına keçid ola bilər”.

Təhsil eksperti kurikulumun ləğv ediləcəyi halda “STEAM” təhsil proqramına keçid edə biləcəyimizi bildirib:

“Fikrimcə, gec olmadan bu proqramdan imtina edərək mövcud inkişaf etmiş ölkələrin təhsil proqramlarından birini indi tətbiq edə bilərik. Mən daha çox STEAM təhsil sisteminin tərəfdarıyam. Bu təhsil sistemi İsrail dövlətində yaranmış və kifayət qədər ixtisaslı, peşəkar şagirdlərin yetişməsinə əsas yardımçı bir sistemdir. Əgər STEAM təhsil proqramı tətbiq olmasa, o zaman Finlandiyanın sistemindən yararlanmaq olar. Biz istənilən halda ənənəvi metoda qayıda bilmərik. Çünki ənənəvi metod artıq geridə qaldı və müasir dünya ilə ayaqlaşmır. Ənənəvi təhsil alan şagird STEAM təhsilli birinin yanında olduqca aciz və cılız görkəm alır. Düşünürəm ki, Təhsil Nazirliyi iki yoldan birinə üstünlük verəcək. Ya mövcud proqramın tamamilə yerinə oturmasını gözləyəcək, ya da yeni təhsil proqramına üz tutacaq. Mən yeni təhsil proqramının tərəfdarıyam”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR